Lənkəran şəhərində Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin anım tədbiri keçirilib

Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin anadan olmasının 45-ci ildönümü ilə əlaqədar Lənkəran şəhərində anım tədbiri keçirilib.

SİA xəbər verir ki, tədbir Milli Qəhrəmanın adını daşıyan mədəniyyət və istirahət parkında yerləşən büstünün ziyarəti ilə başlayıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Qəhrəmanın döyüş yoldaşları, “N” saylı hərbi hissənin əsgərləri, “Milli qəhrəmanları tanıdım” İctimai Birliyinin üzvləri və ictimaiyyət nümayəndələri büstün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Anım tədbiri “Dəniz” otelində davam edib. “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev Milli Qəhrəman Əsgər Əliyevin həyat və döyüş yolundan danışaraq 1995-ci ilin mart hadisələri zamanı dövlət çevrilişinin qarşısının alınmasında onun göstərdiyi şücaətdən və qəhrəmancasına həlak olmasından danışıb.

Milli Qəhrəmanın döyüş yoldaşları-general-mayor Fəxrəddin Cəbrayılov, polkovnik Cabbar Hüseynov, polkovnik Bəhram Əhmədov Əsgər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

Milli Qəhrəmanın bacısı Fəranə Əliyeva, Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin sədri Əbulfət Əliyev, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, Milli Qəhrəmanın qohumu, Rayon Əmək Müfəttişliyinin rəisi, şair Etibar Vəliyev çıxışlarında ölkəmizin ərazi bütövlüyü uğrunda fədakarcasına vuruşub şəhid olmuş həmvətənlərimizin, o cümlədən Əsgər Əliyevin xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu vurğulayaraq, şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından razılıqlarını ifadə ediblər.

Tədbirdə məktəblilər hərbi-vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Milli Qəhrəmanın atası Ələkbər Əliyev övladının Vətən uğrunda şəhid olmasından qürur hissi keçirdiyini bildirərək, ailəsinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Əsgər Əliyev 1974-cü il noyabrın 8-də Lənkəran rayonunun Ləj kəndində anadan olub. O, 1982-1992-ci illərdə orta təhsil aldıqdan sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank-artilleriya fakültəsinin tələbəsi olub. 1995-ci il martın 17-də Bakıda hakimiyyəti zorla devirmək cəhdi zamanı Əsgər Əliyev 4 yaralını xilas edərkən aldığı ikinci güllə yarasından dünyasını dəyişib. İgid döyüşçü doğulduğu kəndin qəbirstanlığında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixlli Fərmanı ilə Əsgər Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə