Hazırda ölkədə koronavirusla bağlı Səhiyyə Nazirliyinin əmrinə əsasən bütün profilaktik tədbirlər həyata keçirilir. Eyni zamanda Gömrük Komitəsi ilə birgə müəyyən işlər aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Baş Direktor Müavini Afaq Əliyeva SİA-ya verdiyi məlumatda bildirib ki, Azərbaycanda hələ ki, koronavirusa yoluxma halı qeydə alınmayıb.
Qeyd edib ki, bu məsələ ilə bağlı, sərhəd keçid məntəqələrində Azərbaycan vətəndaşları, digər ölkələrin vətəndaşları, həmçinin Çindən gələn vətəndaşlar müayinədən və yoxlanışdan keçirilirlər. Xüsusilə Çindən və ona qonşu ölkələrdən gələn şəxslər hərarəti olarsa xüsusi nəzarətə və müşahidəyə götürülür.
Direktor müavini bildirib ki, Çinin Uhan şəhərindən gələn azərbaycanlılar tam sağlamdır və onlarda heç bir yoluxma halına rast gəlinməyib. Çinin müxtəlif şəhərlərindən gələn şəxslər də əgər tam sağlamdırlarsa onlar haqqında məlumat sərhəd keçid məntəqələrindən toplanılır və məlumat karantin xidmətinə və Səhiyyə Nazirliyinə göndərilir. Həmin məlumatlar ərazi poliklinikalarına yönləndirilir və epidemioloqlar ərazi həkimlərilə birgə 14 gün müddətinə həmin insanlar üzərində müşahidə aparırlar. Müşahidələr nəticəsində hələ heç kəsdə müəyyən xəstəliyə rast gəlinməyib.
Afaq Əliyeva bildirib ki, hazırda müxtəlif müəssisələrdə, məktəblərdə, həmçinin məktəbəqədər uşaq müəssisələrində müşahidələr və dezinfeksiya işləri aparılır.
O vurğulayıb ki, əgər Azərbaycanda koronavirus aşkar edilməyibsə sağlam insanların özünü hər hansı bir qoruyucu vasitə və ya maska ilə qorumağına ehtiyac yoxdur. Bu tip vasitələrdən xəstə şəxslər (qrip xəstələri) və ya xəstələrə qulluq edən şəxslər istifadə edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB