Dişlər çox sərt olsa da, əslində, onlar bizim ən həssas bədən üzvlərimizdəndir. Eyni zamanda, bu həssas üzvlər bütün orqanizmimizi min bir xəstəlikdən qoruyur. Buna görə də onların sağlam saxlanılması vacibdir. SİA xəbər verir ki, dişlərin sağlamlığına lap kiçik yaşlardan fikir vermək lazımdır. Dişlərlə qoz-fındıq sındırmaq olmaz. Dişləri tez-tez təmizləmək (fırçalamaq), yemək yeyəndən sonra ağızı yaxalamaq lazımdır. Unutmayın ki, ağızdakı bakteriyalar gündə iki dəfə çoxalırlar. Ona görə də gündə iki dəfə ağzı qarqara etmək məsləhətdir. Meyvə və tərəvəzlər (məsələn kök, alma) diş ərpinin yaranmasının qarşısını alır.
Dişləri bütün təsirlərdən, bakteriyalardan qorumaq lazımdır. Hətta ağardıcı diş məcunları da dişlərimiz üçün təhlükə ola bilər. Dişdə aşınmalar yaradan bəzi diş məcunları, əslində, dişləri ağartmır, onun tərkibindəki aşındırıcı maddələr diş minasını zədələyir. Tam ağ rəngdə olan diş, əslində, normal diş deyil. Dişlərimizi fırçalamaqda əsas məqsədimiz onun üzərində olan mikro hissəcikləri yox etmək, ağzımızı bakteriyalardan təmizləməkdir. Ancaq bunun üçün saatlarla fırçanı ağızdan çıxarmamaq, yaxşı təmizlənsin deyə fırçanı bərk basmaq, bərk diş fırçalarından istifadə etmək olmaz.
Diş fırçası 2-3, ən geci 4 aydan bir dəyişdirilməlidir. Bundan başqa, fırçanı sabunla yumaq da olar. Çünki siz bundan əvvəl onunla diş fırçalamısınız və bakteriyalar onun tərkibində qalıb. Yeri gəlmişkən, qeyd edək ki, başqasının diş fırçasından istifadə etmək qəti qadağandır. Dişləri gündə iki dəfə fırçalamaq lazımdır. Bunun üçün diş məcunundan iki noxud ölçüsündə istifadə məsləhət görülür. Fırçalama bitdikdən sonra ağızı dərhal yumaq lazımdır ki, orada diş məcunu qalmasın.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə