Azərbaycan ən qabaqcıl texnologiyaları tətbiq edir TƏHLİL

"Ağıllı şəhər" (Smart City) və "Ağıllı kənd" (Smart Village) konsepsiyası məhz yüksək texnologiyalara əsaslanır

Müasir dünyada "smart-city", "smart-village" yəni, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası dünyada baş verən qlobal çağırışlara cavabdır. Bu gün yüksək texnologiyaların ölkəmizdə inkişafı "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyasının hazırlanmasına zəmin yaradıb. Azərbaycanda "Ağıllı şəhər" (Smart City) və "Ağıllı kənd" (Smart Village) konsepsiyasının tətbiqinin sürətləndirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı Sərəncamına əsasən, "Ağıllı şəhər" və "Ağıllı kənd" (Smart Village) konsepsiyasının hazırlanması ilə əlaqədar İşçi qrup yaradılacaq.

Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan Respublikasının şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioritetlərindəndir. Müasir telekommunikasiya, sensor, "Böyükhəcmli məlumatlar" (Big Data) və digər rəqəmsal və süni intellekt texnologiyalarının, həmçinin innovasiya və biliklərin istifadə edilməsi sosial-iqtisadi münasibətləri daha məhsuldar və səmərəli edir. Qeyd edilən texnologiyaların bir-birilə inteqrasiya olunmuş formada istifadəsi ilə rəqəmsal məlumatların formalaşdırılması, yığılması, saxlanılması, işlənilməsi və analitik təhlillər əsasında qərarvermə və idarəetmənin keyfiyyətinin yüksəldilməsi səmərəli, eləcə də keyfiyyətli xidmətlərin göstərilməsi üçün geniş imkanlar açır. Bu imkanlar şəhər və kəndlərdə göstərilən xidmətlərin növbəti inkişaf mərhələsində funksional, genişmiqyaslı "Ağıllı şəhər" və "Ağıllı kənd" xidmətlərinə keçid üçün zəmin yaradır.

Bu gün işğaldan azad edilmiş ərazilərdə də "smart-city", "smart-village" yəni, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası qurulacaq. Xatırladaq ki, Davos Ümumdünya İqtisadi Forumunda Azərbaycan Prezidentinin iştirakı zamanı 10-larla şirkətlə görüşləri olub və onların böyük əksəriyyəti də texnoloji şirkətlərdir. "Bu görüşlər əsnasında görürəm ki, dünyada hansı yeniliklər var, hansı müsbət inkişaf var və çalışıram ki, o şirkətləri Azərbaycana cəlb edim", deyən Azərbaycan Prezidenti bildirib ki, ona görə də, ölkəmizdə "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası işlənməlidir və tətbiq edilməlidir”. Bu sahədə ölkəmizdə kifayət qədər peşəkar kadr potensialı mövcuddur. "Biz gənclərimizi xaricdə aparıcı ali məktəblərdə oxutmaq üçün böyük proqramlar icra etdik və bu gün bu davam edir. Şadam ki, xaricdə təhsil alan gənclərimizin böyük əksəriyyəti ölkəmizə qayıdıb və bu, bizim kadr potensialımızı gücləndirir…Kadr hazırlığı ölkəmizin iqtisadi və texnoloji inkişafı ilə uzlaşmalıdır. Ancaq belə olan halda, biz istədiyimizə nail ola bilərik", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimiz "Ağıllı kənd" ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpa olunacaq. Əlbəttə ki, bu layihənin məqsədi kəndlərdə əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə rahat çıxışı təmin etmək, eləcə də xidmət, qazanc və dövlət xidmətlərindən yararlanmaq baxımından kənd və şəhər arasındakı fərqi aradan qaldırmaqdır. Yüksək texnologiyalara əsaslanan "Ağıllı kənd" və "Ağıllı şəhər" layihəsi ən qabaqcıl texnologiyaların tətbiqidir. İlk "Ağıllı kənd" layihəsi Zəngilan rayonunun Ağalı kəndindən start götürmüş oldu. Artıq Azərbaycan yeni bir inkişaf mərhələsini yaşayır və görülən işlər, bu reallıqlar daha uğurlu sabahlara hesablanmışdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə