"Əsrin müqaviləsi"nin 25 illiyi ilə əlaqədar Nəft Daşlarında təntənəli tədbir keçirildi -VİDEO- FOTOLAR

Yeni Azərbaycan Partiyasının Binəqədi və Pirallahı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi və Neftçilər günü ilə əlaqədar Xəzər dənizinin Nəft Daşlarına ekskursiya təşkil olundu və rəsmi tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, gül dəstələri qoyulub.

Sonra Neft daşlarının əsasını qoymuş Əməkdar mühəndis, professor Ağa Qurban oğlu Əliyev abidəsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş olan qəhrəmanların Şəhidlər abidəsi və 1957-ci il faciəsində həlak olmuş şəhid neftçilərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.

Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilərək tədbir açıq elan oldu və Azərbaycanın uğurlu neft strategiyasına, həmçinin Əsrin müqaviləsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

YAP Pirallahı rayon təşkilatının sədri Hikmet Şikarov açılış nitqi söyləyib. O, neft sahəsində qazanılan uğurlardan danışaraq, müstəqillik tariximizin ilk illərində neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərin aradan qaldırılmasının əsas vasitələrdən biri kimi baxıldığını deyib: "Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Bununla da "Əsrin müqaviləsi" adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürünün 25 illiyini qeyd edirik".

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında və nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilməsində müstəsna rolunu vurğuladı və neftçiləri peşə bayramları münasibətilə təbrik etdi.

“Neft daşları” Neft və Qazçıxarma İdarəsinin rəisi Qoçəli Mahmudov ilk öncə neft sənayesinin ölkə iqtisadiyyatının inkişafındakı mühüm mövqeyini vurğulayaraq, neftçiləri təbrik edib.

Millət vəkili Hikmət Babaoğlu öz çıxışında vurğulayıb ki, Azərbaycan neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçmişdir. Lakin Azərbaycan xalqı yalnız XX əsrin sonralarında müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanmışdır. Bu imkanı reallığa çevirən isə Heydər Əliyev dühasıdır.

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək Əsrin müqaviləsinin əhəmiyyətindən və bu müqavilə vasitəsilə Azərbaycanın dünyadakı mövqeyinin güclənməsinə verdiyi töhfədən danışıb və neftçilərə öz fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Millət vəkili Rauf Əliyev çıxış edərək neftçi peşəsinin vacibliyini vurğulayıb və onları təbrik edib.

Daha sonra Yeni Azərbaycan Partiyasının ictimai-siyasi fəaliyyətində fəal iştirakına görə bir qrup fəalları fəxri fərmanla təltif olunub.

Tədbir bədii hissə ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə