Qadınlar günü niyə qeyd olunur? MƏQALƏ

Beynəlxalq Qadınlar Günü və ya Dünya işçi qadınlar günü hər il 8 martda qeyd olunur. Və bu tarix Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış beynəlxalq statuslu bir gündür. 8 mart həm də insan hüquqları nöqteyi-nəzərindən qadınların siyasi və sosial şuurun inkisafına, iqtisadi, siyasi və sosial sahələrdə uğurlarının qeyd olunduğu gündür.

8 Mart 1857 tarixində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu York şəhərində 40.000 toxucu qadın daha yaxşı iş şəraiti tələbi ilə toxuculuq fabrikində tətilə başlayıb. Polislər tətil edən işçilərə hücum edərək bütün qadınları fabrikə toplayıb və onların sexlərdən kənara çıxmasına qadağa qoyub. Lakin bəlli olmayan səbəblərdən fabrikdə yanğın baş verib. Faciədə 129 işçi həlak olub. Yanğında ölən işcilərin cənazə mərasimində 10.000 insan iştirak edib.

26-27 avqust 1910 tarixində Danimarkanın Kopenhagen şəhərində keçirilən II Beynəlxalq Qadınlar konfransında (Beynəlxalq Sosialist Qadınlar konfransı) Almaniya Sosial-Demokrat Partiyasının liderlərindən olan Klara Çetkin 8 mart 1857-ci ildə toxuculuq fabrikində həlak olan qadın işçilərin şərəfinə 8 Mart tarixini “Dünya Qadınlar Günü” olaraq qeyd edilməsi təklifini irəli sürüb və çoxluğun qərarı ilə qəbul edilib.

1921-ci ildə Moskvada keçirilən III Beynəlxalq Qadınlar Konfransında 8 Mart Dünya İşçi Qadınlar günü olaraq qəbul edilib.

Birinci və İkinci Dünya Müharibəsi illərində 8 Mart gününün qeyd edilməsi bəzi ölkələrdə qadağan edilsə də 1960-cı ildə ABŞ-da yenidən daha geniş şəkildə qeyd edildi. 1975-ci ildə BMT-nin qərarı ilə 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirildi. İki il sonra 1977-ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının sessiyasında 8 mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.

Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bu günkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür. Bütün bunları nəzərə alaraq demək olar ki, 8 mart sadəcə, qadınlar günü yox, qadın-inqilabçılar günüdür.

Qərbdə Beynəlxalq Qadınlar Günü ilk dəfə məşhur bir hadisə kimi 1977-ci ildən sonra, Birləşmiş Millətlərin Baş Assambleyası üzv ölkələri 8 martın BMT-nin dünya sülhü və qadın azadlıqları Günü kimi qəbul olunmasına dəvət etdikdən sonra müşahidə olunmuşdur. 8 Mart Sovet hakimiyyəti illərindən qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.

Azərbaycan qadınına ən yüksək qiyməti Ulu öndər Heydər Əliyev verib.

Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu öndərimiz Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Qadınlarımız təkcə ailədə uşaq böyütmür eyni zamanda ölkənin siyasi, sosial, mədəni həyatında, bütün sahələrdə uğurla fəaliyyət göstərirlər. Bu gün Azərbaycan qadını öz hüquqlarını müdafiə etməyə qabil olan, dövlət quruculuğu prosesində fəal iştirak edən bir qüvvədir.

Ümummilli liderimiz Azərbaycan qadınlarının rolunu yüksək qiymətləndirərək demişdir: ”Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin dayağıdır".

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gender sahəsində dövlətimizin strateji kursu qadınların sosial həyatın bütün sahələrinə fəal cəlb olunmasını nəzərdə tutur. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən prezident İlham Əliyev bu istiqamətdə ölkədə ötən dövr ərzində xeyli iş görüb və hal hazırda da görməkdədir.Dünya standartlarına uyğun mükəmməl gender qanunvericiliyi bazası yaradılmışdır. Ulu öndərin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlətin qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin etdi. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır.

Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində dövlətimizin dayaqları möhkəmlənir, Azərbaycan daha da çiçəklənib, qüdrətli bir ölkəyə çevrilib.

8 mart Azərbaycan təqviminin ən fərəhli günlərindən biridir. Çünki bu bayram Azərbaycan anasının, tarixən ağlı, zəkası, gözəlliyi, namusu, sədaqəti, fədakarlığı ilə millətinə, torpağına başucalığı gətirən Azərbaycan qadınının bayramıdır.

Azərbaycan qadını öz əzəli funksiyası olan analıq vəzifəsini və borcunu da şərəflə yerinə yetirir, Vətən üçün milli-mənəvi dəyərlərimizin qoruyucuları, adət-ənənələrimizin yaşadıcıları olan, nəsillər arasında varisliyi ləyaqətlə davam etdirən övladlar tərbiyə edib yetişdirirlər.

Anadan danışarkən, Analığın ən gözəl nümunəsi vətənpərvər ruhda igid oğullar yetişdirən analardan danışmasaq olmazdı. Qarabağ müharibəsində övladları şəhid olmuş anaların günüdür bu gün. Acı ilə bərabər qürur hissi yaşayan anaların. Bu gunü bayram kimi yaşamağa bizim mənəvi haqqımiz varmı, bilmirəm, amma onu bilirəm ki, nəinki bu gün hər gün o anaların günüdür. Övladını itirən gündən həyatı dayanan anaların. Hansı ki, 44 günlük müharibədə oğullarını Qarabağımızı geri qaytarmaq üçün yola saldılar. Bunlar Azərbaycan anasının nə qədər müqəddəs olduğunun göstəricisidir. Xüsusilə şəhid analarını təbrik edirəm ki, övladlarına vətən yolunda canını verməyi öyrətdilər və Azərbaycan bayrağı verilən zaman "Vətən sağ olsun!" deyərək qəbul elədilər.

Bu bayram günündə qeyd etmək xüsusilə xoşdur ki, həmişə olduğu kimi, indi də qadınlar cəmiyyətimizdə hörmət və izzət sahibidirlər, onlara Dövlətimiz tərəfindən böyük diqqət və qayğı vardır.

Qönçə Quliyeva,

BDU-nun Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi

Bütün xəbərlər Facebook səhifəmizdə