Övladımızın dost seçimi: qız-oğlan dostluğu nəyə səbəb olur? - ARAŞDIRMA

Ekspertlər uşaq tərbiyəsində nəzərə alınması vacib məqamları izah edirlər

Cəmiyyətdə var ola bilmək, bütün problemlərə sinə gərə bilmək, həyatımıza, yaşayışımıza bir az da maraq qata bilmək üçün, sevincimizi və kədərimizi bölüşə biləcəyimiz yaxınlara, ən çox da sadiq dostlara ehtiyacımız var. Bəzən valideynlərimizə, qardaş-bacımıza deyə bilmədiklərimizi dostlarla bölüşürük. Əsl dostluqlar isə asan yaranmır, daha dəqiq ifadə etsək, asan qazanılan dostluqların ömrü uzun olmur. Bizdə bir el məsəli var, “dostunu göstər, sənin kim olduğunu deyim”. Çünki çevrəndəki insanlar bir növ sənin pasportundur.

Valideynlər uşaqların dostu olmalıdır?

Psixoloqlar deyir ki, yoldaşlıq və dostluq əlaqələri çox əhəmiyyətlidir. Ona görə də, valideynlər övladlarının bu duyğuları öyrənməsini, doğru dostlar seçməsini və həqiqi dostluqlar qurmasına diqqət göstərməlidirlər. Həyatımız boyu dost dediyimiz insanlar çox olur. Əvvəllər uşaqlıq (bağça, məhəllə və məktəb) yoldaşlığı, sonralar gənclik (tələbəlik və iş yoldaşları) ilə əvəzlənir.

Təxminən 3 yaşına qədər oyun oynamaq üçün başqa uşaq, dost axtarmayan və daha çox öz oyuncaqları ilə oynamağı sevən uşaqlar 3 yaşından sonra dosta-yoldaşa maraq göstərir. Övladımız bu yaşda bəzi uşaqlara qarşı mülayim olur, bəzilərinə aqressiv münasibət göstərir və dostluğa da beləliklə başlayır. 3-6 yaş dövründə uşaqlar məktəbəqədər təhsil zamanı və ya yaşadığı mühitdə özünə oyun yoldaşları, dostlar tapır.

Dövrümüzdə bir çox valideyn “övladımın dostu mənəm” deyə düşünərək övladının çevrəsində yaşıdlarının olmasına izin vermir. Bu cür valideynlər hər dəqiqə övladlarının yanında olmağa çalışır, hər addımda dostların zərərindən bəhs edir, pis yoldaşların əhatəsində zərərli vərdişlərə qurşanan yaşıdlarını misal çəkir. Uşaqlarının pis vərdişlər öyrənib zərər görməsindən çəkinən valideynlər hesab edirlər ki, bu yolla övladlarını bütün zərərli vərdişlərdən qoruya bilərlər.

Bütün bunların nəticəsində uşaq və yeniyetmələr yaşıdları ilə aralarında həmişə sədd qoyurlar, ətraflarındakı bütün yaşıdlarını ona zərər verəcək zənn edirlər. Belə uşaqlarda güvən hissi zəif olur.

Təbii ki, bunları yazmaqda məqsədimiz belə valideynlərin pis nümunə olmasını demək deyil, əksinə, bu, lazımdır. Lakin burada müəyyən məqamlar nəzərə alınmalıdır. Yetkinlik dövrünə qədəm qoyan bir yeniyetmə üçün dost hər şeydən və hər kəsdən önəmli olur. Evdə onu tənqid edən, daima nəsihət verən ailədənsə, dostu ilə zaman keçirməyi üstün tutur.

Psixoloq: Cinsi fərqlilik mütləq diqqətə alınmalıdır, amma...

Psixoloq Aydın Əsədov deyir ki, övladımızın dostu, yoldaşı olmağa çalışmalıyıq, amma ifrat dərəcədə yox: “Övladımıza dostlar seçməyə, yeni yoldaşlarla münasibət qurmağa imkan yaratmalıyıq. Daima valideyn qoruması altında olan uşaqlar heç vaxt həyatda özünü təsdiq edə bilmir. Çünki əminlik hissi olmur. Ətrafında bir-iki tanıdığı olur, amma onlarla dost deyil, sadəcə, tanış biri kimi münasibət saxlayır.

Valideynlər həmişə çalışırlar ki, övladlarının ətrafında savadlı, bilikli və tərbiyəli ailə uşaqları olsun. Bu, normal istəkdir. Amma çalışmaq lazımdır ki, bu kimi dostları övladınız özü seçsin. Yəni, siz onu nə cür insanlarla dost olmaq barədə doğru yönləndirə bilsəniz, o da sizin ürəyinizcə olan dostlar seçəcək”.

Ekspertin fikrincə, uşaqların inkişafı ailədə aldığı tərbiyədən, ətraf mühitdən və birbaşa olaraq öz psixologiyasından asılıdır: “Oğlanların yetişdirilməsində, tərbiyə edilməsində ataya daha çox ehtiyac olur. Çünki oğlan uşağı anasından hər şeyi soruşa bilmir və bu zaman atasının anlayışına ehtiyac duyur. Eləcə də, qız uşaqlarında, əksinə.

Qız və oğlanlar istər fiziki-bioloji cəhətdən, istərsə də düşüncə tərzinə görə bir-birindən fərqlidir: Böyümə və tərbiyə müddətində bu fərqlilik mütləq diqqətə alınmalı, ayrı-seçkilik edilməməlidir.

Cinslər arasında fərqlilik və uyğunluqlar

Bu gün ən çox müzakirə edilən mövzulardan biri də iki cinsin dostluğudur. Forumlarda, sosial şəbəkələrdə, eləcə də yeniyetmələrin öz aralarında həmişə bu barədə qızğın mübahisələr gedir.

Maraqlıdır ki, məktəbəqədər təhsil müəssisələrində- bağçalarda kiçik yaşlı uşaqlar seçim etmirlər, oğlan və ya qız fərq etmir, kiminlə dostlaşsa, sözü tutsa onunla da oynayır, yoldaşlıq edir. Amma bu seçim çox vaxt məktəbdə dəyişir.

Birinci sinifdən qızlar qızlarla, oğlanlar isə oğlan uşaqları ilə dostluq edir. Bizim cəmiyyətdə oğlanlarla oturub duran qıza və yaxud da əksinə, qızlarla yoldaşlıq edən oğlanlara dırnaqarası baxırlar. Psixoloqlar bu duruma birmənalı yanaşmırlar.

Belə ki, qızların uşaqlıqdan oğlanlarla yoldaş olmasının tərəfdarı olan psixoloqlar bunu cinslər arasındakı həmrəylik və barışığın təməli hesab edir. Amma bir çox psixoloqlar da deyir ki, kiçik yaşlarından qızlarla oturub-duran oğlanın düşüncəsində, psixologiyasında müəyyən qədər uyğunluq yaranır. Ya da əksinə, oğlanlarla dostluq edən qızlar “oğlansayağı” olur.

Pedaqoq: “Valideyn və müəllimlər birgə məsuliyyət daşıyır”

Pedoqoq İbrahim Cəfərov bildirir ki, əgər yeniyetmə və gənc ailədə uşaq yaşından normal tərbiyə alıbsa, heç vaxt yalnış yola düşməz. Valideynlər heç bir halda övladına mənfi təsir edəcək bir addım atmazlar, valideyn məsləhəti hər yaşda yararlıdır. Hesab edirəm ki, valideyn yönləndirməsi vacibdir”.

Pedaqoq hesab edir ki, qızlarla oğlanların münasibətlərinə həm valideynlər, həm müəllimlər ciddi diqqət etməlidirlər: “Biz pedaqoqlar tədrisdən əlavə, həm də belə məqamlara diqqət edirik. Qız şagirdlərlə daha diqqətli davranırıq, amma oğlanlarla da cinsi xarakterə uyğun davranır, fərqli münasibət qururuq. Onların arasındakı münasibətə isə daha çox diqqət göstəririk. Çünki onlar bir sinifdə təhsil alırlar və aralarındakı münasibət normal və qaydalara uyğun olmalıdır”.

İbrahim Cəfərov deyir ki, uşaqların sağlam tərbiyəsi üçün valideyn və müəllimlər birgə məsuliyyət daşıyır: “Bəzən bir sıra xarici cəmiyyətlərdən nümunə gətirirlər ki, onlarda uşağa ciddi nəzarət edilmir, sərbəst buraxılır. Deyilir ki, uşağa 14 yaşdan sonra nəsə diqtə etmək doğru deyil. Mən bu məsələ ilə razılaşmıram. Bu, o cəmiyyətlərə aid ola bilər ki, orda hər şey normal olsun, heç bir pis vərdişlər, təhlükəli meyillər olmasın. Həm valideynin, həm də müəllimlərin borcudur ki, bu məsələdə daha diqqətli olsunlar, uşaqları kənar təsirlərdən mümkün qədər qorumağa çalışsınlar”.

Sosioloq: “Davranışın kökündəki səbəb ailədən qaynaqlanır”

Sosioloq Leyla Məhərrəmova deyir ki, uşaqlar o zaman həqiqi dostluqlar qura bilər ki, o öz şəxsiyyətini dərk etsin: “Bu prosses isə yeniyetməlik dövründə, 15 yaşdan etibarən başlayır. 20 yaşınadək belə davam edir. Bu prossesə ətraf mühit, yaşadığı ölkə və cəmiyyət də böyük təsir edir.

Təbii ki, insan ömrünün axırına qədər dostlar qazanır, müxtəlif yaşlara yeni dostları olur, amma ümumilikdə götürəndə 15-20 yaş arası qazanılan dostluqlar ilk olduğu üçün möhkəm olur”.

Sosioloq deyir ki, indi məktəbli qızlarla oğlanlar arasında çox isti münasibət var: “İndi uşaqlar əvvəlkilər kimi düşünmürlər. Bizim dövrümüzdə oğlanlar oğlanlarla, qızlar da qızlarla dostluq edirdi. İndi qızlarla oğlanlar rahatca dostlaşırlar və bəzən gərəkdiyindən də yaxın münasibətdə olurlar. Bu da bəzi hallarda evliliklə nəticələnsə də, bir çox hallarda yaxşı nəticəyə gətirib çıxarmır”.

İstənilən halda yoldaşlıq və dostluğa həyatımızın hər dövründə ehtiyac duyuruq və bu dostluqların bizə zərər verməməsi, sonradan peşmanlıq hiss etməmək üçün “yüz ölçüb bir biçmək” məsəlinə uyğun davranmaq da vacibdir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə