“Cəmiyyətimizdə belə bir vəziyyətin yaranması müəyyən qədər keçid dövrü ilə bağlıdır. Çünki, 30-40 il bundan öncə cəmiyyətdə tamam başqa normalar var idi. Yəni, hamı əsasən qaynana-qaynata ilə yaşayırdı. Bu model geniş yayılmışdı. Hamı üçün də normal həyat tərzi kimi qəbul olunurdu”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
Onun sözlərinə görə, indi isə cəmiyyətdə böyük dəyişikliklər gedir: “Məsələn, müxtəlif rayonların öz adət-ənənələri var. Bakıda da həmin rayonların nümayəndələri olur. Onlar da öz rayonundakı mədəniyyətin daşıyıcılarıdır. Daha sonra cəmiyyətin özündə və ailələrdə baş verən proseslər gənclərin dünya görüşünün formalaşmasında müxtəlif cür rol oynayır”.
Əhməd Qəşəmoğlu sözlərinə belə davam edib: “Ailədə qaynana-qaynatanın bu məsələyə münasibətindən, gələcək gəlinlə, kürəkənləri ilə qarşılıqlı əlaqələrinin səviyyəsindən də çox şey asılıdır. Yəni, köhnə adət-ənənə, köhnə qaydalar pozulub, yeni bir hal isə hələ formalaşmayıb. Bəlkə də heç formalaşmayacaq”.
Məsələ ilə bağlı jurnalist, sosioloq Elçin Bayramlı da münasibət bildirib: "Son vaxtlarda qərb mədəniyyətinin güclü təsiri ilə cəmiyyətimizdə yeni mənəvi dəyərlər, yeni həyat tərzi, yeni xüsusiyyətlərin formalaşması artıb. Bu, əlbəttə neqativ haldır və özünü boşanma statistikasının rekord həddə çatmasında, ailə institunun dağılmağa doğru getməsində, ailədaxili münaqişələrin kəskin artmasında aydın göstərir.
Min illərdir insanlar normal yaşayıb, evlənən kimi ata-analarından ayrılıb getməyiblər. Evdə ağsaqqal, ağbirçək olub ki, bu da həm həyat təcrübələri ilə yeni ailəyə kömək etməkdə, həm uşaqların tərbiyə və baxımında dəstək verməkdə əvəzsiz bir mühitdir.
Evlənən kimi ayrılmaq istəyənlər tam azad, istədikləri hər şeyi etmək istəyənlərdir ki, bunun da axırı əksər hallarda faciə ilə bitir. Xüsusən də, müasir qızlar belə tələb qoyur. Onlardan soruşmaq lazımdır ki, belə tələb qoymaqda məqsədləri nədir? Məgər insana ən doğma olan ata və ana düşməndir ki, onlardan ayrılıb gedəsən? Əlbəttə, bəzi hallarda psixi problemi olan valideynlər də var ki, ailələrdə problem aradır, lakin bu az saylı istisnalardır. Və ya yaxud üzrlü səbəblərdən bunu etmək olar, məsələn, evin kiçik, ailənin böyük olması səbəbindən ayrı evdə yaşamaq olar. Lakin belə hallar yoxdursa, bunu niyə etməlisən ki? Böyüklər olan yerdə mənəvi dəyərlər güclü olur, xətir-hörmət, xeyri-bərəkət olur. Bunu anlamayanlar üçün sonda vəziyyət heç də yaxşı olmur.
Gəlinlər qaynanaya, rəqib, düşmən kimi yox, ana kimi baxsalar, heç bir ailədə problem olmaz. Eləcə də, qaynanalar gəlinə öz qızları kimi baxsalar, problem yaranmaz. Elə dövrə gəlib çıxmışıq ki, bütün dəyərlərə tüpürülür, hər kəs yalnız öz kefi, öz həzzi üçün yaşamağa çalışır. Fədakarlıq, istiqanlılıq, sadəlik, mehribanlıq kimi müsbət xüsusiyyətlər kənara atılır. Belə həyat tərzi azı 90 faiz hallarda faciə ilə bitir.
Min illərdir dədə-babalarımız, ana-nənələrimiz milli-mənəvi dəyərlərimizi yaşadaraq, qoruyaraq gətirib bu dövrə çıxartdı, lakin bizim nəsil bunu özündən sonraya ötürə bilmədi. “Müasirlik” və “azadlıq” adları altında hər cür mənfilikləri cəmiyyətə gətirdik. Buna imkan verdik. Uşaqlara tərbiyə verməyi kənara atdıq, dedik ki Avropada, Amerikada zada belə etmirlər, biz də etməyək. İndi isə demək olar ki gecdir..."
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə