Rasim Quliyevin növbəti məhkəmə prosesi oktyabrın 25-də davam etdiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin məhkəmə prosesi davam etdirilib. SİA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin suallarını şahid, "FF" Mənzil Tikinti Kooperativinin rəhbəri Tamella İbrahimova cavablandırıb.

O qeyd edib ki, o Rasim Quliyevin sərəncamından əvvəl tikinti işlərinə başlayıb: "2012-ci ildə mənə bina tikməyə icazə verilib. 2013-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti Dilarə Əliyeva 145-dəki sakinləri köçürərək evləri sökməyə başladı. Daha sonra binanın ərazisi torlandı və tikintiyə başladıq. Amma bir müddətdən sonra şəhərin baş memarı Akif Abdullayev əraziyə gələrək tikintini saxladı. Bildirdi ki, tikinti ilə bağlı problem var, bir müddət saxlayın, müzakirələr aparırıq.

Sonra icra hakimiyyətinin adamları gəlib tikinti sahəsindəki armaturları söküb apardılar. 2015-ci ildə yenidən bizə icazə verildi və biz binanın bünövrəsini tökməyə başladıq. 2017-ci ilə qədər binanın 5-ci mərtəbəsini tikib qurtarmışdıq. 2 mərtəbə zirzəmi, 3 mərtəbə də bina. 2018-ci ildə artıq 6-cı mərtəbənin tikilməsinə başladıq. 2018-ci il oktyabrın 14-də mən Türkiyəyə əməliyyata gedirdim. Noyabrın 5-də əməliyyatdan qayıdanda bina tikilirdi. 2018-ci ilin dekabrında hələ iş gedirdi. Rasim Quliyevin sərəncamı isə 2018-ci ilin oktyabrında ləğv edilib. Amma ondan sonra tikinti gedirdi".

Rasim Quliyev bildirib ki, onun sərəncamı ləğv edilib. Amma ondan sonra tikinti davam etdirilib.

Tamella İbrahimova isə deyib ki, Rasim Quliyevin sərəncamı ləğv ediləndə ona bu barədə məlumat veriblər: "Mənə bu barədə məlumat verdilər. Mən bildirdim ki, o sərəncamın mənə aidiyyəti yoxdur. Mən tikintiyə Rasim Quliyevin sərəncamından əvvəl başlamışam, sərəncam ləğv ediləndən sonra da mən bir il tikinti aparmışam, heç kim də mənə heç nə deməyib. Mənim işimi pandemiya başlayanda saxladılar".

Daha sonra prosesdə sənədlərin tədqiqinə başlanılıb.

Hakim bildirib ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və müavin Qurban İsmayılov ibtidai istintaqda dindirilib. Hər iki şəxs bildirib ki, binanın tikilməsi, tikintinin dayandırılması ilə bağlı onlara heç bir məlumat verilməyib. Onlar bildiriblər ki, həmin bina Nəsimi Rayon İcra Hakimiyyətinin balansında olmayıb.

Hakim deyib ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə Rasim Quliyev icra hakimiyyətinin birinci müavini səlahiyyətlərinin icrasına başlayıb.

Rasim Quliyev qeyd edib ki, ondan müavin səlahiyyətlərinin müvəqqəti icrası üçün ərizə alınıb ki, etiraz etmir: "Mən vəzifə səlahiyyətlərinin müvəqqəti icrasını həyata keçirmişəm. Mən səlahiyyətləri müvəqqəti icra etmişəm. Vəzifə icrası başqadır, səlahiyyətlərin icrası başqa. Mən müavin vəzifəsini icra etsəydim, gərək mənimlə müavin kimi əmək müqaviləsi imzalanaydı. O da yoxdur. Tikintiyə sərəncamı isə mən hazırlamamışam, memarlıq hazırlayıb gətirib, mən qol çəkmişəm".

Proses oktyabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 və 314-2.3-cü maddələrl ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...