Kişilərin lazerə maraq göstərməsinin səbəbi nədir? - HƏKİM KOSMETOLOQ AÇIQLADI
Kişilərin lazer epilyasiyası ilə bağlı elanlar internetdə hər keçən gün daha da artır. Bura müraciət edənlərə qaşarası, göz altı, çiyinlərin, qolların təmizlənməsi xidməti göstərilir. İndi artıq kişilər də bütün bədən üçün lazeroloqlara müraciət edirlər. Bir çoxları bunu təmizlik, səliqə ilə əlaqələndirir. Məsələ ilə bağlı həkim kosmetoloq Aysu Əhmədli münasibət bildirib.
Onun sözlərinə görə, lazer epilyasiyası anadan gəlmə, həm də sonradan qazanılmış tüklərin, yaxud hər hansı hormonal pozğunluğun nəticəsində meydana çıxan tüklənmənin qarşısını almaqdır: “Hazırda epilyasiyanın aleksandrit, diodlu lazer növləri mövcuddur. Diodlu lazer həm sarı, həm də qara tükləri aradan qaldırır. Lakin aleksandrit lazer əsasən cod tükləri yox edir. Epilyasiya müddəti bölgənin genişliyinə və tüklərin sayına görə fərqlənir. Prosedurların sayı isə fərqlidir. Yəni, bədənin hissəsindən, yaşdan və hormonal səbəblərdən aslıdır”.
“Hamilə qadınların epilyasiyadan 5 aydan sonra istifadə etməsi məsləhət görülür: “Bu da həkim məsləhətindən sonra olar. Ümumi göstəricilərə nəzər salsaq, kişi və qadınlarda bədənin hər bir nahiyəsində lazer epilyasiyası tətbiq etmək olar”.
Həkim sözlərinə belə davam edib: “Lazer epilyasiya vasitəsilə tükləri aradan qaldırdıqdan 1-2 gün sonra dərinin müalicə olunan sahəsi gün yanıqları kimi görünə bilər. Lakin, nəmləndirici krem vasitəsilə dərini sakitləşdirmək mümkündür. İlin bütün fəsillərində, xüsusilə də yayda spf kremlər vasitəsilə gündən qorunmaq lazımdır. Əgər sağlam və davamlı nəticələr əldə etmək istəyiriksə, lazer epilyasiyasını həkim və ya mütəxəssis nəzarəti ilə tətbiq etdirin”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə