İnsanı cinayətə sürükləyən amillər hansılardır?- ARAŞDIRMA ARAŞDIRMA

Heç kim cinayətkar doğulmur. Dünyaya gələn uşağın gələcəkdə kim olması üçün məsuliyyəti ilk öncə ailəsi və cəmiyyət daşıyır. Arada düşünürsən, zahirən adi insan, niyə birdən ağır cinayət törədir? Bunu anlamaq çətindir. Son zamanlar müşahidə olunur ki, cinayət törədənlər arasında əqli cəhətdən sağlam şəxslər, hətta yeniyetmələr də var. Antisosial davranışın yaranmasında ailə mühüm rol oynayır. Qeyri-qanuni hərəkətlərə hansı amillər səbəb olur?

- həddən artıq və ya davamlı olaraq ailədə cəza tətbiq etmək

- ailədə ata rolunun olmaması

- uşağa qarşı həddən artıq yumşaq davranış

- valideynlərin lazımı situasiyalarda qeyri-ciddi yanaşması

- ailədə münaqişələr və s.

Təbii ki qanunazidd davranışın yaranmasında sosial şərait də rol oynayır. Bura ilk növbədə müxtəlif sosial problemlər daxildir. Misal üçün, sosial çevrilişlər, həyat səviyyəsinin aşağı olması. Şəxsi cinayət törətməyə təkan verən yeganə səbəb olmur. Amma onu da qeyd etmək istərdim ki, hər sosial problemləri olan da cinayət törətmir. Müxtəlif növ cinayətlərin törədilməsinin psixoloji səbəblərindən biri də insanın cəmiyyətdən təcrid olunmasıdır.

Şübhəsiz ki, öncə qeyd etdiyim kimi bunun başlanğıcı ailədən irəli gəlir. Bəzən görürsən ki, tam təminatlı ailədə uşaq özünü tək, lazımsız hiss edir. Sonra gəlir bağça, məktəb. Görürsən ki, burda da ətraf ilə münasibət formalaşmır, nə dostu olur, hətta neytral ünsiyyət də alınmır və gələcəkdə uşaqda “sosiopatiya” formalaşır, bu da zaman keçdikcə qapaılılıqdan açıq aqressiyaya gətirib çıxarır. Özünəgüvənsizlik, qorxular uşaq yaşlarından formalaşır.Valideynlər tərəfindən diqqətsizlik, çox ciddi cəza və ya yaşıdları tərəfindən aqressiya və s. bu fonda natamamlıq kompleksi və qorxu inkişaf edir. Gələcəkdə isə özünü təsdiq etmək üçün qanunazidd hərəkətlərə doğru addımlayırlar.

Aydın məsələdir ki, 6 yaşından tez antisosial davranış haqqında danışmaq mənasızdır. O yaşa qədər uşaq, sosial normalara uyğun davranışa nəzarət etmir. İlk dəfə uşaq məktəbdə həqiqətən sosial tələblər ilə qarşı-qarşıya durur, artıq davranış qaydalarına ciddi riayət edilir.

İbtidai siniflərdən başlayaraq antisosial davranış bu formalarda özünü biruzə verir:

- nizamsız davranış

- məktəb qaydaların və intizamın pozulması

- dərslərdə davamiyyətin pozulması

- evdən qaçmalar

- yalanlar

- oğurluq

12-17 yaşlarda qanunazidd hərəkətlər artıq ixtiyarı olur: oğurluq, xuliqanlıq. Cinayətkarın adətən cinayəti törətmək üçün müəyyən motivi olur. Bura qısqanclıq, paxıllıq, intiqam, kin aiddir. Elə şəxslər var ki, özünü ətrafdakılarla dostlarla, qohumlarla müqayisə edir. Və bu anda tamah hissi üstün gəlir. Belə situasiyalarda cinayətkar etdiyi hərəkəti ədalətin yerin tapması kimi qəbul edir və heç bir təəssüf hissi duymur. Ən çətin cinayətin səbəblərindən biri də psixi pozuntulardır. Çünki çətin sübut olunur, ətrafdakılar tərəfindən şübhə ilə yanaşılır.

Qeyri-qanuni hərəkətlərə səbəb olan anomaliyalar hansılardır:
- psixopatiya

- alkoqolizm

- nevrotik pozuntu

- kəllə-beyin travmaları

- intellektual çatışmazlıq

Cinayətin törədilməsi üçün müxtəlif səbəblər ola bilər. Hər bir halda kökündə cinayətin təməlində özünəgüvənsizlik durur. Təəssüf ki, insanlar özünü təsdiq üçün çox vaxt yanlış yol seçirlər. Unutmayaq ki, heç bir cinayət cəzasız qalmır.

Exspert Aydın Xan Əbilov: “XXI əsrin çox maraqlı həyat tərzi var və bu həyat tərzləri nəinki bizim adi həyat ritmimizə, eyni zamanda həmdə müxtəlif problemlərlə bağlı həyat tərzimizə də təsir edib. Bunlardan biri də cinayətkarlıqla bağlıdır. İnsan niyə cinayət işləyir? Bunun səbəbi nədir? Əvvəllər belə idi ki, bank soymaq, hər hansı bir idarəyə girib orada kassanı sökmək, oğurluq etmək asan idi, toylarda mübahisələr zamanı sonda problem olmurdu. Əgər bu məsələlərdə birbaşa şikayət olmurdusa bunu heç kim bilə bilmirdi. Lakin, indi dünyanın hər yerində olduğu kimi Azərbaycanda da hər yerdə təhlükəsizlik kameraları və hər kəsdə də mobil telefonun kamerası var. Əgər əvvəllər maşın oğurluğu, təkər açmaq, kiminsə çantasını alıb qaçmaq, insanları öldürmək halı həddindən artıq çox idisə, indi bunlar azalıb. Cinayətin özünün fəlsəfəsi, forması, texnologiyası dəyişilib. Təsəvvür edin ki, keçmişdə cinayət ən çox siyasi məsələlərə, ictimai hadisələrə, pul qazanmaqa, çox az miqdarda isə insanlara qarşı olurdu. İndi isə tam əksinə sistemləşdirilmiş, virtuallaşdırılmış, şəbəkələşmiş cinayət hadisələrini görürük. Bu da daha çox narkotik və uyuşdurucu maddələrin satışı, dini şəbəkələrə qoşularaq digər dövlətlərdə hansısa din xadiminin çağırışına uyub müharibə aparmaq, Azərbaycan qanunvericiliyinə zidd olaraq dini şəbəkələr yaratmaq və eyni zamanda fərdə qarşı yönəlik hadisələrdir. Bu da eyni zamanda yaxın insanların çevrələri tərəfindən zorlanan qız və oğlan uşaqları, hansısa bir məqsədə görə, daha çox pula görə, öz atasını, anasını, nənəsini və s. mütəşəkkil dəstə yaradaraq öldürüb, evi yandıranlar kimi cinayətlər “dəbdədir”. Əlbəttə ki, bu cinayətin üstü əvvəl-axır açılır. Törədilən bütün cinayətlərin 100%-i dəqiq bilinir, yəni ən azı bir neçə kameraya düşürsən və yaxud həmin cinayəti yaxınlıqdakı insanlar görür. Lakin, bu cinayətlərin 90%-ə yaxın da açılışı vardır. Əvvəllər yadınızdadırsa, müharibə vaxtı fərarilik edənlər və yaxud müharibə zamanı satqınlıq edənlər də cinayət etmiş sayılırdı, amma bunlar son 44 günlük möhtəşəm müharibədə demək olar ki, aradan qaldırıldı və biz belə bir halla qarşılaşmadıq. İnsanı cinayətə bir neçə məsələ sürükləyir. Birincisi cinayət məsələlərinin özünün motivasiya olunması, yəni verlişlərdə, filmlərdə, sosial şəbəkələrdə cinayət aləminin adamlarının, lotuların dəbə mindirilməsi, ümumi dəb halına salınması və yeniyetmələr, gənclərin bu dəbə uyması olur. Baxın biz nə qədər səkkiz güşəli ulduzu çiyninə tato edən, sosial şəbəkələrdə bu kimi şəkilləri profilinə yayan uşaqlarla rastlaşırıq. Baxırsan burnunun suyu axır, amma vor aləmindən danışır. İkinci səbəb isə sosial məişət vəziyyətidir. Məsələn, qanun üçün iki çörək oğurlayan şəxslə, kiminsə evini oğurlayan şəxs arasında elə də böyük fərq yoxdur. Halbuki, bilirsiz ki, buna diqqət yetirmək lazımdır. Yadıma gəlir ki, bir çox mağazada yaşlı bir qadını oğurluq üstündə biyabr edən supermarket sahibi nə qədər ictimai qınağa səbəb oldu. Bunlar əslində cinayət sayılmır, xırda xuliqanlıq sayılır. Lakin, istər-istəməz qanun deyir ki, bunlar da cinayətdir. Növbəti səbəbi isə cinayətkar mütəşəkkil dəstəni göstərək. Uyuşdurucu maddə, narkotik satmaq üçün gənclərin, xüsusən də işləmək istəməyən, burjua təfəkkürlü dəstələrin yaranması və bunların törətdiyi dəhşətli cinayətdir. Məişət zorakılığı ilə bağlı cinayət faktlarına, insanların mülkiyyətinə təsir edə biləcək cinayət faktlarına tez-tez rast gəlirik. Baxırıq ki, bu kimi cinayətləri törədənlər işsiz, tənbəl, heç bir yerdə təhsil almayan, çalışmayan, lotereyada milyonlar qazanmaq istəyən gənclərdir. Bunlar kinoların, serialların, internetin təsiri ilə tezbazar, işləmədən, çalışmadan varlanmaq istəyirlər. Bu istək də gəncləri, yeniyetmələri, uşaqları cinayətə sövq edir. Ən əsası da ağır cinayət faktları ilə bağlı bizdə ağırlaşdırıcı cəza sistemi yoxdur və yaxud bu sistem çox zəif işləyir. Məhz hüquq məhkəmələrində olan rüşvətxorluq bu kimi cinayətkarların xilas olmasına səbəb olur. Cinayət hallarının bir çoxu nəqliyyat vasitələri ilə bağlıdır. Bilirsiz ki, bizdə maşınlar həddindən artıq çoxalıb, yollarımız dardı və tez-tez insanların vurulması halında olan qəzalar, içkili maşın sürmə kimi hallar da cinayət faktları arasında sayılır. Növbəti cinayətkarlıq isə virtual cinayətkarlıqdı. İnternet əməliyyatları, kartların oğurlanması, hətta nəinki adi Azərbaycan vətəndaşının, xaricdən gələn vətəndaşlarla birlikdə bu cinayət faktlarının törədilməsini biz görürük. Bu da yenə də tez pul qazanmaq kimi hərisliyin nəticəsidir. Dövlət Başçımızın humanistliyindən irəli gələrək xırda xuliqanlıq cinayət faktları törədən insanlara qarşı amnitsiya, əfvetmə hallarının olması əslində insanları tərbiyələndirməlidir. Lakin, biz görürük ki, bəzi insanlar qudurğanlıq edirlər və yenidən cinayət halları törədirlər. Onların təkrar törətdiyi cinayətlərə görə çox sərt bir mübarizə forması olmalıdır. Təsəvvür edin ki, biz işləyirik və maaş alırıq, vergi ödəyirik. Bu vergi, bizə qarşı cinayət törətmiş şəxslərin həyata yenidən başlaması üçün istifadə olunur. Bəli, bu da lazımdır, amma bunun effekti çox azdır. Məsələn cinayət törətmiş şəxsi həbs edirlər, həbsdən sonra bu şəxsi buraxırlar və 700-800 manat pul verirlər ki, gedib öz işlərini qursun. Ancaq bu şəxs təkrarən bir də cinayət törədir. Bəlkə də bunun fəlsəfəsi düzgün deyil, ona görə də bu hallar həmin şəxsin təkrar cinayət işləməsi üçün motivasiya verir. O cəmiyyətdə ki intellektual səviyyə aşağıdır, təhsilə, elmə maraq azdır, mədəniyyətə, estetik və humanitar intellektual sahələri dəbə gətirilməyib, orada cinayət halları get-gedə artır. O cəmiyyətlərdə ki bu keyfiyyətlər çoxdur, yüksək səviyyəli, oturuşmuş insanlardan ibarət cəmiyyət quruculuğu var, orada cinayət halları çox az olar”.

Psixoloq Aytən Ələkbərova: “Təbiidir ki, bunlar apardığımız metodların içərisində və bu günə qədər söhbət etmiş cinayət törədən və cinayət törətməkdə hələ də iddialı olan insanlar olubdu ki, yəni qarşımıza çıxan insanlardan məsəl götürək, hər hansısa bir xəyanət üçün deyir ki, “mümkün deyil gec ya da tez mən onu öldürəcəm” və biz onu yoldan necə çəkidiririk ki, bu məsələ ölümə doğru getməsin. Hətta fiziki zərərlə öldürməsə də bəzən baxırıq ki, psixoloji təsir göstərərək, yəni psixi zorakılıq edərək o insanı ölümə belə məruz qoymağa çalışan insanlardır. Araşdırmalar göstərir ki, bu, kişilərdə daha çox önə çıxıb. Eksperiment prosesində adamların davranışını psixoloji cəhətdən izah etmək çətin deyil. İzahatdan asılı olaraq onların inyeksiya, yəni sanki bir iynəni dəri altına necə yeritmək məsələsidir. Yəni münasibətin müxtəlif olduğuna görə, bu eksperiment bir epizoddur. Gəlin təsəvvür edək ki, hər hansısa bir insan, məsələn, zərurət səbəbindən uzun müddət psixotrop dərmanları qəbul edir və bu onun özünə verdiyi qiymətlərə, özünə münasibətinə, onun gerçəklik haqqındakı təsəvvürlərinə təsir göstərirmi? Baxın, cinayət də buna bənzəyir. Həmin zaman biz məsələyə ümumi şəkildə yanaşsaq burada iki halın da mümkün olduğunu görə biləcəyik. Çünki, cinayəti törədən bir şəxs, affekt vəziyyətində olduğundan bir tək cinayəti törətmir. Planlaşmış cinayətlər olur, hansı ki, bu planlaşmış cinayətin içində insan, öncədən bunun planını qurur, “bu formada təsir edəcəm, bunu edəcəm, öncə özümü daha yaxşı ona göstərəcəm” və bir də görəcəyik ki, insan artıq bu cinayəti törətdi. Biz bunları sonradan korreksiya edərkən deyirik ki, “mən bunu az çox hiss etmişdim, deyəsən burada bu məqam idi”. Hətta bunu bizə cinayət törədən insanın ən yaxınları belə danışdığı bir məqam olur ki, deyirlər ki, “Aytən xanım onun o baxışındakı nifrəti, ondan zərbə gələcəyini hiss edirdim, bilirdim”. Bu artıq orqanizmin fərdi xassələri sistemidir və eyni zamanda fərdi-psixi xassələr sistemidir. Bunlar psixodinamik, şəxsiyyətin psixi xassələridir, sosial-psixoloji-fərdi xassələrdir, sosial qrup və kollektivlərdə sosial rollardır. Biz bunları araşdırdıqca baxırıq ki, artıq bir insanı cinayətə sürükləyən, onun alt şüurunda yerləşən, bəzən də bilərəkdən törədilən cinayətlər uşaqlıqdan onun yaşadığı travmadan asılı olaraq həmin bir məqamda olur. Ümumiyyətlə psixoloji məsləhət və yardım xidməti bir çox ölkələrdə hələ yeni formalaşır. Bu cinayətin törəməsi də hətta Dostoyevskinin “Cinayət və cəza” əsərində də bunu rahatlıqla görmək olur. Əsəri oxuyanlar artıq bilirlər cinayətin motivi burada hansı formada gedir, hansı hüquq psixologiyasından daha düzgün istifadə olunur ki, cinayət törədən şəxsin psixoloji amillərini önə çıxara bilsin”.

Psixoloq Fərqanə Mehmanqızı: “Burada bir çox səbəblər var ki, onlardan biri də genetik faktorlardır ki, əslində qətl törətmiş, ağır cinayət törətmiş cinayətkar və hətta oğurluğun özü belə genetik faktor kimi qeyd oluna bilər. İkinci fakor isə uşaqlıqda yaranan travma, ilk növbədə özünü eqoizmdən, ətrafa qarşı aqressiya ilə göstərə bilir. Lakin, elə cinayətkarlar da var ki, sosial cəmiyyətdə özünü doğru göstərə bilir, münasibətlərə çox rahat girə bilir və ətraf mühit də onun cinayətkar olduğunu anlamır. Bu insanlar bədən dilindən çox yaxşı istifadə edə bilir, empatiya bacarığı ilə insanları idarə edə bilir və qurbanlarını xüsusi olaraq seçir. Elə insanlar da var ki, uşaqlıqdan elə bir travma yaşayırlar ki, onlarda ətrafa qarşı aqressiya yaranır və daxillərində əslində öz “mənlərini” tapa bilmirlər. Onlarda eşidilməmə, anlaşılmazlıq qorxusundan yaranan aqressiyalar var ki, bu aqressiyalar onları cinayətə sövq edir. Cinayət isə özü bir nəticədir, onların içlərindəki o psixopat ruhları üzə çıxarmaq üçün bir nəticədir. Burada dediyim kimi uşaqlıq travmaları, genetik faktorlar əsas rol oynayır. Bilərəkdən və bilməyərəkdən baş verən cinayətlər var. Elə hadisələr də olur ki, məsələn həmin adam cinayət edir və sonra düşünür ki, o, bu cinayəti edə bilməzdi, amma etdi. Deməli şəraitə uyğun olaraq genetik faktor özünü göstərir. Bunun müxtəlif səbəbləri var və əsas səbəb isə sevgisizlik, diqqətsizlik, qayğısızlıq və özünü assosial hiss etmədir”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...