Masallıda narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə treninq keçirilib
Dünən, noyabrın 22-də Masallı şəhər Heydər Əliyev Mərkəzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə müşavirə və treninq keçirilib.
Müşavirəni açan Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov rayonda narkomanlığa qarşı mübarizə işinin təşkili və bu sahə üzrə keçirilən tədbirlər barədə məlumat verib.
Sonra treninqdə iştirak edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyi Narkoloji Mərkəzinin nümayəndələri — Vasif Quliyev, Şahin İsmayılov, Çərkəz Hüseynov, Seymur Quliyev, Asif Kəngərli, Tural Hüseynzadə, rayon üzrə müvafiq komissiyanın üzvləri ilə dəyirmi masa arxasında müzakirələr aparıb iştirakçılara metodiki kömək məqsədi ilə zəruri əyani təbliğat materialları paylanılıb.
Bundan əlavə, “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda Masallı rayonu üzrə ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün narkomanlıq probleminə dair treninq keçirilib.
Treninq iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı sertifikatlar və əyani vəsaitlər, eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı və digər zəruri məlumatları özündə əks etdirən metodik tövsiyələrə dair kitabça təqdim edilmişdir.
ƏLİHÜSEYN ŞÜKÜROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB