Bizim işimiz haqq işidir, biz qələbə çalacağıq!

Təcavüzkar Ermənistanın işğal etdiyi ərazilərimizdə növbəti dəfə təxribata əl ataraq dinc azərbaycanlı əhalini hədəfə almasına, öldürməsinə, yaralamasına və mülki obyektlərə ziyan vurmasına cavab olaraq sentyabrın 27-də Azərbaycan Ordusu bütün cəbhəboyu əks hücuma keçib.

Cəbhədəki hadisələrlə bağlı Azərbaycan Prezidenti ölkədə hərbi vəziyyət və qismən səfərbərlik elan etmişdir. Ölkədə hərbi vəziyyətin elan olunması erməni təxribatlarına adekvat cavabdır. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir.

Hərbi vəziyyətin ölkədə elan olunması təkcə yüksək hərbi hazırlıqdan xəbər vermir, bu Fərman ilk növbədə xalq, dövlət və ordu birliyinə də işarə edir. Vətəndaşlarımız Prezident Fərmanlarını yekdilliklə dəstəkləyərək cəbhəyə yollanmaq üçün böyük ruh yüksəkliyi ilə Hərbi Komissarlıqlara müraciət etmişlər. Artıq bir neçə gündür ki, ölkənini bütün rayonlarından ehtiyatda olan əsgər və zabitlər cəbhəyə yollanırlar.

Ölkədə hərbi vəziyyətin elan olunması militarist ritorikanın davamı deyil. Bu fərman erməni işğalının qarşısının alınması siyasətinin davamıdır.

Sözügedən fərmanların xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə hazır olması barədə mesajdır.

Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərdəndir.

Ordumuzun düşməni əzəcəyi şəksizdir. Bunu deməyə əsas və dərin inam var. Çünki işğalçı Ermənistana bundan əvvəlki təxribatlarında da Ordumuz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ağır zərbələr endirib. Ermənistan tərəfindən işğal olunmuş ərazilərin bir hissəsi 2016-cı ilin Aprel döyüşlərində azad edildi. Hərbi təcavüz nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin həllindən boyun qaçıran işğalçı Ermənistan bu ilin iyul ayında dövlət sərhədimizin Tovuz rayonu istiqamətində keçən hissəsində törətdiyi təxribata görə cəzalandırıldı. İşğalçı ölkəyə bir daha deyildi ki, sülhə nail olmaq üçün yalnız bir yol var: Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxmalıdır.

Son 3 gün ərzində cəbhə xəttində əldə edilən uğurlar hamını sevindirir və qürurlandırır. Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini edib, bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır.
Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

İsrafil Kərimov, Azərbaycan Jurnalıstlər Birliyinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə