İki layihə IX Respublika Müsabiqəsində bürünc medala layiq görülüb

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarının rəhbərliyi altında yerinə yetirilən iki layihə "Sabahın alimləri” IX Respublika Müsabiqəsində bürünc medala layiq görülüb. SİA xəbər verir ki, fevralın 13-də “Sabahın alimləri” IX Respublika Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun alimlərinin rəhbərlik etdiyi iki layihə “Biologiya” nominasiyası üzrə “Sabahın alimləri” IX Respublika Müsabiqəsinin qalibi olub.

İnstitutun Bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradovun rəhbərliyi altında “Mitoxondridən nüvəyə DNT transferi” adlı layihə çərçivəsində aparılan tədqiqatlara görə Yasamal royonu 177 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Nurullayeva Selcan və Səbail rayonu 160 saylı Klassik gimnaziyanın 10-cu sinif şagirdi Əliyeva Tuba bürünc medala görülüb.

Layihənin məqsədi bəzi bitki və heyvan orqanizmlərinin nüvə genomlarında mövcud mtDNT-sinin qəlpələrinin olub-olmadığını aydınlaşdırmaq, varsa, həmin qəlpələrin mitoxondri genomunu nə dərəcədə təmsil etdiyini qiymətləndirmək olmuşdur. İnstitutda yerinə yetirilən digər layihənin rəhbəri Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dos. Nərgiz Sultanova olub. “Üzüm bitkisində kumarin törəmələrinin boy stimullaşdırıcı təsirləri” layihəsinə görə Bakı şəhəri Nəsimi rayonu 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Sultanlı Feyruz və Müasir Təhsil Kompleksinin 10-cu sinif şagirdi Hüseynova Xanım bürünc medala görülüb. Təqdim olunan layihənin əsas məqsədi ölkəmizdə becərilən və yabanı halda rast gəlinən dərman bitkilərindən alınan bioloji fəal maddələrin üzüm bitkisində boy stimullaşdırıcı təsirlərinin tədqiq edilməsi olmuşdur. “Sabahın alimləri” Respublika müsabiqəsinə təqdim olunan layihələrin AMEA alimlərinin rəhbərliyi altında yerinə yetirilməsi istedadlı şagirdlərdə elmə marağın yaradılması üçün böyük əhəmiyyətə malikdir.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə