Dondurma seçərkən diqqət edilməli məqamlar MÜTƏXƏSSİS AÇIQLADI

“Dondurmanın tərkibi əsasən süd, qaymaq və kərə yağından ibarət olur ki, burada da keyfiyyətli məhsullardan istifadə etmək lazımdır ki, biz dondurmanın lazım olan faydalarından faydalana bilək”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, dondurma süd və süd məhsullarından hazırlandığına görə, insan sağlamlığı üçün çox faydalıdır: “Tərkibində də demək olar ki, karbohidratlar, zülallar, yağlar, bir çox vitamin və minerallar var. Təxminən 100 qram dondurmanın 207 kalorisi var ki, bu da öz sırasında artıq karbohidratlara, proteinlərə, zülallara və yağlara bölünür. Dondurmanın tərkibində A, B, C və D vitaminləri var. Eyni zamanda mikro elementlərdən kalium, soidum, fosfor, maqnezium və sink kimi elementlər də vardır. Bu elementlərinə görə, bu faydalılıq xüsusiyyətlərinə görə, uşaqlara və bir çox insanlara dondurmanın yeyilməsi faydalı hesab oluna bilər. Ancaq ilk növbədə miqdarı aşmamağa diqqət etməliyik. Bir insan üçün gündəlik norma 150-200 qramı keçməmək şərti ilə istehlak edilməlidir.

Faydalı, keyfiyyətli dondurmanı uşaqlara çəkinmədən verə bilərik. Çünki dondurma sümüklərin inkişafını dəstəkləyir. Eyni zamanda dondurma yay mövsümündə ən çox üz tutulan qida olduğu üçün təbii ki, işbazlar da burada öz işindən qalmır. Burada çox ucuz başa gəlsin deyə keyfiyyətsiz məhsullardan istifadə edirlər. Bəzən süd yerinə süd əvəzedicisi və ya hər hansı bir meyvənin “aromatizator”u, keyfiyyətli kərə yağ əvəzinə marqarinlərdən və yaxud hər hansı ucuz yağlardan istifadə edirlər. Bu zaman dondurma faydalı yox, artıq zərərli qidaya çevrilir. Belə olan halda hətta qida zəhərlənmələrinə gətirib çıxardır. Çünki dondurma keyfiyyətsiz olarsa, bu zaman mədə-bağırsaq, həzm sistemində və maddələr mübadiləsi pozulması baş verir. Belə olan halda artıq dediyimiz kimi sağlamlığımıza da təhlükə yaradır. Keyfiyyətli məhsullardan hazırlanan dondurmalar insan sağlamlığına zərər vurmur. Ümumiyyətlə bir dondurmanın tam keyfiyyətli olub-olmamasını biz təbii ki, ən dəqiq laboratoriya analizləri ilə bilə bilərik. Laboratoriya analizləri olmadığı şəraitdə biz dondurma yedikdə ağzımızda xoşa gəlməz dad, acılıq və ya udqunanda dilimizin üstündə fərqli dad gələcəksə o zaman bilinir ki, tərkibində keyfiyyətli süd yoxdur və kərə yağı əvəzinə də zərərli yağlardan istifadə olunur. Keyfiyyətli dondurmanı yedikdə ağzımızda xoşa gələn qaymaq dadı hiss olunmalıdır. Bu nüansa mütləq diqqət etmək lazımdır. Paketlənmiş dondurmanı aldıqda istehsal tarixinə baxmaq lazımdır”.

Məshəti Hüseynova həmçinin qeyd edib ki, yay mövsümü başlayanda zəhərlənmə halları ən çox dondurmadan qaynaqlanır: “Bunun da səbəbi odur ki, satışa ötən il satılmayan dondurmalar buraxılır ki, bu da süd məhsulu daha çox mikro orqanizmlər olduğuna görə, düzgün şəkildə saxlanılmadığından və köhnə məhsul olduğundan qida zəhərlənməsinə səbəb olur. Daha sonra mütləq paketin üstünü, yazıların formasının dəyişməməsinə diqqət etməliyik. Əgər dondurma əzilibsə, əgər yazılar pozulubsa bu o deməkdir ki, həmin dondurmaların donu açılıb və təzdən dondurulub. Bu da artıq süd məhsulunun tərkibinin dəyişməsini göstərir. Ona görə, mütləq donmuş şəkildə olmalıdır. Dondurmanın paketi pozulmamalıdır və mütləq içindəkilər bölümünə diqqət etməliyik. Hesab edirəm ki, ən zərərli dondurmalar açıq şəkildə satılan dondurmalardır. Çünki açıq şəkildə satılan dondurmalar hər hansı bir sənaye üsulunda hazırlanmayıb və bu dondurmanın hansı şəkildə hazırlandığı, gigiyenik qaydalara uyğun olub-olmadığını biz görə bilmirik. Eyni zamanda da bəzən bu dondurmalar açıq şəkildə maşınların, insanların daha çox olduğu ərazidə satıldığı üçün fiziki çirklənməyə məruz qalır.

Mütləq şəkildə açıqda satılan dondurmalara diqqət etməliyik. Eyni zamanda açıqda satılan dondurmalarda düzgün qaydada saxlanılmır. Bu zaman bu dondurmanın keyfiyyətinin aşağı olmasına səbəb olur. Həmin açıqda saxlanan dondurmalar uzun müddət günəş şüası altında qalır. Bəzən həmin soyuducularda saxlansa belə açıq şüşədə görünsün deyə günəşlə təmasda olduğu üçün yenə də süd məhsulunun tərkibində pozulmalar olur ki, bu da həddindən artıq sağlamlıq üçün zərərlidir. Biz əgər mütləq bu cür açıqda satılan dondurmalardan yeyəcəyiksə, qapalı məkanda saxlanılan və gigiyena qaydalarına uyğun şəkildə xidmət olunan sahədən alsaq daha yaxşı olar. Bundan əlavə əgər ki, bir meyvə dondurmaya əlavə olunubsa, 12-18 saatdan çox qalmamalıdır. Ancaq bəzən günlərlə, hətta aylarla açıq dondurmanın qaldığını şahidi ola bilərik. Ona görə, mütləq meyvəli dondurmanın daha tez hazırlananı və daha az müddətdə saxlananını istehlak etmək lazımdır. Şokoladlı dondurmalar isə əgər tərkibindəki şokolad keyfiyyətlidirsə, müəyyən miqdarda dondurmaya əlavə olunub, yeyilməsi məsləhətlidir. Ancaq bir çox şokoladların da tərkibi yenə dediyimiz kimi zərərli yağlardan və qatqı maddələrindən ibarətdir”.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...