Vurğun qəlb Zamansız ölüm

Bu həyat cürbəcür ziddiyətlərin, təbii və qeyri-təbiinin, uydurulmuş və həqiqətin birləşməsindən ibarətdir. Eyni zamanda həyatdan asanlıqla getmək, məhrum olmaq, ürəkdən Allaha, Anaya, Ataya, Vətənə olan sevgini asanlıqla çıxartmaq olmaz. Bütün bunlar sırf həqiqətdir.

Yaddaşıma, beynimə, düşüncələrimə yazılan, kədərli tarixin bir səhifəsi olan, 2009-cu il aprelin 30-da Bakı şəhərində, Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) Dilarə Əliyeva küçəsində yerləşən yeni korpusda, üçü qadın olmaqla, 13 nəfərin ölümü, 10 nəfərin yaralanması ilə nəticələnən, naləsi göylərə qalxan, dəhşəti baxan gözlərdə həkk olan bir terror hadisəsi baş verdi. Xalqın ən müqəddəs yeri olan elm ocağında haqq və ümidlərin tapdanması, xalqın haqlarını oğurlamağa yarayan bu iyrənc əngəlin, belə bir terror faktının olması hamımızı dəhşətə gətirmişdi. Həmin gün təəssüf hissi hər dildə səslənir, uşaqdan böyüyə təlaş, qorxu hissi keçirirdi. Vətənpərvər şəxs olaraq mən də çox sarsılmışdım və həmin iztirabları bütün varlığımla yaşayırdım. Məndə bu günə kimi zamanın əbədiliyindən qoparılmamış həmin “illərin izi” və düşüncələrimdəki “dalğalanmalar” qalmaqda davam edir. Həmin günü insanların səsində şikayətli göz yaşları duyulurdu, bir qəriblik vardı. Bakının dəli küləyı uzun-uzadı əsirdi, elə bil bu külək onun qəlbi idi. Vurğun qəlbi. Onun müqəddəs qəlbini ifadə edirdi. Həmin günü saatlar da ləng gedir, yeknəsək, asta səslə çaqqıldayır, hər pıçıltı bir “həsrət”, hər ruh bir “intizar” nəğməsi oxuyurdu.

Dinməz kədərin şahidi olan, dərdin gücündən qanad alan və o gündən öz şəhid qızının adını özünə təxəllüs götürən, “İki sahil” qəzetinin peşəkar jurnalisti, “Xuraman Şəfa” xanım tərəfindən, öz dərin təxəyyülünün məhsulu olan, cildin üzərində sehrli gözəlliklə dolu, pak, ağ göyərçini xatırladan ipək gəlinlik donlu, əsil gözəlliyi daxilində gizlənən, dünyaya dərin, saf, gülən gözlərlə baxan Şəfa xanımın şəkli əks olunmuş və haqqında çox nəfis tərtibatla tərtib olunmuş, yaralı ana ürəyinin təsəllisi, “Zamansız və amansız ölümlər” kitabı diqqətimi çox çəkdi. Qarşımdakı bu kitabın üzərində həkk olunmuş bu əsrarəngiz şəkil, bu baxışlar elə bil ki, dil açıb danışırdı. Kitabı vərəqləyirəm. Vərəqlədikcə bu gənc xanımın həyata, ailəsinə, elmə bağlı olduğunu dərk edirəm. Hər səhifəsini diqqətlə oxuyur, hər şəklə diqqət kəsilirdim. Kitabı tezliklə oxuyub başa vurdum, həm sevindim, həm kədərləndim.

Ruhu yaralanmış, dünyanın bitməyən kədərini yaşayan, fikirlərində əbədi kök salan, heç vaxt unuda bilməyəcəyi öz ağrılarını yaxşı tanıyan ana, ürəyindəki bir yumaq dərdlə, yazdığı bu kitaba can, nəfəs vermişdi, elə bil müqəddəs yolun carçısı olan qızına həsr etdiyi vəcd dolu, qeyd edildiyi kimi, ilk və son bu əsərlə, qızının yarım qalmış ömrünü tamamlamaq istəmişdi. Elə bil, bu kitabla ananın qəlbində ağlayan həsrət dinəcəkdi. Kim bilir? İstər-istəməz bu məcmuə məndə qeyri-şüuri asılılıq yaratdı və hadisəyə biganə qala bilmədim. Kiçik bir yazıyla bu xanımı anmaq istədim. Amansız hüzn və kədər varlığıma hakim kəsilmişdi. Sonsuz həyacan və narahatçılıqla, öz hislərimlə danışaraq, gücümü toplayıb, düşüncələr içərisində urəyimi bir məngənə kimi sıxan, beynimə mismar kimi çaxılan,

dünyanın özü qədər qədim olan bu suallara cavab axtarmağa başladım. Qulaqlarımın get-gedə artan cingiltisinə, damarlarımda axan qanın, ağlımdan keçən fikirlərin səsinə qulaq asdım. İçimdəki narahat və nigaran fikirlər üzümə yansımışdı. Niyə belə oldu? Niyə arzu dolu bu insanların həyatları yarımçıq qaldı? Niyə? Niyə? Bitmək bilməyən suallar ruhumu tapdalayırdı. Buna taleyın istehzasımı deyim, yoxsa vəhşi şıltağlığı? Bəzi suallara cavab tapmaq həqiqətən çox çətindir. Gəlin həqiqətin düz gözlərinin içinə baxaq, incələyək. Reallığı qəbul etmək, reallığın özündən də vacibdir.

Bir anlıq ruhum bir səyyah olub oralara uçur və duyğularım baş verənləri qeydə alır. O duyğular elə bil hər daşa, hər divara toxunur, o səsləri oyadaraq, o günləri danışdıraraq həqiqətə sədaqətlə dolu bir halda əhatəni nəzərdən keçirirdi. Cəmiyyətdəki mövqeyimi nəzərə almayaraq, bu səhifədə hələ dördüncü sinifdən Azərbaycan Hərbi Himnini əzbər bilən, orta məktəbdə əla qiymətlərlə müəllimlərin sevimli şagirdinə çevrilən, şəkli şərəf lövhələrində daim yerini tutan, öz-özünü yetişdirən, vətənpərvər, Azərbaycan ənənələri ilə ayaqlaşan, həyat eşqi qaynayan və göründüyü kimi bu hisslərlə yaşayan, ən sonda isə bir şəhidə, mən deyərdim bir qəhrəmana çevrilən bu xanımın, öz yumruğu boyda olan, eyni zamanda çox zəngin qəlbinə nəzər salmaq istəyirəm.

Azərbaycanın dilbər guşəsi, Naxçıvan torpağında jurnalist ailəsində doğulan, boya-başa çatan, iki qardaşın tək bacısı, uzun illər “Respublika” və “Xalq qəzet”inin baş redaktorunun müavini vəzifəsində çalışmış, ziyalı şəxs, tanınmış sima olan, neçə-neçə, bir-birindən qiymətli kitab müəllifi Afət Sadıq oğlu Məmmədovun yeganə qız övladı idi Şəfa xanım. Ailənin yeganə qızı. 1993 ilin 15 iyulunda Naxçıvanda 11 nömrəli orta məktəbi fərqlənmə diplomu ilə başa vuran və onun üçün “açar” sözü “elm” olan, elm dağına söykənən, eyni zamanda hər bir millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm olduğunu bilən, ümüdlərinin mənzilinə tələsən, qət edəcəyi yol sayəsində fikir sahibi olan, yeniliklərə can atan bu gənc, istedadlı xanım, sonradan Naxçıvan Dövlət Universitetində “Biologiya” fakultəsinə daxil olaraq, 1999- il iyulun 7-də oranı da əla qiymətlərlə bitirmişdir. Daha sonradan öz ailəsi ilə Bakıya gəlmiş, Bakıda məskunlaşaraq, Azərbaycan Dövlət Universiteinin biologiya fakültəsinin magistraturasını uğurla bitirən, AMEA-nın Fiziologiya İnstitutunda aspirantura təhsilinə davam edən, Heft Akademiyasında avtomatlaşdırma fakültəsinin biotexniki və tibbi cihazlar kafedrasının laborantı vəzifəsində çalışaraq elmi fəaliyyətini davam etdirən…, təəssüf ki, arzuları kimi təhsili də bu hadisə ucbatından yarımçıq qalmışdır. Canlı bəyazlığı ilə göz qamaşdıran ağ gəlinliyini daha bu qanlı cinayətdən 18-gün öncə geymişdi Şəfa xanım. Daha 18-gün bundan əvvəl könlünün sirdaşı Rahim Tağıyev ilə nigah masasına əyləşib, imzasını ataraq dünya evinə girmişdi. Payına düşən bu xoşbəxtlikdən dadmaq, xoşbəxtlik çələngini sonacan daşımaq üçün. Amma, hardasa pərdənin arxasında tale acı gülüşlə gülərək dişlərini qıcayırdı... Cəmi 31 yaşındaydı, insanı insanlığından utandıran bu hadisə baş verəndə. Daha əlinin xınası belə getməmişdi bu nakam gəlinin. Nə cavanlığına doya bildi, nə də gələn xoşbəxtliyinə, yarıda qırılan ömür, məcburi ayrılığın yası, ağrı-acı dolu qurulan ağ mərasim çadırı, bu çadıra dolan dəhşətli ana harayı və beləliklə son vida. Bu qısa ömürdə, uzun və gerçək bir hekayə ilə zamanın özü, axıb-axıb tükənməyən dalğa kimi, yenidən onu qoynuna aldı, əbədiyyətə qovuşdu.

Öz üzərində məsuliyyət hiss edən, müqəddəs yolun, elm yolunun bələdçisi Şəfa xanım adəti üzrə həmin günü işə gəlmişdi. Öyrənib, öyrətmək, hər şeyin dərinliyində gizlənmiş elmi üzə çıxartmaq və elmli gələcək nəsillər yetişdirmək, ölkəsinin yüksəkliklərə qaldırılması naminə yeni-yeni elmi naliyyətlərə yiyələnmək, gələcəklə üz-üzə dura bilmək, yeni üfüqlərə yelkən açmaq üçün. Amma... Həmin səhər, Şəfa xanım və daha başqa on iki nəfər üçün sakit, eyni zamanda qüssəli və həddən artıq kədərli açıldı. Elə bil, ölüm qollarını açıb onları gözləyirdi. Qəzəb partlayışından doğan və gözlənilməz baş verən bu hadisə ilə üzləşən Şəfa xanım və həyatda özünün əsl formasını tapa bilən, fəzilət sahibi, bəlkə də gələcəyin səlnaməsini yaza biləcək daha on üç nəfər tələbə və müəllim həyatla əbədi vidalaşdılar. Bu insanların, gəncliklə birlikdə gələn xoşbəxtlikləri də əllərindən alındı.

İnsanlığa yaraşmayan bu hadisə, nifrət və sonsuz kin-küdurətlə zəhərlənmiş, qayda-qanunların düşməni olan, nə vətən, nə əxlaq tanıyan, xalqın inamını sarsıtmağa çalışan, asi, siyasi ehtirasların kor elədiyi, dincliyin və fikrin yolsuz düşməni, gözlərinin içində belə savaş qaynayan, Gürcüstan vətəndaşı Fərda Qədirov tərəfindən quduz gərginliklə baş vermişdir. O, təəssüf ki, qeyri-insani cəhdlə öz istədiyinə nail olmuşdur. Bir Allah bilir, harada hansı zorakılıqlar, vəhşiliklər burulğanında qatılaşmışdın. Buna vərdişin gücümü deyim, yoxsa yaddaşı. Sənin bu məsum insanları həyatdan məhrum eləməkdə, haqlarını oğurlamaqda güllələrin də gücsüzdür, acizdir. İnsan qəlbinin dərinliklərinə sirayət edən bu yazını yazarkən, bəzi məqamlarda nəfəsimi tutdum, bəzi məqamlarda ürəyimin döyüntülərini durdurdum, bəzi məqamlarda isə, gözlərimi yumaraq o günlərə getdim. Nəticədə xatirələrin güclü axarına düşdüm. Bu əsnada gözlərimi bütün üfüqdə başdan-başa toran çökən tünd göy dənizə dikib, o qabarıq dalğaların arzu və əməllərlə dolu olan bir qəlb kimi çırpındığını gördüm və uzun müddət hərəkətsiz qaldım, miskin sükutu yarıb, qeyri-iradı olaraq; - Gündüzlər günəş altında bərq vuran, çox şeyə şahid olan yaxınlığımdakı mavi dəniz, gecələr bir həzin səs pıçıldayır. Əlbəttə, bu sənin adın idi, Şəfa!

“Tariximizi qanı ilə imzalayan, tariximizin qəhrəmanına çevrilən, yaşı ilə deyil, yaşadıqları ilə böyüyən, şəhid olmaq üçün doğulan şəhidlər heç vaxt ölməz”. Şəfa xanım, sən əfsanəvi “Simurq quşu”- kimi öz külündən doğulacaqsan. İllər, əsrlər buna şahid olsun. Sən ölümünlə ölümü də qiymətləndirdin. Və anların izinə düşüb deyirəm,- O, həyatın yaddaşına bu cür həkk oldu. Ondan bizə yadigar qalan bircə şey isə; - “Sevgi”- oldu. Əvvəldə də dediyim kimi, dəyişməz xasiyyətlə;- Allaha, Vətənə, Ailəyə və Elmə. Bir fədaiyə çevrildi. Elm fədaisinə. Əbədi olaraq. “İlahi! insanın ruhunda nə böyük qüvvə var”. Sözümü dahi şair Hüseyn Cavidin bir misrası ilə bitirmək istəyirəm:

Kəssə hər kim tökülən qan izini,

Yaşadan dahi odur yer üzünü.

Gülnaz Qubalı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...