İnsanlığa sığmayan faciə 20 YANVAR

Bu gün Qazax Qeydiyyat Şöbəsində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Qazax qeydiyyat şöbəsinin rəisi Məsmə Səmədova bildirib ki, 20 Yanvar hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Xalqımız tərəfindən qəhrəmanlıq salnaməsi kimi qəbul olunan Yanvar şəhidlərinin dəfn olunması ilə əlaqədar Bakıda keçirilən izdihamlı matəm mitinqində bir milyon nəfərdən yuxarı insanın iştirak etməsi Azərbaycan xalqının müstəqillik uğrundakı birliyini və gücünü bütün dünyaya göstərdi.

Məsmə Səmədova vurğulayıb ki, faciədən sonra Ulu Öndər Heydər Əliyevin dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və rejimin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, təsəlli olmaqla onun mübarizə əzmini yüksəltdi. Məhz Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilib, bu faciəni törədənlər bəyan olunub, müvafiq cinayət işi qaldırılıb. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin də təməl prinsiplərindən birinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması olduğunu deyən qeydiyyat şöbəsinin rəisi diqqətə çatdırıb ki, 20 Yanvar şəhidləri ölkəmizlə yanaşı xarici ölkələrdə də anılır. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinə diqqət və qayğı daim diqqət mərkəzindədir.

Daha sonra çıxış edən şöbənin məhsul işçisi Sədaqət Haciyeva Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 20 Yanvarın tarixi barədə danışıb. 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet dövlətinin görünməmiş qəddarlıqla keçirilən cəza tədbirlərinə imza atdığını qeyd edib. Ölkəmizə qarşı məkrli niyyətin tərkib hissəsi olan bu vəhşi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu deyib. Digər çıxış edən natiqlər də 20 yanvar faciəsini törədənləri pisləyib və 1990-cı ilin 19-dan 20-nə keçən gecə baş vermiş faciəni insanlığa sığmayan faciə kimi qiymətləndiriblər.

Kamran ƏSKİPARALI

Bütün xəbərlər Facebook səhifəmizdə