Vətəndaşlar yazırlar: Bu mübarizədə qalib gələcəyimizə inanırıq, çünki bizim Sizin kimi qüdrətli və müdrik Prezidentimiz var

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə vətəndaşlarımızdan, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyə və digər ölkələrin vətəndaşlarından məktublar gəlməkdə davam edir.

SİA Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

Türkiyənin Şanlı Urfa şəhərindən Etem Bulut yazır: “Möhtərəm cənab Prezident, Sizi ölkəmin bütün vətəndaşları adından salamlayır, qazandığınız uğurlara görə təbrik edir, şəhidlərinizə görə başsağlığı verirəm. Allah köməyiniz, qılıncınız düşmənə qarşı kəsərli olsun. İnşallah, sizlərlə bağlı xoş dualarımız qəbul olunar. Qəlbimiz sizlərlə - can Azərbaycanla bir yerdə vurur və daim Sizin yanınızdayıq. Mən Şanlı Urfada yaşayıram, sənətkaram. Özüm və övladlarım daim əmrinizə hazırdır. Sizlərdən Azərbaycanın tam qələbəsi ilə bağlı səbirsizliklə xəbərlər gözləyirik. O xəbərlə təkcə Azərbaycan deyil, bütün Türkiyə də xoşbəxt, məsud olacaq. Rəbbim yolunuzu açıq etsin, əsgərlərimizi qorusun, ayaqlarına daş belə dəyməsin və düşmənlərimizin hiylələrini pozsun! Sizi çox sevirik, Azərbaycanı sevirik, Qarabağ bizimdir!”.

Ukrayna Makeevka şəhərindən Qəribşah Feyzullayev yazır: “Hörmətli cənab Prezident, Azərbaycan xalqına və bütün dünyaya çatdırdığınız şad xəbərlərə görə Sizə minnətdarıq. Allah Sizə cansağlığı, uzun ömür versin. Azərbaycan xalqının rifahı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq. Yaşasın Azərbaycan əsgəri! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”.

Ukraynanın Jitomir şəhərindən Rac Qasımovun məktubunda deyilir: “Cənab Ali Baş Komandan, 2020-ci il sentyabrın 27-dən Qarabağ cəbhəsində başlayan erməni təxribatları bizləri - Ukraynanın Jitomir şəhərindəki azərbaycanlıları da çox narahat edir. Bu, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə mülki əhalini və obyektlərini atəşə tutmasının qəsdən və hədəflənmiş növbəti təxribatıdır. Lakin Sizin rəhbərliyinizlə və göstərişinizlə Azərbaycan Ordusu cəbhəboyu zonada Ermənistan silahlı qüvvələrinə dağıdıcı zərbə vurur. Milli Ordumuz günü-gündən cəbhədə irəliləyərək erməni təxribatçılarını torpaqlarımızdan çıxmağa məcbur edir. Cənab Prezident, Siz daim dünya dövlətlərinə, beynəlxalq təşkilatlara çağırış edərək, regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətindən işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsini tələb edirdiniz. Lakin Ermənistan hər zaman sülh danışıqlarına məhəl qoymayaraq qeyri-konstruktiv mövqe nümayiş etdirirdi. Bu gün isə Sizin düşünülmüş və qətiyyətli addımlarınızın nəticəsini görürük və bütün bunlar bizi hədsiz dərəcədə sevindirir. Möhtərəm Prezident, Sizin daxili və xarici siyasətinizi dəstəkləyir, əldə olunan uğurlara görə Sizi və xalqımızı təbrik edirik”.

Türkiyənin Düzcə şəhərindən Erkan Cin yazır: “Hörmətli cənab Prezident, hər şeydən əvvəl Allahdan şəhid zirvəsinə yüksələn Azərbaycan əsgərlərinə və mülki insanlara rəhmət diləyirəm. Allah şəhidlərimizin kədərli ailələrinə, xüsusən də Sizə və bütün Azərbaycan xalqına səbir versin. Yaralılara isə tezliklə şəfa tapmalarını arzulayıram. Xalqınızın dərdini, kədərini qəlbimizdə hiss edirik. Əcdadların əsl türk olaraq Osmanlı İmperatorluğunun vaxtından bu günə qədər eyni yerdə ləyaqətlə yaşamışdır. Hazırda Türkiyə Respublikasına xidmət edən bir dövlət məmuruyam. Müxtəlif səbəblərdən iki dəfə Azərbaycana, yəni Bakıya gəlmişəm və bunun sayəsində Azərbaycan coğrafiyasını və xalqınızı yaxından tanımaq fürsəti tapmışam. Mən bir çox azərbaycanlı dost və qardaş qazanan xoşbəxt türklərdənəm. İstəyirəm ki, bu müharibədə Azərbaycan xalqının haqlı mübarizənizdə sonacan yanınızda olduğumu biləsiniz. Həm də istəyirəm biləsiniz ki, razılığınız olduğu halda hər cür kömək üçün Azərbaycana gəlməyə və verəcəyiniz istənilən vəzifəni yerinə yetirməyə hazıram. Lazım gələrsə, cəbhədəki əsgərlər qardaşlarımız üçün yemək və su, ehtiyac olsa, kürəyimdə güllə daşıyıram və ya onlar üçün səngərlər qazaram. "Bir millət, iki dövlət" ifadəsi mənim üçün sonsuza qədərdir. Allah Azərbaycan xalqının yar və yardımçısı olsun”.

Zaqatala sakini Dilbər İsayeva: “Hörmətli Ali Baş Komandan, əziz Prezidentimiz, şanlı ordumuz düşmən tapdağı altında olan torpaqlarımız uğrunda gedən döyüşlərdə şücaət göstərərək bir çox yaşayış məntəqəsini işğaldan azad etmişdir. Cəbrayıl, Füzuli və Zəngilan şəhərinin azad edilməsi Şuşaya və Xankəndiyə gedən yolları açıb. Dövlət və xalqımızın Qələbə sevinci ilə yaşadığımız bu günlər bütövlükdə Azərbaycanımızın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdir. Qarabağ Azərbaycandır!”.

Ağcabədi sakini Mübariz Atakişiyev: “Hörmətli cənab Prezident, mən 70 yaşlı idrakla dərk edən bir insan kimi Sizin siyasətinizi və qətiyyətli mövqeyinizi dəstəkləyirəm. Ordumuzda olan ruh yüksəkliyi, xalqımızın Sizi dəstəkləməsi məni sevindirir, yaşamaq eşqimi artırır. Bu yaşımda Ordunuza və Sizə dayaq oluram, bundan özümü xoşbəxt hiss edirəm. Cənab Prezident, iqtisadiyyatımızı gücləndirdiniz, nizami ordu yaratdınız, qətiyyətli mövqeyinizlə indi də dövlətimizin ərazi bütövlüyünü bərpa edirsiniz. Allahdan bu yolda Sizə və Ordumuza yardımçı olmasını diləyirəm. Cənab Ali Baş Komandan, bu gün Siz tarix yazırsınız. Tarix Ulu Öndərimiz və Sizin kimi şəxsiyyətləri 100 ildə bir dəfə yetirir. Qoy ölkəmizə qısqanclıqla yanaşan bütün dövlətlər, şəxslər baxıb utanc hissi keçirsin. Allahdan bir arzum var ki, Qələbədən sonra Siz Qarabağa gələndə Sizinlə görüşmək mənə nəsib olsun. Bir daha Sizə minnətdarlığımı bildirirəm”.

Şabran sakini Rəhimə Allahverdiyeva: “Möhtərəm cənab Prezident, mən 76 yaşlı nənə kimi bu məktubu yazmaqla milli azlıqlar - tatların əsgər anaları və nənələri adından Azərbaycan xalqını, Ali Baş Komandanımızı, ordumuzu şanlı qələbələr münasibətilə ürəkdən təbrik edirəm. Nəhayət, Sizin əmrləriniz və komandanlığınızla torpaqlarımız işğaldan azad olunur. Fəxr edirəm ki, mənim də nəvəm qəhrəman Azərbaycan ordusunun tərkibində Vətənin azadlığı uğrunda döyüşlərdə şücaət göstərir. Mən özümü bütün Azərbaycan Ordusunun əsgərlərinin nənəsi hesab edirəm. Allah əsgərlərimizi qorusun! Ali Baş Komandanımıza, əsgərlərimizə mərdlik, şücaət, Allahdan cansağlığı arzu edirəm. Bütün xalq Sizin və Ordumuzun arxasındadır. Uğurlar arzulayırıq, Allah Sizinlə olsun!”.

Bakı şəhər sakini Vüsal Nəbiyev: “Möhtərəm cənab Prezident, ilk növbədə, Sizi öz adımdan və ailə üzvlərimiz adından salamlayıram. Mən də bütün Azərbaycan vətəndaşları kimi Sizə öz təşəkkürümü bildirmək istəyirəm. Mən özüm məcburi köçkün ailəsində doğulmuşam. Atam Xankəndi şəhərində, anam isə Laçın rayonunda anadan olub. Mən özüm Xəzər rayonu Binə qəsəbəsində məcburi köçkün məktəbi olan Laçın rayonunun Bəhmən Səfərəliyev adına tam orta məktəbinin şagirdiyəm. İnşallah, doğma torpaqlarımızı işğaldan tam azad edəcəyik. Qarabağ bizimdir! Qarabağ Azərbaycanındır!”.

Tovuzdan Rəşid Rəhimov yazır: “Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə rəşadətli Ordumuz əzəli torpaqlarımızı işğaldan azad edir. Mətin, cəsarətli əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini, hərbi texnikasını darmadağın edirlər. Qələbələrimizə görə Sizi və xalqımızı ürəkdən təbrik edirəm. Cənab Prezident, mən hazırda təqaüdçüyəm, lakin uzun müddət Daxili İşlər orqanlarında sabiq polis mayoru rütbəsində çalışmış, Qarabağ döyüşləri iştirakçısı kimi qətiyyətlə deyirəm ki, əmriniz olacağı təqdirdə, ön cəbhəyə gedib igid əsgərlərlə çiyin-çiyinə vuruşmağa hazıram. Yaşasın Azərbaycan! Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!”.

Şəmkir sakini Rəsul İbrahimov: “Hörmətli cənab Prezident, Milli Ordumuzun qazandığı bu vacib uğurlar və döyüş meydanındakı qələbələr münasibətilə Sizi təbrik edirəm. Bundan sonra da yeni-yeni qələbələr, uzun ömür, cansağlığı arzulayıram. Siz Koroğlunun, Babəkin və Şah İsmayılın göstərdikləri qəhrəmanlıqları xalqımızın gözü qarşısında təkrar etdirdiniz. Xalqımız heç vaxt bu cəsur əməllərinizi unutmayacaq. Cənab Prezident, hələ Tovuz hadisələri baş verən zaman mən 86 yaşlı bir ahıl olmağıma baxmayaraq Sizə müraciət edərək ermənilərə qarşı vuruşmağa hazır olduğumu bildirmişdim. Bu yaşımda yenə həmin fikirdə qalıram. Əmin ola bilərsiniz ki, bütün Azərbaycan xalqı, körpədən tutmuş yaşlı nəslə kimi hamı Sizin arxanızdadır və Sizi dəstəkləyirlər. Nəinki mən, mənim yaşda olan nəslimizin hamısı cəbhəyə gedərək düşmənlə döyüşməyə hazırdır. Biz Sizin əmrinizi gözləyirik! Hörmətli Prezident, hər bir kəndimizin düşməndən azad edilməsi bizim ömrümüzü uzadır, fərəhimizi artırır, başımızı ucaldır. Arzum budur ki, üçrəngli Bayrağımız tezliklə Şuşada və Xankəndidə dalğalansın. Müharibə Qələbə ilə başa çatandan sonra respublikamızın daha da çiçəklənməsini arzulayıram”.

Kürdəmir sakini Tehran Hüseynov: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, ordumuzun göstərdiyi şücaətə və Sizin qətiyyətli addımlarınıza görə öz adımdan və bütün neftçilər adından Sizə təşəkkürümüzü bildirir, uzun ömür və cansağlığı arzulayırıq. Apardığınız haqq siyasətində, Vətən savaşında qalib gələcəyimizə bütün qəlbimizlə inanırıq. İşğaldan azad olunacaq torpaqlarımızın hər bir guşəsində üçrəngli Azərbaycan bayrağının fəxarətlə dalğalanacağı günü səbirsizliklə gözləyirik. Qarabağ canda candır, Qarabağ Azərbaycandır!”.

Goranboy sakini Tərgül Ələsgərova: “Cənab Prezidentim, mən bu məktubumu Sizə bütün Veyisli kənd camaatı adından yazıram. Biz Vətənimizin bu haqlı savaşda qalib gələcəyinə bütün varlığımızla inanırıq. Çünki bizim Sizin kimi qüdrətli və müdrik dövlət başçımız var. Sizə çox güvənirik və hər bir qərarınızı dəstəkləyirik. Əminik ki, uzaqgörən siyasətiniz sayəsində dövlətimiz bütün çətinliklərin öhdəsindən gələcək. İnşallah, tezliklə Sizdən tam Qələbə xəbərini də alarıq. Yaxşı ki, varsınız və bizim Prezidentimizsiniz. Allah şəhidlərimizə rəhmət eləsin, Sizi və əsgərlərimizi qorusun!”.

Laçın sakini Cəlil Hüseynov: “Azərbaycan xalqının əbədi xilaskarı cənab Prezidentim, Siz müdrik siyasətinizlə Azərbaycan tarixində heç bir zaman silinməyəcək qəhrəmanlıq salnaməsi yazdınız. Sizin qatı düşmənə qarşı verdiyiniz qətiyyətli əmriniz Azərbaycan xalqının ürəyincə oldu. Hörmətli Prezident, hamı kimi mən də - 93 yaşlı Cəlil baba da çox sevindim. Sevindim ki, mən öz kəndimi yenidən görəcəyəm, orada həyatımın sonunu yaşayacağam. Arzum budur ki, tezliklə Laçının düşməndən azad edilməsi müjdəsini Sizdən eşidək. Əziz və sevimli Prezidentimiz, biz laçınlılar Sizinlə çox fəxr edirik. Laçın ağsaqqallıları adından Sizə sonsuz təşəkkürümü bildirirəm. Sizin əzəmətli heykəlinizi Laçın rayonunun ən ucqar zirvəsində görmək biz laçınlıların böyük arzusudur. Allah Sizi qorusun!”.

Astara sakini Sərfinaz Bayramova: “Əziz və hörmətli Prezidentimiz, mən bu məktubla nənəmin xahişi ilə həm onun adından, həm də öz adımdan Sizə minnətdarlığımı bildirirəm. 85 yaşlı nənəm Sizin televiziyadakı çıxışlarınızı görəndə sevinci yerə-göyə sığmır və israrla, Sizi bağrına basıb, təşəkkürünü bildirmək üçün görmək istədiyini deyir. Nənəm öz təqaüdündən torpaqlarımız tam azad olandan sonra qurban kəsdirmək üçün pul toplayır. Bizim üçün çox əzizsiniz, dəyərlisiniz. Biz Sizinlə fəxr edirik, hər şeyə görə çox sağ olun, cənab Prezident. Allah Sizi qorusun və bizə çox görməsin. Amin”.

Mingəçevir şəhərindən Eynullah Abbasov: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizi Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərinin, həmçinin digər yaşayış məntəqələrimizin mənfur düşmənlərdən azad olunması münasibətilə Mingəçevir şəhər “Tekstil” MMC-nin kollektivinin üzvləri adından təbrik edirəm. Hər gün aldığımız xoş xəbərlər bizi sevindirir, kollektivimizdə yüksək əhval-ruhiyyəyə səbəb olur. Biz daim Sizinləyik və xalqın sədaqətli oğulları kimi arxanızdayıq”.

Bakı şəhər sakini Əlizamin Sədiyarov: “Hörmətli cənab Prezident, tarixboyu ölkəmizin azadlığı və qorunması uğrunda yüzlərlə, minlərlə cəsur Azərbaycan övladları şücaət göstərmişlər. Bu gün göstərilən qəhrəmanlıq salnaməsi məhz Sizin - Ali Baş Komandanımızın adı ilə bağlıdır. İşğal altında olan torpaqlarımızın azad olunması missiyasının bizim nəslin üzərinə düşməsi böyük xoşbəxtlikdir. Mən də bu torpağın oğluyam. Hazırda məhkum həyatı yaşasam da hər gün xəyalən müqəddəs torpaqlarımızın erməni daşnaklarından təmizlənməsi uğrunda gedən döyüşlərdə iştirak edirəm. Mənim dayım 1992-ci ildə Ağdərə döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olmuşdur. Bu gün mən həmin yerlərdə dayımın qəhrəmanlığını təkrar etmək arzusundayam. Bu arzum həyata keçsə canla, başla Vətənə oğul olar, torpaqlarımızın azad olunmasında iştirak edərəm. Qarabağ Azərbaycandır!”

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...