Bu gün Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il keçir. 1993-cü ilin iyun-iyul aylarında Gəncədə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdamın müdafiəsini həyata keçirən yerli özünümüdafiə batalyonları erməni silahlı birləşmələri ilə qanlı döyüşlərə girdi. Ancaq heç bir kömək almayan batalyonların döyüşçüləri iyulun 23-də geri çəkilməyə məcbur oldular. Bununla da, 43 gün düşmənə sinə gərmiş Ağdam şəhəri süqut etdi. İşğalçı erməni silahlı birləşmələri evlərə od vurdu, mədəniyyət abidələrini dağıtdı, insanların əmlaklarını qarət etdi, şəhəri tərk edə bilməyən dinc əhaliyə amansız divan tutdu. Ağdam rayonunun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri zəbt edildi, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edildi. Ağdamda olan dünya əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri sırasına XIV əsri əhatə edən qiymətli nümunələr daxildir. Məsələn, Ağdamın Xaçın-Dərbəndli kəndində olan Qulu Musaoğlu türbəsi 1314-cü ilə aid olan abidədir. Belə bir tarixi dövrü əhatə edən abidələrin işğal altında olması, ermənilərin Azərbaycanın tarixini saxtalaşdırmaq üçün müəyyən imkanlar açır. Tarixi abidələri də - Xanoğlu türbəsi, Qarabağ xanı Pənahəli xanın imarəti (XVIII əsr) və türbəsi (XIX əsr), Şahbulaq kimi abidələr Ağdamın minillik tarixindən xəbər verirdi.
Bu gün bütün bu abidələr də işğal altındadır. Ermənilər Ağdam rayonunda olan muzeylərdəki eksponatları da talayıb aparıblar. Belə muzeylərdən Ağdamdakı Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi, Ağdam Şəkil Qalereyasının adlarını çəkmək olar. Bununla belə, 2002-ci ildə Ağdam Tarix Ölkəşünaslıq Muzeyi rayonun işğal altında olmayan Qaradağlı kəndində bərpa edilib.
AĞDAMIN İŞĞALI NƏTİCƏSİNDƏ RAYONA 3 MİLYARD 135 MİLYON ABŞ DOLLARI MƏBLƏĞİNDƏ ZİYAN DƏYİB
Hazırda rayondakı tarixi, mədəni, dini abidələrin əksəriyyəti erməni işğalçıları tərəfindən məhv edilmişdir. Rayonun Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, o cümlədən, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilmişdir.
Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törətdilər. Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Onlardan 16-sı milli qəhrəmandır. Rayonun 160 min nəfər əhalisindən 128 mini ev-eşiyindən didərgin düşüb. Onlar ölkənin 62 şəhər və rayonunda məskunlaşıblar. İşğal nəticəsində rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ağdamın işğalı ilə güclü iqtisadiyyatı, zəngin mədəni irsi olan bir bölgə itirildi.
Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində, rayonun tamamilə işğalına yol verilmədi. Dağıdılmış kommunikasiyalar bərpa edildi, həyat üçün zəruri şərait yaradıldı. İdarə, müəssisə və təsərrüfatların fəaliyyəti bərpa edildi, iqtisadiyyat dirçəldi, digər yerlərdə məskunlaşmış ağdamlıların rayonla hərtərəfli əlaqəsi sahmana salındı. Ərazisinin üçdə ikisi itirilsə də, Ağdam rayon kimi yaşadı, ağdamlılar isə qurub-yaratmaq ənənələrini davam etdirdilər.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Ağdama göstərilən qayğının hüdudlarını xeyli genişləndirdi. Dövlətimizin başçısının bu rayona hər gəlişi quruculuq işlərinə yeni miqyas və dinamizm gətirdi. Hazırda rayonun inzibati mərkəzi Quzanlı qəsəbəsində yerləşir. Bu qəsəbənin, eləcə də, Ağdamın digər kəndlərinin abadlaşdırılması istiqamətində mühüm işlər görülüb. İqtisadiyyat yüksək inkişaf yoluna çıxarılıb.
"BİZİM ÜÇÜN BİR NÖMRƏLİ MİLLİ MƏSƏLƏ - ERMƏNİSTAN-AZƏRBAYCAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİDİR"
Bu gün işğal altında olan torapqlarımız tezliklə geri alınacaqdır. Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Azərbaycan Prezidenti Cənab İlham Əliyev çıxışı zamanı "Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir", - deyərək bu məsələ ilə bağlı öz fikirlərini dəfələrlə beynəlxalq təşkilatlarda, beynəlxalq kürsülərdən, ölkə daxilində dediyini bildirib: "Çox da təkrarlamaq istəmirəm, amma bir şeyi istəyirəm Azərbaycan xalqı bilsin ki, bu, milli məsələdir. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Budur mənim siyasətim və bu, siyasətimin bir hissəsidir, o hissəsi ki, bu haqda hələ ki, açıq danışmaq olar".
Bu gün Azərbaycanın güclü ordusu var, vətənpərvər gəncləri var. Onlar hər an vətəni qorumağa hazırdırlar. "Əlli minə yaxın Azərbaycan vətəndaşı, - onların mütləq əksəriyyəti gənclərdir, - Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm. Bax, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci"- deyə Cənab Prezident bildirib.
Bu gün məcburi köçkün həyatı yaşayan ağdamlıların ən böyük arzusu tezliklə doğma yurda qayıtmaqdır. Hər bir ağdamlı əmindir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin üçrəngli bayrağı Azərbaycan ərazisinin hər yerində dalğalanacaq - işğal altındakı torpaqlarımız azad ediləcək. Heç bir şübhə yoxdur ki, görülən işlər, davamlı səylər nəticəsində, ölkəmizin ərazi bütövlüyü yaxın zamanda bərpa ediləcək. İşğaldan azad olunacaq ərazilərdə Azərbaycan dövlətinin imkanları hesabına həyat tamamilə yenidən qurulacaq, məcburi köçkün olan soydaşlarımız öz ata-baba yurdlarına qayıdaraq, doğma torpaqlarında yaşayacaqlar. Bu zaman onlar yenə dövlətin xüsusi qayğısı ilə əhatə ediləcək və bütün sosial problemləri öz həllini tapacaq. Buna hər kəs inanır və Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə