“Əlbəttə ki, yoluxmaların sayının azalması sevindiricidir və eyni zamanda da həyat tərzimizi bir qədər fərqli təşkil etməyə imkan yaradır. Lakin, istənilən halda biz məsuliyyətimizi unutmamalıyıq. Çünki, pandemiya bitməyib. Dünyanın elə ölkələri var ki, orada hələ də koronovirus güclü şəkildə davam edir və qapanmalar hökm sürür. Bütün bunlar sona çatmadıqca biz rahat ola bilmərik. Lakin, Azərbaycanda vəziyyət dövlətin nəzarəti altındadır. Yetərincə vaksinasiya prosesi həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət deyib.
Onun sözlərinə görə, Azərbaycan ən intensiv şəkildə əhalini peyvənd edən dövlətlər arasındadır: “Üstəlik də insanlarımız əvvəlki dövrlərdən fərqli olaraq, indi daha məsuliyyətli davranırlar. Bu baxımdan toyların bərpa edilməsi üçün ilk addımları atmaq olar. Yay vaxtıdır və açıq havada məhdud sayda insanın iştirakı ilə bu cür məclislərin keçirilməsi ciddi bir problemə çevrilə bilməz. Bu baxımdan 50-100 nəfərlik açıq havada toyların məsafəli keçirilməsi problemin həllində rol oynayacaq. Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələnin sağını-solunu düşünüb, təkliflərini irəli sürməlidir”.
Sosioloq sözlərinə belə davam edib: “Ümumiyyətlə isə cəmiyyətdəki gərginliyi aradan qaldırmaq, insanlarda ruh düşkünlüyünü sıfırlamaq, normal həyata dönüşün əlamətlərini daha da çoxaltmaq üçün bu cür məclislərə yavaş-yavaş icazə vermək lazımdır. İndi ola bilər ki, intensiv yoluxmanın olduğu Bakı şəhərində buna icazə verilməsin. Çünki, bildiyimiz kimi ən çox yoluxma Bakıdadır. Amma elə bölgələrimiz var ki, orada yoluxma həmişə aşağı olub və indinin özündə də yetərincə azdır. Bu ərazilərdə toyların keçirilməsi məqbul hesab edilə bilər”.
“Əlbəttə ki, toy keçirənlər məsuliyyətli olmalıdır. Məclis baş tutarkən tibbi personalın orada yoxlamalar aparması vacibdir. Necə ki, adi supermarketə getdikdə səlahiyyətli şəxslər tempraturumuzu ölçürlər, əlimizi spirtləyirlər toylarda da həmçinin bunları etmək mütləqdir. Bu zaman yoluxma ehtimalı da minimuma endiriləcək. Bu baxımdan düşünürəm ki, yavaş-yavaş insanların psixologiyasının normala dönməsi məqsədi ilə toyların bərpa edilməsi üçün ilkin addımlar atılsın. Bütün yumşaldılmalar insanların əhval-ruhiyəsinə müsət təsir edir. Həmçinin, toy sənayesi ilə məşğul olanların da böyük əksəriyyəti bu saat çox çətin vəziyyətdədir. Yəni, oradan minlərlə insan çörəkpulu qazanırdı. Həmin insanlar pulsuz və işsiz qalıblar. İnsanlar çox ciddi problemlərlə üz-üzədir. Məsələnin həm də bu tərəfini düşünərək, toylara icazə vermək mümkündür”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB