Yeni Azərbaycan Partiyası - 27 il uğurlu zəfər yolunda

YAP Tərtər rayon təşkilatı partiyanın 27 illiyini qeyd edib

Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü ilə bağlı YAP Tərtər rayon təşkilatı tədbir keçirib. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini anıblar. Rayonun Gənclər Evində keçirilən tədbirdə iştirakçılar partiyanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın müdafiəsi zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov çıxış edərək, partiyanın keçdiyi tarixi yoldan danışıb: "Bu, həmin ərəfə idi ki, Azərbaycanda xaos hökm sürürdü, dövlət büdcəsi talan olunmuşdu, ölkədə hər addımbaşı cinayətlər törədilirdi. Müstəqil respublika elan olunsa da, ancaq bu müstəqilliyi qoruyub-saxlamaq qeyri-mümkün bir hala düşmüşdü. Azərbaycan xalqının çıxılmaz durumda olmasına baxmayaraq, o vaxt iqtidarda olanlar ancaq öz şəxsi niyyətlərinə və şəxsi arzularına xidmət edirdilər. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında 91 nəfər ziyalı "SƏS" qəzeti vasitəsilə Ulu Öndər Heydər Əliyevə müraciət ünvanladılar. 21 noyabr 1992-ci ildə Naxçıvanda YAP-ın təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi".

R.Şabanov çıxışında diqqəti ölkəmizin əldə etdiyi uğurlara, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərə yönəldərək bildirib ki, bu uğurların əsasında dövlətimizin qurucusu və memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır.

Tədbirdə YAP Tərtər rayon təşkilatı şurasının üzvləri, Tərtər-3 ərazi ilk partiya təşkilatının sədri Sahib Həsənov, rayon gənclər və idman idarəsinin rəisi, ərazi ilk partiya təşkilatının sədri Emin Pənahov və başqaları çıxış edərək partiyanın yaranma tarixindən və xalqımız qarşısında misilsiz xidmətlərindən ətraflı bəhs ediblər.

Tədbirdə çıxış edən Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yeni Azərbaycan Partiyasının yaranma səbəbləri və həmin dövrün ictimai-siyasi vəziyyəti barədə məlumat verib. Bildirib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində çox çətin vəziyyətdə olub: "Belə bir vəziyyətdə Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması və Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın bugünkü və gələcək inkişafını şərtləndirən əsas amildir".

M.Məmmədov, həmçinin, son günlər Azərbaycanın sürətli inkşafını, əldə etdiyi böyük uğurlarını həzm edə bilməyən "siyasi mühacir" adı ilə Avropada məskunlaşan "sapı özümüzdən olan baltalar"ın çirkin əməlləri xalqımız tərəfindən nifrətlə qaşılandığını, onların çirkin əməllərinin artıq "məskunlaşdıqları" ölkələrin də qəbul etmədiyini vurğulayıb: "Bütün bunlara baxmayaraq, bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırmış, Azərbaycan regionun lider dövlətinə çevrilibdir. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olubdur".

Tədbirin yekununda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya üzvünə rayon təşkilatı tərəfindən fəxri fərmanlar, qiymətli hədiyyələr, eyni zamanda, partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə