Azərbaycanda ərzaq qıtlığı gözlənilmir, lakin... ÖZƏL - AÇIQLAMA

"Azərbaycanda ərzaq qıtlığı ilə bağlı heç bir problem gözlənilmir. Lakin, insanlar ehtiyac olunan 1 kiloqram məhsul almaq əvəzinə ehtiyat üçün 10 kiloqram alıb 3-4 günə onu tullayacaqlarsa, təəssüf ki, bu müəyyən mənada problemlərə gətirib çıxara bilər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatı Məzahir Əfəndiyev ölkədə karantin rejimi ilə bağlı ərzaq qıtlığının yaranma ehtimalı ilə əlaqədar məsələyə aydınlıq gətirərkən deyib.

O bildirib ki, Azərbaycan hökuməti pandemiya ilə əlaqədar tədbirlər planını həyata keçirəndə şübhəsiz hərtərəfli olaraq bütün məsələlər nəzərə alınıb: "Xüsusilə də ərzaq təhlükəsizliyi məsələsi hökümət üzvləri tərəfindən də bir neçə dəfə səsləndirildi ki, Azərbaycanda ərzaq qıtlığı ilə bağlı heç bir problem gözlənilmir. Nəzərə alsaq ki, bütün dünya ölkəri ticarət əlaqələrini və ticarət münasibətlərini pozmayıblar. Hazırda da istər ərzaqların, istərsə də digər istehsal olunmuş əmtəələrin bir dövlətdən digər dövlətə çatdırılması itiqamətində işlər həyata keçirilir. Ona görə də belə bir problemin olacağını gözlənilmir. Yenə də heç şübhəsiz insanların məsələlərə həddən artıq düzgün yanaşma tərzi olmalıdır. Ona görə ki, insanlar ehtiyac olunan 1 kiloqram məhsul almaq əvəzinə ehtiyat üçün 10 kiloqram alıb 3-4 günə onu tullayacaqlarsa təəssüf ki, bu müəyyən mənada problemlərə gətirib çıxara bilər. Lakin, aparılmış tədbirlər ərzaqla bağlı, ərzaq qıtlığı ilə bağlı problemin gözlənilmədiyini ortaya qoyur".

Millət vəkili insanların karantin rejiminə nə dərəcədə ciddi yanaşdığı məsələsinə də toxunub və qeyd edib ki, son bir illər ərzində istər Azərbaycanda, istərsə də dünyada belə bir pandemiya halının baş verməməsi ilə əlaqədar insanların karantin rejiminə dərhal riayət etməsini gözləmək sadəlövlük olardı: "Lakin, düşünürəm ki, atılmış ardıcıl, davamlı və təmkinli tədbirlər nəticə etibarilə əhalinin karantin rejiminə riayət etməsində müsbət töhvə verəcək. Çox təəssüflər olsun ki, bizim bəzi soydaşlarımız və vətəndaşlarımız bu problemə barmaqarası yanaşır. Həm öz səhhətlərini, həm də ətraflarındakı insanların və yaxınlarının da sağlamlıqlarını risk altında qoyurlar. Ona görə də düşünürəm ki, bu istiqamətdə bir az daha əhatəli tədbirlərin həyata keçirilməsi məsələsi vacibdir. Bununla yanaşı əhali də bu istiqamətdə fəaliyyət göstərən hökumətin müvafiq strukturlarına da yaxından kömək göstərməlidirlər ki, koronavirusla mübarizə fonunda tədbirlər daha əhatəli həyata keçirilsin".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə