Azyaşlıların erkən ailə qurması narazılıqla qarşılandı - PAYTAXT SAKİNLƏRİ - SORĞU

Dünyanın əksər ölkələrində həmçinin respublikamızda evlilik yaşı qanunla 18 yaşdır. Buna baxmayaraq, bu gün ölkəmizin bəzi bölgələrində azyaşlı qızlar məcburi şəkildə evləndirilir. SİA olaraq mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu apararaq fikirlərini öyrənməyə çalışdıq.

Paytaxt sakini Rəfiqə Süleymanova: “Bu məsələ həqiqətən insanda çox pis təəssürat yaradır. Qız uşağı hər şeydən əvvəl oxuyub təhsil almalı, özü-özünü idarə edə biləcək səviyyəyə gəlməlidir. Bundan sonra evlənmək haqqında düşünmək daha xeyirli olar. Bu baxımdan hesab edirəm ki, normal evlilik yaşı 24-25 yaş olmalıdır”.

Paytaxt sakini Zakir Əsgərov: “Buna əlbəttə ki, pis baxıram. Evlilik yaşı qanunlarımızda öz əksini tapıb ki, bu da 18 yaşdır. Bu yaşdan kiçik bir yaşda evlilik qeyri-qanunidir, həmçinin hesab edirəm ki, bunun cəmiyyətimizə çox böyük zərərləri var”.

Paytaxt sakini Nazilə Ağayeva: “Belə fikirləşirəm ki, azyaşlı qızların şəxsiyyəti hələ formalaşma mərhələsində olur. Yaş irəlilədikcə onların fikirləri yetkinləşir və artıq dünyaya ayrı pəncərədən baxırlar. Nəticədə qurulan ailə dağılır. İdeal evlilik yaşı məncə, 20 yaşdan yuxarı olmalıdır”.

Paytaxt sakini Əlisəfa Rzayev: “Yolverilməz haldır. Cəmiyyət olaraq bu kimi hallara qarşı daim mübarizə aparmalıyıq. Cəmiyyətin gələcəyi üçün bu çox zəruri və ciddi məsələdir. Hesab edirəm ki, qızlar üçün ideal evlilik yaşı 18-dir.

Paytaxt sakini Gülyar Səfərova: “Əvvəllər qızları 22-25 yaş aralığında evləndirirdilər. İndi isə qızların davranışına və geyimlərinə baxıram, deyirəm ki, elə yaxşı edib valideyinləri onları tez evləndirirlər”.

Paytaxt sakini Adəm Əliyev: “Azyaşlı qız hələ müəyyən dünyagörüşünə sahib olmur. Nəyin nə olduğunu dərk etmir. O, hələ nə bilir ailə nədi, ər nədi. Qadın cəmiyyət üçün böyük qüvvədir. Savadlı cəmiyyət qurulması üçün onların savadlı, dərrakəli olması vacibdir. Odur ki, mən hesab edirəm ki, evlilik yaşı 20-dən yuxarı olmalıdır”.

Paytaxt sakini Aygün Nəcəfova: “Mən elə hesab edirəm ki, qızını az yaşında evləndirən ailə onun gələcəyi üçün bunu eləmir. Bu tip ailə, sadəcə, qıza yük kimi baxır. Buna görə də, qızlarını evləndirib yüklərindən xilas olmuş olurlar”.

Paytaxt sakini Azər Seyidov: “Mən hesab edirəm ki, bu cür evlilik qızların gələcək həyatlarını puç edə bilər. Qızlar birinci oxumalı hər hansı peşə sahibi olmalı yalnız bundan sonra evlənməlidir. Daha sonra problem yaşamamaları üçün bu daha xeyirlidir”.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə