TİKA Azərbaycanda 2 min ailəyə ərzaq və təmizlik ləvazimatları paylanıb - VİDEO

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Azərbaycanda koronavirus epidemiyasının təsirlərinə məruz qalan 65 yaşdan yuxarı, tənha yaşayan, az təminatlı və ehtiyac sahibi 2000 ailəyə ərzaq və təmizlik ləvazimatları paylanıb. SİA-nın məlumatına görə, epidemiyaya qarşı aparılan mübarizə zamanı maddi imkanları daha da pisləşən ailələrə dəstək məqsədiylə Türkiyə dövləti adından həyata keçirilən layihə çərçivəsində yağ, şəkər, duz, un, makaron, tomat, mərci, düyü olmaqla əsas ərzaqlarla yanaşı sabun, yuyucu toz, salfet kimi təmizlik məhsullarından ibarət yardım qutuları hazırlanıb.

Azərbaycanın Qızıl Aypara Cəmiyyəti və Gəncliyə Yardım Fondunun da təşkilatçılığı ilə həyata keçirilən yardım kampaniyası çərçivəsində xüsusilə 65 yaşdan yuxarı tənha yaşayan, təqaüdçü, gündəlik və muzdlu işlərdə çalışan aztəminatlı 2 min ehtiyac sahibi ailəyə yardım qutuları paylanılıb.

TİKA Bakı Koordinatoru Teoman Tiryaki TİKA-nın 26 ildir Azərbaycanda fəaliyyət göstərdiyini, bu çətin günlərdə ehtiyacı olan ailələrə və evdən çıxması qadağan edilən yaşlı insanlara yardım fəaliyyətinə başladıqlarını bildirib. Tiryaki, "2 min ailəyə Türkiyə olaraq onların yanında olduğumuzu hiss etdirmək üçün belə bir layihə həyata keçiririk. Bu çətin günləri tez bir zamanda geridə qoyaraq gözəl günlərdə və yeni gözəl layihələrdə bir araya gələcəyimizə ümid edirik" - deyə bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...