Ekoloji problemlər: Səbəbləri, nəticələri və çıxış yolları - ARAŞDIRMA
Ekoloq: “Ekologiyanı korlayanlar, ağacları qıranlar, havanı, suyu zəhərləyənlər ciddi cəzalandırılmalıdır”
XXI əsrin ən böyük problemlərindən biri də texnogen inkişafın daha böyük miqyasa çatması və bunun nəticəsində təbiətə təzyiqin yüksək templə artmasının doğurduğu problemlərdir. Başqa sözlə, ekoloji böhranın yaşanmasında antropogen təsirlərin rolu ən yüksək həddə çatıb ki, bu da özünü anormal iqlim şəraitində, təbii fəlakətlərin artmasında və ərzaq məhsulları istehsalının aşağı düşməsində göstərir. Artıq əksər dövlətlər bu nəticələrin aradan qaldırılması üçün böyük qüvvə sərf etməyə məcbur olurlar. Azərbaycan hökuməti də ekoloji problemlərin həll edilməsi üçün müxtəlif tədbirlər həyata keçirir. Buna baxmayaraq, respublikada ekoloji problemlər öz aktuallığını itirmir. Bəs ölkəmizdə ekoloji problemlərin əsas mənbəyi nədir- qlobal ekoloji proseslər, yoxsa lokal təsirlər? Bu yazıda bu suala cavab tapmağa çalışacağıq.
Hazırda Azərbaycanda əsas ekoloji problemlər bunlardır;
- Su ehtiyatlarının çirkləndirilməsi və su mənbələrinin azalması,
- Sənaye müəssisələri və avtonəqliyyatın atmosferi çirkləndirməsi;
- Kənd təsərrüfatı üçün yararlı torpaqların sıradan çıxması;
- Tullantıların tələb olunan səviyyədə idarə olunmaması;
- Biomüxtəlifliyin, meşələrin, flora və faunanın qorunmaması.
Su hövzələrinin çirklənməsi
Azərbaycanda əhalinin içməli suya olan tələbatını ödəmək üçün potensial baxımdan kifayət qədər yeraltı su ehtiyatı yoxdur. Respublikanın yerüstü su hövzələrinin də çirklənmə dərəcəsi yüksəkdir. Bu problem həm qonşu ölkələrdən gələn çayların orada çirklənməsi ilə bağlıdır.
Əsas təbii su hövzəsi olan Xəzər dənizinə bütün mənbələrdən ildə təxminən 12 mlrd. kub.m çirklənmiş sular axıdılır ki, bunun da 80 faizi Rusiyanın payına düşür. Azərbaycan ərazisindən isə, dənizə hər il 250 mln kub.m-dən artıq çirkli su axıdılır. Nəticədə Bakı buxtasında 60 mln. kub.m-dən çox çirkləndirici maddələr toplanıb.
Kürün suyunun 74 %-i isə Gürcüstan və Ermənistan ərazilərindən formalaşır və həddən artıq çirklənməyə məruz qalır. Hesablamalar göstərir ki, Kür çayı hövzəsinə Ermənistandan (Arazla) ildə orta hesabla 300 mln.kub.m, Gürcüstandan 265 mln.kub.m, Azərbaycandan isə 25 mln.kub.m çirklənmiş su atılır və nəticədə Kür çayı suyunun mis, sink, fenol, neft məhsulları və s. zərərli maddələrlə həddən artıq çirklənməsi müşahidə edilir.
Bundan başqa, təmizlənməmiş təsərrüfat-məişət çirkab suları ilə çaya ildə 40 min ton üzvi maddələrin axıdılması oksigenin biokimyəvi istifadəsinin kəskin artmasına səbəb olur. Kür çayında fenolların miqdarı normadan 10 dəfə, karbohidrogen isə 36 dəfə artıqdır.
Atmosferin çirklənməsi
Ölkəmizin atmosfer havasının vəziyyətinə gəldikdə isə, onu qeyd etmək lazımdır ki, təxmini hesablamalara görə, hər il sənaye müəssisələri və yanacaqla işləyən nəqliyyat vasitələri tərəfindən atmosfer havasına 1 milyon tondan artıq zərərli maddələr atılır. Bunun yarısı sənaye müəssisələrinin, digər yarısı isə avtonəqliyyat vasitələrinin payına düşür.
Bakı şəhərinin atmosfer havasına yarım milyon tondan artıq zərərli maddələr atılır ki, bu tullantıların da təxminən 30 faizi sənaye müəssisələrinin, 70 faizi isə avtonəqliyyat vasitələrinin payına düşür.
Qeyd etmək lazımdır ki, atmosfer havasını çirkləndirən əsas mənbələr neftçıxarma, neft emalı, neft-kimya və energetika müəssisələri və avtonəqliyyatdır. Stasionar və səyyar mənbələrdən atmosferə əsasən bərk toz hissəcikləri, karbon oksidləri, azot oksidləri, kükürd oksidi, karbohidrogenlər və digər uçucu kimyəvi maddələr atılır.
Müəssisələrin çoxunda filtrlər, təmizləyici qurğular ya yoxdur, ya da tez-tez dəyişilmir. Tikinti sahələrinin həddən artıq çoxalması və sıxlığı, avtomaşınların sayının artması kimi hallar vəziyyəti daha da kəskinləşdirir.
Torpağın deqradasiyası hansı səbəblərdən yaranır?
Azərbaycanın 8,6 milyon hektar ümumi torpaq fondunun yalnız 4,3 milyon hektarı və ya 50 faizi kənd təsərrüfatına yararlıdır. Yararsız torpaqlarda eroziya, şoranlaşma, bataqlıqlaşma, kimyəvi çirklənmə və s. proseslərin təsiri nəticəsində deqradasiya gedib.
Torpaqların bu faktorun təsirinə məruz qalmasının əsas səbəbləri respublikanın təbii iqlim şəraiti ilə yanaşı, son 30 il ərzində davam edən təsərrüfatsızlıq, sistemsizlik, əkinçilik mədəniyyətinin aşağı səviyyədə olması, meşə və yaşıllıqların qırılması və s. kimi antropogen amillərdir.
Respublikanın 1,3 mln. ha torpaq sahəsi şoranlaşmaya məruz qalıb və bunun tam yarısı suvarılan sahələrdir. Kolektor-drenaj xətlərinin bərbad vəziyyətdə olması, torpaqların relyefi, meliorativ xüsusiyyətləri, şoranlaşma dərəcəsi, qrunt sularının səviyyəsi və s. faktorlar nəzərə alınmadan sututarların tikilməsi, daşqınlar kimi amillər həmin torpaqların şoranlaşmasına və əkin dövriyyəsindən çıxmasına gətirib çıxarıb.
Dağ-mədən işləri, intensiv şəhərsalma və digər antropogen təsirlər nəticəsində 30 min hektardan artıq torpaq korlanıb sıradan çıxıb. Bunun təxminən 15 min hektarı neftlə çiklənib. Qalan yarısı isə, kimya sənayesi tullantıları, suvarma kanallarının çöküntüləri, faydalı qazıntı yataqlarının istismarı, tikinti və komunal müəssisələrinin və dağ-mədən tullantıları ilə çirklənib sıradan çıxıb.
Tullantıların idarə olunması səviyyəsi qənaətbəxşdirmi?
Dünya miqyasında mövcud problemlərdən biri də ətraf mühitin davamlı üzvi çirkləndiricilər və ağır metallarla çirklənməsinin minimuma endirilməsidir ki, bu, respublikamız üçün də olduqca aktual olub, həlli vacib problemlərdəndir. Bu növ çirklənmənin əsas mənbələri neft emalı, neftkimya, kimya, energetika, tikinti materialları istehsalı, avtonəqliyyat, kənd təsərrüfatında pestisidlərin tətbiqi və tullantıların yandırılması kimi proseslərdir ki, bu mənbələrdən ətraf mühitə dioksinlər, furanlar, bifenil və ağır metallar atılır.
Adı çəkilən birləşmələr təbii mühitə, o cümlədən insan sağlamlığına uzunmüddətli neqativ təsir göstərən havada uzun müddət asılı qalan, çətin parçalanan və tərkibində zəhərli birləşmələr olan təhlükəli maddələrdir.
Yeri gəlmişkən, Balaxanıda inşa olunan bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodlarının fəaliyyətə başlamasından sonra bu sahədə vəziyyət xeyli yaxşılaşıb. Bu işin digər şəhərlərdə də tətbiqinə çox böyük ehtiyac var.
Əhali tərəfindən meşə ehtiyatlarına təzyiq artıb
Son 30 ildə ölkəmizin meşə təsərrüfatı daha bir ağır problemlə üzləşib. İşğalçı Ermənistan tərəfindən ölkəmizə qarşı edilən təcavüz nəticəsində meşələrimizə sağalmaz yara vurulub. Ermənistanın təcavüzü nəticəsində 251 min ha (və ya meşə ilə örtülü sahənin 25%-i) meşə sahəsi 30 il ərzində işğal altında qaldığından, 10,2 min ha meşə sahəsi təsərrüfat dövriyyəsindən çıxıb. İşğal altında qalmış meşələrimiz vəhşicəsinə qırılıb talan edilib. Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib aparılması biomüxtəlifliyin pozulmasını kritik həddə çatdırıb.
Qeyd etmək lazımdır ki, son 30 il ərzində əhali və ağac emalı müəssisələri tərəfindən meşə ehtiyatlarına təzyiqin artması müşahidə olunur. Respublikanın mərkəzində sipər rolunu oynayan Kürqırağı Tuqay meşələrinin 75-80 %-i məhv olub; dağ və dağətəyi meşələr sistemsiz qırılıb sıradan çıxır. Təbii bərpa edilmə imkanları ciddi surətdə məhdudlaşır (qanunsuz olaraq mal-qara otarılması, normadan artıq antropogen təsir) və nəticədə Azərbaycanın əvəzedilməz yaşıl örtüyünün gələcəyi itirilmə təhlükəsi qarşısında qalır.
Bu istiqamətdə Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Lakin mətbuatda tez-tez yayılan materiallar göstərir ki, problemin qarşısı tam alına bilmir. Çünki, kəndlərin bir hissəsi qazlaşdırılmayıb. Üstəlik, nəzarətin zəif olması meşələrin tikinti və yanacaq məqsədilə qırılmasına, yanğınların baş verməsinə gətirib çıxarır.
Nəzarət, cəzalandırma, stimullaşdırma və maarifləndirmə
Qeyd etmək lazımdır ki, ölkədə ekoloji problemlərin həllində ictimaiyyət əsasən qeyri-hökumət təşkilatları vasitəsi ilə iştirak edir. Bəs belə təşkilatlar bu sahədə nə işlər görə bilir?
Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Quliyev deyir ki, dövlətin bu sahədə ciddi işlər görməsi vacibdir, lakin vətəndaşlar özləri də ekoloji problemlərə gətirib çıxaran əməlləri etməməlidir: “Biz ötən illərdə Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) maliyyə dəstəyi ilə layihələr həyata keçirmişik. Jurnalistlər ölkənin 4 müxtəlif ekodəhlizinə səfər edib, dağlıq və meşəlik bölgələrdə çadırlarda məskən salıblar, monitorinq keçiriblər. Monitorinq müddətində KİV nümayəndələri mövcud vəziyyəti öz gözləri ilə görüb yazılar hazırlayıb dərc etdiriblər”.
Ekspert deyir ki, meşələrdə heyvanların otarılmasına son qoyulmalıdır. Heyvanlar yeni pöhrələri yeyir və meşələrin cavanlaşması prosesi dayanır. Artıq bir çox ərazilərdə keçəlləşmə gedir. Üstəlik, mebel fabrikləri meşələri gizlicə qırırlar, bahalı ağacları kəsib mebel düzəldib satırlar”.
C.Quliyevin fikrincə, nəzarət artırılmalı, cəzalar yüksəldilməli, stimullaşdırıcı və maarifləndirici tədbirlər görülməli, bununla paralel isə maarifləndirmə aparılmalıdır. “Ekologiyanı korlayanlar, ağacları qıranlar, havanı, suyu zəhərləyənlər ciddi cəzalandırılmalıdır. Bütün ucqar kəndlərə qaz çəkilməlidir ki, meşələri qırmasınlar. Bunların heç biri təklikdə problemi həll etmək gücündə deyil”.
Görülən işlər yaxşıdır, sadəcə, bu işləri daha da böyütmək lazımdır
Dövlətlə yanaşı, bu işə qeyri-hökumət təşkilatlarının da töhfə verməsi alqışa layiqdir. Bir çox ictimai təşkilatlar, fondlar ekologiyanın qorunması, sağlamlaşdırılması işinə töhvə verir. Xüsusən də, son dövrlərdə Heydər Əliyev Fondunun, İDEA-nın həyata keçirdiyi işlər nəticəsində xeyli yaşıllıq sahələri salınıb, biomüxtəlifliyin qorunması işinə diqqət verilir.
Qlobal iqlim dəyişikliklərinin getdiyi, dünya meşələrinin çox nəhəng miqyaslarda yanması (və ya yandırılması), içməli su ehtiyatlarının azalması şəraitində ölkəmizdə sağlam təbii mühit formalaşdırmağa çalışır. Dövlət isə qoruqların, milli parkların sayını və ərazisini genişləndirməklə, meşələrin qorunması işini gücləndirməklə, ekoloji normalara tələbləri artırmaqla və sair tədbirlərdə qlobal ejkoloji böhrandan ölkəmizin zərər çəkməməsinə və sağlam təbii mühitin formalaşmasına çalışır.
Media isə maarifləndirmə işləri, ekologiyaya zərər vuranların ifşası və sağlam təbii mühitin yaranmasının təbliği ilə məşğul olur və daha da məşğul olmalıdır.
Doğrudur, görülən tədbirlər nəticəsində bütün problemlər aradan qalxmayıb, qarşıda hələ görüləsi çox işlər var, ona görə də, dövlət, media və cəmiyyət bu işdə birgə fəaliyyət göstərməlidir. Bu halda Azərbaycanı cənnətə çevirmək mümkündür.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ekologiya və ətraf mühitin mühafizəsi" istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə