İstanbulda Nuru Paşanın məzarı ziyarət olunub

1918-ci il sentyabrın 15-də Bakının erməni-daşnak və bolşevik birləşmələrinin işğalından azad olunmasının 102-ci ildönümü münasibətilə İstanbulun Ədirnəqapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və onunla birlikdə savaşan 27 əsgərin dəfn edildiyi məzar-abidə kompleksi ziyarət olunub. SİA xəbər verir ki, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçılar Nuru Paşanın abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Mərasimdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, İSTAD-ın sədri Səfər Qaraqoyunlu və digərləri Bakının daşnak işğalından azad olunmasında böyük rol oynayan Nuru Paşanın və əsgərlərinin dərin ehtiramla anılmasının hər iki qardaş ölkənin vətəndaşlarının onlara vəfa borcu olduğunu bildiriblər.

Çıxışçılar Nuru Paşanın qələbədəki tarixi rolundan danışıb, onun Türkiyədən Azərbaycana uzanan qəhrəmanlıq yolundan bəhs ediblər. Bildirilib ki, Osmanlı ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verib. 1918-ci ildə Bakının azad edilməsi tarixin ən böyük zəfərlərindən biri adlandırılıb. Qeyd edilib ki, aradan uzun illərin keçməsinə baxmayaraq, Qafqaz İslam Ordusunun qardaşlıq köməyi heç vaxt unudulmayacaq və Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.

Tədbirdə hər iki ölkədən olan ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə