Dövlət Komissiyası: Azərbaycan əsir-girov mübadiləsinə hazırdır

Azərbaycan Respublikası tərəflərdə saxlanılan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin üç gündən gec olmayaraq qaytarılmasını aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə 2016-cı ilin aprel ayında Ermənistan Respublikasına təklif edib.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının SİA-a bildiriblər ki, lakin kütləvi informasiya vasitələrində son günlər yayılmış məlumatlarda Ermənistan tərəfinin işğal altındakı Kəlbəcər rayonunda 2014-cü ildə girov götürülərək qeyri-qanuni azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Ermənistan Respublikasının vətəndaşları olan erməni hərbçiləri - Azərbaycan Respublikası ərazisində terror-təxribat əməllərinə görə həbs edilmiş Karen Kazaryan və cəbhənin Füzuli istiqamətində könüllü surətdə Azərbaycan Ordusuna təslim olmuş Araik Kazaryan ilə qarşılıqlı mübadilələrinə Azərbaycan tərəfinin hazır olmadığı barədə açıqlamalar verdiyi qeyd olunur.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bir daha bildirir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin, eləcə də Xarici İşlər nazirlərinin görüşlərində, habelə Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla 2017-ci və 2018-ci illərdə apardığı müzakirələr zamanı əsir-girovların “hamının-hamıya” formatında azad olunması ilə bağlı Azərbaycan Respublikasının prinsipial mövqeyi dəfələrlə qarşı tərəfə çatdırılıb.

Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 2019-cu il 11 sentyabr tarixdə rəsmi məlumat verib.

Dövlət Komissiyası ölkəmizin beynəlxalq humanitar hüququn norma və prinsiplərinə daim əməl etdiyini yenidən diqqətə çatdırır, sentyabrın 7-də Rusiya Federasiyası ilə Ukrayna arasında əsirlərin “hamının-hamıya” mübadiləsini yüksək insanpərvərlik aktı kimi təqdir edir və bu humanizm nümunəsinə uyğun olaraq, Azərbaycan ilə Ermənistan arasında əsir-girovların eyni prinsip əsasında qısa müddətdə azad edilməsinə tərəfdar olduğunu bir daha bəyan edir.

Bütün xəbərlər Facebook səhifəmizdə