Qanla yazılmış tariximiz - XOCALI

“Başımıza gətirilən soyqırımlar arasında Xocalı faciəsinin xüsusi yeri var. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Bu sözlər xalqımızın görkəmli ictimai–siyasi, dövlət xadimi, ümummilli lider Heydər Əliyevə məxsusdur.

Müasir dünyamızda qəbul edilmiş mənasına görə soyqırımı bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə məhv edilməsi prosesidir. Bu prosesin hər hansı ölkənin hökuməti tərəfindən həyata keçirilməsi əsas şərt olaraq qəbul edilir. Soyqırımın beynəlxalq səviyyədə qəbul edilmiş tərifi də onu deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktıdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Tarix boyu ermənilər azərbaycanlılara qarşı soyqırım siyasəti aparmış və bütün dövrlərdə xalqımız bunun acı nəticələrini hiss etmişdir.

Azərbaycan xalqının da taleyində ağlı–qaralı günlər çoxdur. Bəzən sevincimizə sevinib, kədərimizə “alın yazısı” deyib təsəlli tapmışıq. Ən böyük kədərimiz və faciəmiz insanlıqdan, mənəviyyatdan, mədəniyyətdən uzaq olan ermənilərlə eyni regionda, “qonşu” olaraq yaşamağımızdır. Nə qədər düşünsən də bu dərdi unutmaq üçün təsəlli tapmırsan. Bu, alın yazısı da deyil. Çünki, biz bu üzdəniraq qonşularla iki əsrdən bir qədər artıq vaxtdır ki, eyni regionda yaşayırıq. Ermənilərin Qafqaza gəlməsinin iki əsrlik tarixi var. Ümumilikdə ayrı–ayrı dövrlərdə 100 mindən artıq soydaşımız erməni vəhşiliyinin qurbanı olub, 3 milyona yaxın azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıb, saysız–hesabsız insanlar sağlamlığını itirib. Qətlə yetirilənlərin çoxu xüsusi qəddarlıqla öldürülüb. XX əsrin sonlarında ermənilər yeni “ideyalar” fikirləşməyə başladılar. Əslində bu, yeni deyildi. Onlar köhnə arzularını yeni metodlarla həyata keçirmək istəyirdilər. Amma onların bütün hərəkətlərinin əsasını vəhşilik, soyğunçuluq, insanlara zülm etmək və s. təşkil edir. Tarixi düşmənlərimiz bu arzularını gerçəkləşdirə bildilər. Xocalıda, Daşaltıda, Malıbəylidə, Kərkicahanda və işğal olunmuş bütün ərazilərimizdə ermənilər vəhşiliklər törətdilər, soydaşlarımız qətlə yetirdilər. Azərbaycan ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra xalqımızın tarixi keçmişini daha dərindən araşdırmaq, öyrənmək imkanı qazandı.

Xalqımızın çətin, keşməkeşli və şərəfli həyat yollarında nələrin baş verdiyi tamamilə aydınlaşdı. Sirr deyildi ki, tarixin bütün mərhələlərində ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasəti aparmışlar ki, bunun nəticəsində onminlərlə soydaşımız qətlə yetirilib. Amma ermənilərin hansı məqsədlərlə regiona köçürülməsi bir qədər qaranlıq qalsa da, baş verən hadisələrin fonunda hər şey aydınlaşdı. Havadarlarının köməyindən istifadə edən ermənilər torpaqlarımızı işğal etmək, dinc əhalini kütləvi şəkildə qətlə yetirmək barədə düşünürdülər. 1988–ci ildən başlayaraq Qarabağda yaşayan ermənilər yerli azərbaycanlıları sıxışdırır, onları öz torpaqlarından didərgin salmağa çalışırdılar. Hətta düşmənlər azərbaycanlıları qətlə yetirməkdən də çəkinmirdilər. Onların bu cavabsız əməlləri get-gedə başqa mətləblərdən xəbər verirdi. Qarabağın və düşmənlərlə sərhəd boyu ərazilərimizin hər qarışının müdafiəsi uğrunda gedən döyüşlər intensivləşdikdən sonra isə hadisələr başqa istiqamətdə cərəyan edirdi. Demək olar ki, hər gün cəbhədə ölüm halları olurdu. Lakin ermənilər bununla kifayətlənməyərək dinc əhalini kütləvi şəkildə qırmaq barədə düşünürdülər.

29 il əvvəl ermənilər Xocalıda dəhşətli qətliam törətdilər. 1992–ci ildə fevralın 25–dən 26–na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın 366–cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərini işğala başlayaraq, orada yaşayan etnik azərbaycanlıları vəhşicəsinə qətlə yetirməyə başladılar. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Qarqar çayı istiqamətində meşələrə doğru qaçmağa məcbur olmuşdu. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən burada da xüsusi qəddarlıqla məhv edilmişdir. Dinc əhaliyə qarşı olduqca amansız davranan düşmənlər qarşılarına çıxan hər kəsi güllələdilər, yüzlərlə soydaşımızı xüsusi qəddarlıqla qətlə yetirdilər. Analara, uşaqlara, qadınlara, qocalara belə rəhm etmədilər. Xocalı qətliamı zamanı ermənilərin vəhşi hərəkətləri bəşəriyyət tarixində baş vermiş ilk belə hadisə deyil. Onlar ötən əsrin əvvəllərində də xalqımıza qarşı eyni vəhşiliklər törətmişlər. Erməniləri heç vaxt bağışlamaq, onlara bel bağlamaq olmaz. Xocalı şəhərində dünyada analoqu olmayan vəhşiliklər törətdilər. Düşmənlər yaşından, cinsindən, sağlamlıq durumundan asılı olmayaraq, qarşılarına çıxan hər kəsi xüsusi amansızlıqla qətlə yetirdilər. Anaların fəryadına, uşaqların göynərtisinə, qocaların harayına məhəl qoymadılar. Körpələri, uşaqları diri-diri tonqallara atdılar, qadınların bədən hissələrini kəsdilər, qocaları ayaqlar altında tapdaladılar. Anaların gözləri qarşısında uşaqların başlarını kəsdilər, gözlərini çıxartdılar.

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Erməni vəhşilikləri nəticəsində bir gecədə 63–ü uşaq, 106–sı qadın, 70–i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76–sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. 1000 nəfərdən artıq insan əlil və şikəst oldu. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Azərbaycanda Xocalı soyqırımının dünya mətbuatında işıqlandırılması əsasən Azərbaycanın Milli qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlıdır. O, qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Xocalının müdafiəsi zamanı Azərbaycanın yeddi Milli Qəhrəmanı iştirak etmişdir. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. İndiyədək ABŞ–ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı", "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır. “Memorial” İnsan Hüquqları Mərkəzinin 25–26 fevral 1992–ci il tarixdə Xocalı yaşayış məntəqəsinin işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı hesabatında qeyd olunur ki, hücuma qədər Xocalıda şəhərin bir neçə yüz müdafiəçisi də daxil olmaqla 2–4 min əhali yaşayırdı.

Hələ 1948–1953–cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş və onlar Azərbaycanın Kür–Araz düzənliyində yerləşdirilmişlər. 1988–ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988–ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının “dənizdən–dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək üçün bütün cinayət və vəhşiliyə hazır olduğunu bir daha nümayiş etdirdi.

Bu tarixi cinayətin baş verməsində günahkar yalnız ermənilərdir. Çünki, XX yüzilliyin sonlarında Xocalıda baş verənlər bir daha bunu sübut etdi. Dünya ilk dəfə bu cür vəhşiliyin şahidi olurdu. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir soydaşımız üçün nümunə olmalıdır. Yeri gəlmişkən, soyqırıma qiymət verilməsi siyasi aksiya olmaqla yanaşı, həm də hüquqi məsələdir. Bu mövzu hüquqşünaslar tərəfindən araşdırılmalı, hər bir hüquqşünas ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın beynəlxalq hüquqi qiymət almasına istiqamətlənmiş tədbirlərdə əlindən gələni əsirgəməməlidir. Çünki hüquqi baxımdan Xocalıda baş vermiş qətliam təsadüf və ya ehtiyatsızlıq üzündən deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008–ci il mayın 8–dən başlayan "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edilir. Ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997–ci il fevralın 25–də imzaladığı sərəncamla hər il fevral ayının 26–sı saat 17.00–da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda Xocalıda, 2016–cı ilin Aprel döyüşlərində, I və II Qarabağ müharibəsində canlarından keçən qəhrəmanların xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

Cəmil Quliyev

Lənkəran Dövlət Universitetinin nəzdində

Sosial və Aqrar–Texnoloji Kollecin müəllimi, t.ü.f.d.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...