Aksiyada 650 mindən çox ağac əkilib Firdovsi Əliyev

Bugünkü ağacəkmə aksiyası dünyada bənzəri olmayan bir tədbirdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü həm indiki, həm də gələcək nəsillərə xidmət edir. Bizim hədəfimiz 650 min ağac idi. Lakin məlumatlar daxil olduqca görürük ki, əkilən ağacların sayı 650 mini də keçib. SİA-nın məlumatına görə, bu sözləri Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev dekabrın 6-da keçirilən mətbuat konfransında deyib.

"Çox sevindirici və qürurvericidir ki, hər kəs bu xeyirxah təşəbbüsü dəstəklədi, böyük şairin xatirəsinin əbədiləşdirilməsinə, dünyada tanıdılmasına, həmçinin ekoloji mühitimizin sağlamlaşdırılmasına və yaşıllıqların daha da artırılmasına hesablanan ideyanın həyata keçirilməsində yüksək əhval - ruhiyyə nümayiş etdirdi. SOCAR, BP kimi böyük şirkətlərdən tutmuş fərdi insanlara kimi hamı bu təşəbbüsə qoşuldu. Ölkənin 80-dən artıq rayonunun fərqli məkanlarında yaşından, peşəsindən asılı olmayaraq minlərlə insanın bu genişmiqyaslı ağacəkmə kampaniyasına kütləviliklə qoşulması həqiqətən fəxr ediləsidir. Deyərdim ki, bu təşəbbüsdə Sabirabad, Şamaxı, İsmayıllı rayonları işləri ən yaxşı təşkil etmələri, daha çox ağac əkmələri, damcılı suvarma sistemləri quraşdırmaları ilə xüsusilə fərqləndi", deyə F.Əliyev qeyd edib.

Nazir müavininin sözlərinə görə, təkcə SOCAR kollektivi aksiya çərçivəsində 100 min ağac əkib: "Onlar gəmi vasitəsilə 12 min ağacı Çilov adasına göndərib və həmin ağaclar orada əkilib. Diqqətə çatdırılıb ki, aksiyada 200-dən çox dövlət qurumu və özəl təşkilat iştirak edib. Əkilən ağacların hamısı nazirliyin tinglik təsərrüfatlarında yetişdirilib. Bugünkü tədbirə Azərbaycanın xarici ölkələrdə olan səfirlikləri də qoşulub və fəaliyyət göstərdikləri ölkələrdə onlar üçün ayrılmış ərazidə ağac əkiblər. Daha çox yerli iqlim şəraitinə uyğun ağaclar seçilib. Meyvə ağaclarından daha çox badam, nar, ərik, şaftalıya üstünlük verilib. Ümumilikdə, aksiya zamanı 37 növ ağac əkilib. Demək olar ki, tədbirimiz yüksək əhval-ruhiyyə ilə yekunlaşıb".

"Belə tədbirlərimiz bundan sonra da davam etdiriləcək. Azərbaycanda ekologiya elminin banisi, akademik Həsən Əliyevin doğum günündə, yəni, dekabrın 15-də böyük ağacəkmə aksiyasının keçirilməsi nəzərdə tutulub. Həmçinin Azərbaycanda baramaçılığın inkişafı ilə bağlı olaraq bu yaxınlarda əhaliyə 700 min tut tingi paylanılacaq", - deyə F.Əliyev qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...