Ermənistan beynəlxalq hüquq normalarını heçə sayır

27 sentyabr tarixli hadisələr bir daha onu göstərdi ki, Ermənistan işğalçı dövlətdir. Azərbaycan isə yalnız özünü müdafiə etmək üçün əks-hücum əməliyyatlarını həyata keçirir. Ermənistan Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutmaqla növbəti dəfə qeyri-humanist mahiyyətini, insanlığa qarşı olduğunu sübut edir. Mülki obyektlərin və dinc əhalinin vurulması Ermənistanın insanlığa qarşı cinayətidir.

Qürurverici məqam isə ondan ibarətdir ki, əldə olunan uğurlar, qazanılan nailiyyətlər Ermənistanın ölkəmizə hələ də davam edən hərbi təcavüzü şəraitində əldə olunub. Hazırda işğalçı Ermənistan beynəlxalq hüquq normalarına qarşı olduğunu nümayişkaranə şəkildə meydana qoyaraq təcavüzkar siyasətini davam etdirir. Cənubi Qafqazda ciddi təhdidlər yaradan işğalçı Ermənistanın qanuna zidd əməlləri ilə bağlı BMT-nin qərarlarının həyata keçməməsi, beynəlxalq qurumların müvafiq addımlar atmaması vəziyyəti daha da kəskinləşdirir, təhlükənin miqyasını artırır. İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan buna peşman olacaqdır.
Azərbaycan Respublikası müstəqillik qazandığı ilk günlərdən regionda sülhün başlıca tərəfdarı və insan hüquqlarının müdafiəçisi kimi dünya ictimaiyyətinın diqqətini erməni yalanlarının ifşa edilməsinə yönəltmişdir.

Hazırda Azərbaycan Ordusu işğalçı erməni əsgərlərinin layiqli cavabını verməklə regionda Ermənistanın törətmək istədiyi hər cür təxribat və pozuculuq fəaliyyətlərinin qarşısını almaqdadır. 2010-cu ilin iyununda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun təkbaşına ermənilərlə döyüşə girərək onların çoxlu sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etməsi hər bir əsgərimiz üçün nümunədir. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaradıb. Bütün ölkə vətəndaşları cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndirirlər. Bu, Azərbaycan cəmiyyətində vətənpərvərlik hisslərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir.

Orduya könüllü kimi yazılanların sayının dayanmadan artması vətənpərvərliklə yanaşı, orduya olan inamdan irəli gəlir. Bu gün Azərbaycan güclü orduya malikdir və Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyəqadirdir. İnanırıq ki, tezliklə bütün torpaqlarımız işğaldan azad olunacaq.

Pərvanə Əzimova, 169 saylı orta məktəbin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə