Milli və bəşəri dəyərləri birləşdirən ideologiya - ANALİZ

Azərbaycançılıq Azərbaycanı özünə vətən sayan bütün xalqların, özünü azərbaycanlı sayan bütün insanların etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyasına söykənir

Azərbaycan tarixən müxtəlif millətlərin, fərqli din mənsublarının dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və dinin nümayəndələri sülh və mehribanlıq şəraitində yaşayıblar. Bu tarixi ənənə bu torpaqlarda böyük və zəngin mədəniyyətin yaranmasına, vahid dəyərlərin formalaşmasına səbəb olub. Azərbaycanda yaşayan bütün insanlar belə görüb, belə tərbiyə olunub, belə yaşayıb. Məhz buna göər də, bu gün Azərbaycan öz multikultural cəmiyyət sistemi, vahid ümumi dili, ümumi mədəniyyəti, ümumi mənəvi-psixoloji dəyərləri ilə dünyaya nümunədir.

Azərbaycançılıq ideologiyasının mahiyyəti

Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir.

Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, təfriqəçilik və şovinizmə qarşı ən güclü ideologiyadır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Çünki "xalq" anlayışı həm mənəvi, həm sosial cəhətdən həmişə "millət"dən yüksək dayanır. Əgər millət sözü konkret bir etnik qrupa aiddirsə, xalq müxtəlif etnik qrupların ümumi dəyərlər, ümumi mədəniyyət ətrafında birləşdiyi daha yüksək bir cəmiyyət formasıdır.

Çoxmillətli Azərbaycan xalqını birləşdirən Azərbaycançılıq demokratik inkişafa, müstəqil hüquqi və sosial dövlətin qurulmasına xidmət edir. Bu gün dünyada inkişaf etmiş dövlətlər vətəndaş dövlətləridir. Misal üçün Amerika, Rusiya, Britaniya, Almaniya, Çin, İtaliya, Kanada kimi inkişaf etmiş güclü ölkələrdə vətəndaş statusu, etnik, dini, siyasi, sosial, mədəni statuslardan yüksəkdə durur.

Azərbaycançılıq ideologiyasının ilk liderləri

Azərbaycançılıq ideoloji konsepsiyasının təşəkkülündə şəxsiyyətlərin, liderlərin mühüm rolu danılmazdır. Azərbaycan tarixində də zaman-zaman böyük liderlər olmuş və xalq onların ətrafında birləşərək öz Vətəni uğrunda, ümumi mənafelər naminə mübarizə aparmışlar. Tariximizdə belə şəxsiyyətlərdən Babək, Şah İsmayıl kimi böyük liderlərimizi nümunə göstərmək olar.

XX əsrdə isə Nərimanov, Topçubaşov, Rəsulzadə, Xoyski kimi Azərbaycançılıq məfkurəsinə sahib dövlət rəhbərləri və milli liderlər olmuşdur. Bu şəxsiyyətlərdən hər biri öz imkanları və dövrün şərtləri çərçivəsində Azərbaycan dövləti və xalqı üçün çalışmışlar. Lakin bir çox hallarda geosiyasi reallıqların düzgün qavranılmaması, strateji proqramın, həmçinin yaxşı komandanın olmaması onlara son məqsədə nail olmağa imkan verməmişdir.

Hansı ki, 1-ci və 2-cü respublikanın dövlət başçıları olmuş Rəsulzadə və Nərimanov kimi şəxsiyyətlər də Azərbaycançılıq məfkurəsinə sahib olmalarına baxmayaraq, onlar bu ideologiya vasitəsilə bütün xalqı birləşdirməyə, dövlətin müstəqilliyini qoruyub saxlamağa nail ola bilmədilər.

Azərbaycançılığı daha güclü və əbədi bərqərar edən lider

1969-cu ildən başlayaraq respublikaya rəhbərlik etdiyi 13 il ərzində Heydər Əliyev Azərbaycançılıq ideologiyasının əsas bazasını hazırladı. Milli dilin dövlət sənədləşmələrində üstünlük qazanması, ana dilində təhsil ocaqlarının və KİV-lərin sayının artması, milli kadrların yetişdirilməsi, Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsi, təbliği və qorunması, xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin gücləndirilməsi işi geniş vüsət aldı. Beləliklə, xalqımızın milli kimliyini daha yaxşı dərk etməsi üçün ideoloji baza hazırlandı

1991-ci ilin dekabrında Sovet İttifaqı dağıldı və 1992-ci ildən etibarən Azərbaycan müstəqil dövlət kimi dünyada yerini tutmağa başladı. Lakin Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində baş verən ağır müharibə şəraitində ölkəyə rəhbərlik edən səriştəsiz şəxslərin yarıtmaz fəaliyyəti respublikanı ağr vəziyyətə saldı. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev qısa müddətdə problemlərin həllinə girişdi. İlk işlərdən biri də ölkədə milli birliyin, vətəndaş həmrəyliyini təmin etmək idi.

Heydər Əliyev hesab edirdi ki, yalnız Azərbaycançılıq, respublikada yaşayan bütün millətlərin nümayəndələrinin bərabərliyi və əməkdaşlığı, həmrəylik, milli-mənəvi dəyərlərin qorunması, ümumi tarix və ümumi ünsiyyət dili etnik mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlıya özünü həqiqi vətəndaş kimi hiss etmək imkanı verəcəkdir. Bu siyasət özünü doğrultdu və tezliklə vətəndaş həmrəyliyi bərpa olundu.
Ümumilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışında bunu belə ifadə edib: “Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”. Bu prinsiplər üzərində ümumilli lider Azərbaycan dövlət siyasətinin bazasını əks etdirən Azərbaycançılıq ideyasının əsaslarını bəyan etmişdir.

Azərbaycançılıq coğrafi deyil, sosial-siyasi anlayışdır

Azərbaycançılıq Azərbaycanın ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya davakar millətçiliyi inkar etməklə bərabər, Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən insanları birləşdirir.

Beləliklə, azərbaycançılıq milli-mənəvi varlığının ilkin əlamətlərini, xalqın kimliyini əks etdirən, mədəni təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik Azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Bu cəhətdən, Azərbaycançılıq coğrafi anlayış deyil, daha çox siyasi anlayışdır.

Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının I qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun prioritet istiqamətini nəzərə çatdırmışdı: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Bu gün azərbaycançılıq milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və fıravanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Azərbaycançılıq özündə “vətəndaşlıq”, “vətənpərvərlik”, “loyallıq”, habelə cəmiyyət və dövlət qarşısında vətəndaşın məsuliyyətini birləşdirir.

Azərbaycançılıq ideologiyası qloballaşma dövründə

Müasir dövrdə qloballaşmanın mənəvi dəyərlərə və milli mədəniyyətə təsiri getdikcə güclənir. Qloballaşan dünyada millətçilik hissi daha çox vətəndaşlıq, loyallıq və tolerantlıq hissləri ilə əvəz olunur. Müasir dövrdə milli ideologiya ilə ümumbəşəri dəyərlərin ahənginə nail olmaq, qloballaşma prosesinə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün çox vacibdir. Azərbaycançılıq ideyası bu çağırışlara cavab verir, milli mənsubluğun müdafiəsi ilə yanaşı, ümumbəşəri dəyərləri də özündə ehtiva edir.

Bu cəhətdən Azərbaycançılıq ölkəmizin dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Çünki bu, mütərəqqi dünya dəyərlərini (tolerantlıq, multikulturallıq) özündə birləşdirən ideologiya kimi qəbul olunur.
Prezident İlham Əliyevin öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, "bu gün Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir. Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini qoruyub saxlaması müstəsna əhəmiyyət kəsb edir. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər”.

(Davamı olacaq)

Elçin Bayramlı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təblığı" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...