“Bir ağac-min nəfəs” ting paylama aksiyası davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “SOCAR PETROLEUM” QSC-nin birgə təşkilatçılığı ilə Sabunçu rayonunda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsinin qarşısında vətəndaşlara ağac tingləri hədiyyə edilib. SİA xəbər verir ki, ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə ekokönüllülər tərəfindən vətəndaşlara ağac tinglərinin əkilməsi və onlara qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.

Eyni zamanda, “Bir ağac-min nəfəs” devizi altında keçirilən aksiya çərçivəsində Masallı rayonu və Lənkəran şəhəri ərazisində fəaliyyət göstərən “Bazar store” marketlər şəbəkəsinin qarşısında da alıcılara ağac tingləri paylanılıb.

Qeyd edək ki, paylanılan ağac tingləri nazirliyin tinglik sahələrində yetişdirilir və paylanarkən hər regionun iqlim şəraiti nəzərə alınır. Aksiyalar Bakıda və bölgələrdə növbəti günlərdə də davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə