İƏT-in sosial inkişaf üzrə ilk Nazirlər Konfransı keçirilib

Türkiyə Respublikasının İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sosial inkişaf üzrə ilk Nazirlər Konfransı keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SİA-yaverilən məlumata görə, konfransda Azərbaycan Respublikası tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimlinin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

İƏT-ə üzv dövlətlərdən 30-dan çox dövlətin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi konfransın plenar iclasında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. O, İƏT-in sosial inkişaf üzrə ilk Nazirlər Konfransının əhəmiyyətini vurğulayıb. Prezident Rəcəb Tayyib Ərdoğan İƏT-ə bu tədbirin təşkilində və Təşkilata üzv olan dövlətlərə tədbirdə nümayəndələri ilə təmsil edildiklərinə görə minnətdarlığını bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfransın məqsədi İƏT-ə üzv dövlətlərlə və tərəfdaş qurumlarla ailələrin, uşaqların rifahının, yaşlıların, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsini, bu sahədə əldə edilmiş irəliləyişləri, o cümlədən müsəlman dünyasında sosial inkişafın qarşısında duran əsas maneələri və çətinlikləri müzakirə etməkdən ibarət olub.

M.Kərimli konfransda çıxış edərək, İƏT-in üzv ölkələrdə sosial inkişaf üçün vacib məsələlərin həll yollarının müzakirəsi, bu konteksdə fəal təcrübə və məlumat mübadilələri üçün faydalı platforma olan belə tədbirləri təşkil etməsinin xüsusi önəmini vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətləri, ölkəmizdə sosial inkişafa nail olunması istiqamətində mühüm irəliləyişlər, Azərbaycanda aparılan sosial islahatlar, ölkəmizin sosial sahədə innovativ yenlikləri barədə məlumat verib.

Nazir müavini İslam dəyərlərinin təbliğinə, dünyada İslam həmrəyliyinin güclənməsinə dəyərli töhfələr verən Azərbaycanın İƏT-lə, İSESCO ilə uğurlu əməkdaşlığını qeyd edib. M.Kərimli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənən təklifi əsasında İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzinin Təşkilata üzv dövlətlərin əməkdaşlığın genişlənməsində fəal və müstəsna rol oynayacağını vurğulayıb.

Tədbirdə İƏT-ə üzv dövlətlər üçün sosial sahədə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Konfransın yekunlarına dair İstanbul Bəyannaməsi qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...