İDEA təşkilatının layihəsinə Yevlax da qoşuldu - FOTOLAR

Əsas məqsədi həyət və məhəllələrin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması olan və İDEA İctimai Birliyi tərəfindən həyata keçirilən “Bizim həyət” layihəsinə Yevlax şəhəri də qoşulmuşdur. Bununla əlaqədar şəhərdəki Heydər Əliyev pr. 10 ünvanlardakı həyətdə əsaslı təmir-yenidənqurma işləri layihəsi hazırlanıb.

İctimai Birliyin köməyi ilə Malbinəsi kəndində 92 ailənin məskunlaşdığı yeni yaşayış məhlləsinin sakinləri üçün 1 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir.

Eyni zamanda 6 saylı bağçada yeni, müasir layihə əsasında əsasl təmir işlərinə başlanılıb. Müvafiq Dövlət Proqramına uyğun olaraq yaxın zaman kəsiyində rayonda 4 məktəbin yenidən tikilməsi və 4 məktəbin əsaslı təmiri planlaşdırılmışdır.

Bu məlumatları Yevlax Şəhər İcra Hakimiyyətinin 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev vermişdir. Daha çox qarşıda duran vəzifələr, görüləcək işlər, həyata keçiriləcək sosial layihələrin müzakirə edildiyi hesabat yığıncağında bildirilmişdir ki, bu aydan etibarən şəhərdə əsaslı təmirə ehtiyacı olan 35 yaşayış binası və qəzalı vəziyyətdə olan 15 binanın dam örtükləri mərhələli şəkildə təmir olunacaqdır.

Yevlax şəhərinin daha da abadlaşması və gözəlləşməsi, buranın paytaxt Bakı və digər böyük şəhərlər səviyyəsinə çatdırılması məqsədi ilə mövcud istirahət parkları yenidənqurularaq təmir ediləcəkdir. Artıq Dədə Qorqud parkında təmir işlərinə başlanılıb və parkın ərazisi genişlənərək Kamil Sabitov küçəsinədək uzadılması nəzərdə tutulur. Bu il mərkəzdə Kamil Sabitov küçəsi yenidən qurulacaq, burada yolun genişləndirilməsi, səkilərin bərpası, işıq dirəklərinin qoyulması nəzərdə tutulur.

Yevlax şəhəri üçün mühüm əhəmiyyət kəsb edən kanalizasiya xətlərinin çəkilişi və sakinlərin keyfiyyətli içməli su ilə təminatı məqsədi ilə ölkə başçısı tərəfindən 5 milyon manat vəsait ayrılıb və hazırda layihələndirmə işləri həyata keçirilir.

Bu il 3 kənddə qazlaşma işləri aparılır, yaxın günlərdə Bəydili kəndində də bu işlərə başlanacaq və beləliklə rayondakı 50 yaşayış məntəqəsindən hamısı təbii qazla təmin ediləcəkdir.

Kənd təsərrüfatı rayonu olan Yevlaxda pambıqçılığın, baramaçılığın, taxılçılığın, heyvandarlığın inkişafı üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Aran qəsəbəsində Şəkər zavodunun tikintisi, istixana kompleksinin və sənaye parkının yaradılması üçün torpaq sahələri ayrılmışdır. Bu obyektlərin işə düşməsi aqrar məhsulların istehsalının daha da artmasına təkan olmaqla eyni zamanda rayonda yeni iş yerlərinin açılması və məşğulluq məsələlərinin həllində də böyük kömək olacaqdır.

Yayı isti və quraq keçən Yevlaxda yaşıllıqların artırılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq şəhər ərazisindən keçən magistral avtomobil yollarının və yaşayış binalarının həyətlərində yaşıllıqların artırılması, küçə və meydanlarda çəmənliklərin, güllüklərin salınması nəzərdə tutulub. Artıq payız aylarından bu işlərə başlanılıb və il ərzində onlar davam etdiriləcəkdir.

Hesabat yığıncaqda çıxış edənlər rayonda görülmüş işləri müzakirə edərək qarşıda duran vəzifələrdən, həlli vacib məsələlərdən söhbət açdılar.

Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, Yevlaxlıların quruculuq əzmi ifadə olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...