Zooparkın açılış vaxtı bəlli oldu - DİQQƏT! - ARAŞDIRMA

Zooparklar cəmiyyət üçün niyə lazımdır?

Bildiyimiz kimi Bakı Zooloji Parkı yenidən qurulur. Bununla əlaqədar olaraq Bakı Zooloji Parkın fəaliyyəti 2019-cu ilin fevral ayından etibarən müvəqqəti olaraq dayandırılıb. Həmçinin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra park ərazisi 4.25 hektar (əvvəl 2.25 hektar idi) olacaq. Heyvanlar isə müvəqqəti olaraq Qaradağ rayonuna köçürülüb. Bakı zooparkı istər ərazi etibarilə, istərsə şəhər mərkəzində yerləşməsi ilə regionda seçilən zooparklardan olub. Bəs, zooparklar cəmiyyət üçün niyə vacibdir? Zooparkların fəaliyyət göstərməsinin nə kimi üstünlükləri və bilinməyən məqamları var? SİA məsələ ilə əlaqədar araşdırmasını təqdim edir.

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov: “Bakı zooparkı sözsüz ki, keçmiş SSRİ-də seçilən zooparklardan biri olub. Həm zooparkın özünün heyvanat aləmi ilə bağlı nümayiş etdirdiyi canlı eksponatlar, həm zooparkın ətrafındakı meşəlik, həm də şəhərin mərkəzində olması Bakı zooparkını Azərbaycan heyvansevərlərinin ən sevimli yerinə çevirib. İnsanlarımız ailələri ilə birgə Bakı zooparkında əylənə, istirahət edə, oksigenli havada nəfəs ala, heyvanat aləminin bəzi nümayəndələrinə canlı olaraq baxa, eyni zamanda uşaqlarına göstərə bilirdilər”.

O söyləyib ki, hazırda Bakı zooparkı təmirə bağlanıb və biz orada böyük işlərin görüldüyü barədə vaxtaşırı məlumatlar alırıq: “Zooparklarla bağlı cəmiyyətdə birmənalı fikir yoxdur. Zooparklar vastəsilə canlı aləmin həbsxanada saxlanması, zooparkların şəraitsizliyi və burada saxlanan heyvanların hüquqlarının qorunması ilə əlaqədar müxtəlif fikirlər səslənir. Dünyada vəhşi heyvanların yaşaması üçün lazım olan yerlər get-gedə daralır və bu məkanlar daraldığına görə insanlar fikiləşirlər ki, heyvanlarla bağlı hansısa layihə həyata keçirilsin. Heydər Əliyev Fondu, İdea İctimai Birliyi Leyla xanım Əliyevanın təşkilatçılığı altında həm vəhşi heyvanlar, quşlar, həm də ev heyvanları ilə bağlı müxtəlif layihələr həyata keçirir”.

Aydın Xan Əbilov vurğulayıb ki, Azərbaycanda bəbirlərin qorunması, ceyranların çoxaldılması, yaşıllaşdırma və ağac əkimi ilə bağlı bir çox layihələr var: “Bu layihələrlə yanaşı zoopark üçün Qobuda ayrılmış və təbiətə daha çox uyğunlaşdırılmış yerə köçürülməsi üçün layihə hazırlanıb. Fikrimcə, Bakı zooparkını mərkəzdə saxlamaqla, həm də Qobudakı zooparkın yeni filialı kimi fəaliyyətdə saxlaya bilərik. Məlumdur ki, Qobunun havası daha istidir və bu, bəzi heyvan növləri üçün əlverişsizdir. Zoopark mədəniyyətinin inkişafında hökümətlə yanaşı ekoloqlar, kulturoloqlar, ictimai xadimlər və QHT-lərin birlikdə təkliflərinə baxılmalıdır. Bu təkliflər zoopark mədəniyyətimizin inkişafında, heyvanların mühafizəsində, hüquqlarının qorunmasında xüsusi köməklik göstərmiş olacaq”.

Sosioloq, jurnalist Elçin Bayramlı: “Bakı zooparkının hazırkı yeri biraz kiçik də olsa, zoopark üçün əlverişli bir yerdir. Uzun onilliklərdir bu yer tanınır və heyvanlar üçün də burada xüsusi şərait yaradılıb. Bu yaxınlarda da təmir zamanı zoopark ərazisinin sahəsi bir qədər artırılıb, lakin yenə də artırmaq imkanı var. Mən zoorparkın öz yerində qalmaqla şəraitinin yaxşılaşdırılması tərəfdarıyam”.

E.Bayramlı vurğulayıb ki, şəhərdən uzaq ərazidə zoopark yaratmaq və ora gedib-gəlmək çox çətin olacaq: “Uşaqlar üçün zoopark ən maraqlı yerlərdən biridir. Biz şəhər uşaqlarının kəndlərə, rayonlara gəzməyə gedəndə onların heyvanları tanımadıqlarını müşahidə edirik. Onların şəhər mühitində yaşayarkən dünya görüşünün artması, heyvanlarla, təbiətlə tanış olması üçün ən uyğun yer zooparklardır. Arzu edirəm ki, zooparkların şəraitinin yaxşılaşdırılması üçün lazımi şərait ayrılsın. Əgər, bu olsa zooparklar öz xərclərini də çıxara, turistləri də cəlb edə bilər”.

Ailə-uşaq psixoloqu, təlimçi Vüsalə Əmiraslanova: “Uşaqların heyvanlarla tanış olması, onlarla ünsiyyətdə olmaları üçün ən münbit yer zooparklardır. Zooparkların təmiz olması, heyvanlara düzgün qidaların verilməsi ümumilikdə zooparkın şəraitinin heyvanların yaşam şərtlərinə uyğunlaşdırılması əsas şərtlərdəndir. Məsələn, uşağa görə şir çox güclü heyvandır, lakin zooparkda uşaq şiri elə vəziyyətdə görür ki, onun güclü olmasına artıq inanmır. Düşünür ki, valideynləri onu aldadırlar”.

Psixoloqun sözlərinə görə, bəzi heyvanlar var ki, uşaqlar onlarla canlı təmasda olmalı, onları qidalandırmalıdırlar: "Məsələn, atlar. Atlar üçün xüsusi yerlər var ki, uşaqlar burada atlarla ünsiyyətdə olur, onlara qulluq edir, həmçinin atçılıqla məşğul ola bilirlər”.

V. Əmiraslanova vurğulayıb ki, balıqlara baxmaq uşaqlara sakitləşdirici təsir bağışlayır: “Lakin bütün bunların fonunda mən bir psixoloq kimi heyvanların əhliləşdirilməsi, xüsusi əzablarla öyrədilməsi məsələlərinə görə sirklərin əleyhinəyəm. Amma zooparkların müəyyən heyvanları çıxmaq şərtilə olması normal haldır. Elə heyvanlar var ki, onlar üçün geniş ərazilər olmalı, yaxşı yeməli və özlərini rahat hiss etməlidirlər. Ona görə ki, ən azından uşaqlar həmin heyvanları kitablarda gördükləri kimi həyatda da görə bilsinlər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə