Bizi əhatə edən təbiət bizim evimizdir. İnsan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır. Bizim yaşadığımız dünya çox gözəldir. O həm də əsrarəngiz və maraqlıdır. Biz zəngin və füsunkar bitkilər aləmin, vəhşi heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysız-hesabsız canlılar əhatəsindəyik. Əslində Yer kürəsi adlandırdığımız planetin məzmunu da elə ən şüurlu və ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasıdır. Təbiət insanların yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin rifah və inkişaf səviyyəsini təyin edir. O, bir sıra fiziki, kimyəvi, bioloji hadisələrlə zəngindir. Ətraf mühitin bərbad vəziyyətə düşməsinə insanlar səbəb olduqları üçün, həmin səhvləri insanların özləri aradan qaldıra bilər. İnsan özü üçün nə varsa - hava, su, maddi nemətlər, sənaye üçün xammal və digərlərini təbiətdən alır və istifadə edir. Bu sərvətlərdən yüz illərdən bəri kortəbii istifadə olunması nəticəsində ətraf mühit dünya miqyasında dəyişilməyə məruz qalıbdır. Bu vəziyyət müasir elmi-texniki tərəqqi dövründə daha da kəskinləşib. Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Əksər ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir.
Bəşəriyyəti gözləyən ekoloji təhlükə!
Hələ XX əsrin başlanğıcında yer kürəsinin əhalisi təmiz hava alır, saf su içirdilər. Dünya sonsuz, təbii sərvətlər isə tükənməz hesab edilirdi. Lakin bir neçə onilliklərdən sonra dünya olduqca təhlükəli ekoloji fəlakət hüdudunda qaldı. Ekoloqların fikrincə əgər bəşəriyyət bu yolu davam etdirərsə, yaxın bir neçə nəsildən sonra onu fəlakət gözləyir. Bəşəriyyət öz ixtiyarında olan təbii resurslardan heç də həmişə ağılla istifadə etməmişdir. İnsan bitki və heyvan növlərini məhv etmiş, dağıdıcı müharibələr aparmış, meşələri qırmış, torpaqları səhralığa çevirmiş, enerji növlərindən səmərəli istifadə etməmişdir. Bu gün bəşəriyyətin özü yaratdığı qlobal ekoloji böhran qarşısında qalmışdır. Sənayenin sürətli inkişafı, əhalinin say artımı, kosmosdan istifadə təbii qanunauyğunluqların bu və ya digər dərəcədə pozulmasına səbəb olmuşdur. Zavodlar, fabriklər, avtomobillər, təyyarələr atmosferi çirkləndirir, küllü miqdarda oksigeni udur və zərərli qazlar buraxır. Atom bombalarının sınaqdan keçirilməsi və atom enerjisi əsasında işləyən müəssisələrin tullantılarına məsuliyyətsiz münasibət hava, su və torpağın həddindən artıq radioaktivləşməsinə səbəb olmuşdur.
Müasir ekoloji problemlər
Müasir ekoloji problemlərin inkişafında avtomobillərin xeyli artması, hava nəqliyyatından istifadələrin çoxalması, bununla yanaşı, su nəqliyyatı gəmilərinin və tankerlərin hərəkəti zamanı atmosferə buraxılan (Dizel) ağır yanacaqdan istifadə edilməsindən yaranan azotoksid qazlarının yaratdığı ekoloji çirklənmələr danılmazdır. Ümumdünya ölkələrinin ekoloqları və aidiyyəti təşkilatlar həyəcan təbili çalaraq karbon qazının artmasına öz münasibətlərini bildiriblər. Bunun nəticəsi olaraq respublikamızda bir vaxtlar avtomobillərdən ətraf mühitə buraxılan azotoksid və dəm qazına qarşı geniş tədbirlər keçirilib. Qismən də olsa, həyata keçirilən tədbirlər öz bəhrəsini verib, azotoksid və dəm qazının azalmasına nail olunub. Hava nəqliyyatı yüksək templə inkişaf edirsə də, bir o qədər də ekoloji amillərə təsir göstərir.
Ekoloji normativ sənədlərin işlənilməsi
Bu baxımdan, ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə respublikamızda Avropa qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qəbul olunmuş, normativ-hüquqi sənədlər, dövlət proqramları hazırlanmış və təsdiq edilib. Respublika üçün aktual olan ekoloji problemlərin dayanıqlı inkişaf prinsipləri əsasında həll edilməsi məqsədilə müvafiq dövlət proqramları çərçivəsində tədbirlər görülür. Ekoloji Normativ Sənədlərin işlənilməsi - “Ətraf Mühitin Mühafizəsi Haqqında” Azərbaycan Respublikasının 08.06.1999-cu il tarixli 678 -1Q saylı Qanununa, “Ekoloji Pasport” QOST 17.0.0.04-90-ci il tarixli və atmosfer havası, torpaq və yerüstü su obyektlərində zərərli maddələrin qatılıqlarının yol verilən son hədləri üzrə normativ-hüquqi sənədlərin təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2000-ci il tarixli Qərarına əsasən yerinə yetirilir. Bu istiqamətdə Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentində fəaliyyət göstərən Ekoloji Normativ sənədlərin hazırlanması qrupu fəaliyyət göstərir. Qrup bu sahədə ixtisaslaşmış mütəxəssislərlə təchiz olunub.
Ekoloji monitorinqlər
Son illər Azərbaycanda ekoloji problemlərin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ölkə rəhbərliyi tərəfindən ekoloji tədbirlərə diqqətin artırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə qəbul edilən proqramların nəticəsi olaraq ətraf mühitin mühafizəsi sahəsində kütləvi tədbirlərin həyata keçirilməsi ənənə şəklini alıb.
Monitorinqlərdə iaşə məntəqələrində, o cümlədən şadlıq saraylarında və istirahət mərkəzlərində istifadə olunan içməli suların ekoloji təmizliyi, kanalizasiya sistemlərinin fəaliyyəti, tullantıların toplanması və zərərsizləşdirilməsi qaydalarına əməl edilməsi və digər fəaliyyətlərə ekoloji nəzarətin səviyyəsi yoxlanılıb. Monitorinq zamanı, eyni zamanda şəhər ərazisində məişət tullantılarının toplanması üçün yerləşdirilmiş təmizlik qutularına baxış keçirilib və müəyyən edilib ki, havaların istiləşməsi, temperaturun artması ilə əlaqədar olaraq infeksion xəstəliklərin yaranması, ətraf mühitin iy, qoxu ilə çirklənməsinin qarşısının alınması məqsədilə tullantıların yığışdırılması soyuq havalara nisbətən daha tez-tez həyata keçirilməlidir.
Respublikanın bir sıra bölgələrində monitorinqlər zamanı əhalinin istifadə etdiyi içməli suların ekoloji-sanitar təmizliyinin yoxlanılıb, müəyyən edilmiş mənbələrdən su nümunələri götürülüb, fiziki və kimyəvi xassələrini öyrənmək məqsədilə analiz və təhlillər aparılıb. Əldə edilmiş nəticələr içməli suların ekoloji təmiz və içməli su kimi istifadəyə tam yararlı olduğunu müəyyən edib. Məişət və istehsalat tullantılarının toplandığı ərazilərdə, poliqonlarda tullantıların çeşidlənərək zərərsizləşdirilməsi, basdırılması, poliqon ərazisinin çəpərlənməsi sahəsində mövcud çatışmazlıqlar müəyyən edilib və aradan qaldırılması üçün aidiyyəti idarə və müəssisələrə tövsiyə-xəbərdarlıqlar olunub.
Abşeron yarımadasında neft-qazçıxarma idarələrinin fəaliyyət zonalarında aparılan monitorinq işləri çərçivəsində əldə edilən məlumatların elektron operativ informasiya bazası yaradılmışdır. Aparılan monitorinqlərin nəticələrinə əsasən bu baza mütəmadi olaraq yeniləşdirilir. Ekoloji məlumat bazasının hazırlanması zamanı geniş həcmdə ekoloji monitorinq işləri aparılmış, müxtəlif informasiya mənbələrindən, müasir metodlardan, texniki avadanlıqlardan və laborator tədqiqatlardan istifadə olunmuşdur. Belə ki, ekoloji məlumat bazasında Abşeron yarımadasında neft və digər tullantılarla çirklənmiş, lay suları altında qalmış torpaq əraziləri və onların çirklənmə dərinliyi dəqiq koordinatlarla öz əksini tapmışdır. Xüsusi proqram təminatının köməkliyi ilə ekoloji monitorinq aparılan koordinatlar üzrə analiz nəticələrinin xəritə üzərində yerləşdirilməsi və həmin sahələrdə təkrar monitorinq aparılarkən əldə olunan nəticələrin daima yeniləşməsinə imkan yaradır. Monitorinq aparılan sahələr üzrə ekoloji vəziyyətin dəyişmə tendensiyasını izləmək, qiymətləndirmək və ekoloji problemlərin idarə olunması mümkündür.
Tullantıların idarə edilməsi
Tullantı əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşya, maddə və materiallar toplusudur. Tullantıların idarə edilməsi sisteminin təşkili zamanı təkrar xammal əldə etmək mümkündür ki, bu da, öz növbəsində, ekoloji və iqtisadi baxımdan əhəmiyyətlidir. Ən əsası isə təkrar emal təbii resurslardan istifadəni minimuma endirir. Tullantıların idarə edilməsi sistemi onların yığılması, daşınması, təkrar emalı, ikinci dəfə istifadəsi və ya səmərəli istifadəsi, bütün prosesə nəzarətdən ibarət kompleks tədbirdir. Bu cür tədbirlər tullantıların insan sağlamlığına və ətraf mühitə mənfi təsirini azaltmaq üçün vacibdir.
“Təmiz Şəhər" ASC həm də bərk məişət tullantılarının çeşidlənməsinə böyük önəm verir. Bu istiqamətdə səhmdar cəmiyyət tərəfindən işlər görülməkdədir. Ümumiyyətlə, tullantıların idarə edilməsi sahəsində onların çeşidlənməsi və təkrar emalı mühüm utilizasiya üsullarındandır. Çeşidləmə həm də ucuz xammal bazarı, təbii sərvətlərə, enerjiyə, torpaq ərazilərinə qənaət deməkdir. Bütün bunlar nəzərə alınaraq tullantıların çeşidlənməsi "Təmiz Şəhər" ASC-nin tullantılarının idarə edilməsi siyasətinin vacib istiqamətlərindəndir. Hazırda Balaxanı poliqonu ərazisində bərk məişət tullantılarının çeşidlənməsi məntəqəsi fəaliyyət göstərir. Çeşidləmə məntəqəsində təkrar emala yararlı tullantılar çeşidlənir. Çeşidləmə zavodunun istismara verilməsi təbii sərvətlər və enerjiyə qənaəti, ən önəmlisi, ətraf mühitə mənfi təsirin azaldılmasını mümkün edir.
Ekoloji təbliğat və maarifləndirmə işləri
Təmiz və sağlam mühitdə yaşamaq hər bir insanın hüququdur. İstəyirik ki, yediyimiz qida, içdiyimiz su, gəzdiyimiz küçələr, istirahət etdiyimiz parklar, bir sözlə, hər bir şey gözəl və təmiz olsun. Son illər bu sahədə atılan uğurlu addımlar problemin həllinə öz müsbət təsirini göstərib.
Belə ki, respublikanın müxtəlif regionlarının ali və orta təhsil müəssisələrində, idarə və təşkilatlarda “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ekologiya və təbiət ərazilərinin inkişafına göstərdiyi diqqət və qayğı”, “2010-cu il “Ekologiya ilidir”, “Ətraf mühitin mühafizəsi hamımızın borcudur”, “Yeni yaşıllıqların salınmasında və mühafizəsində gənc nəslin rolu”, “Ətraf mühitin mühafizəsi - sağlamlığımıza təminatdır”, “İnsan və Təbiət”, “5 iyun Ümumdünya ətraf mühit günüdür”, “Yaşıllıqların mühafizəsi”, “Uşaqlara təmiz su – təmiz həyat”, “Selin yaranma səbəbləri və ona qarşı mübarizə tədbirləri” və s. mövzularda ekoloji təbliğat xarakterli seminar məşğələlər, görüşlər təşkil olunub.
Bu gün əhalinin ekoloji təhsili və maarifləndirilməsi dövlətin ekoloji siyasətində önəmli yer tutur. İnanırıq ki, əhali arasında genişmiqyaslı maarifləndirici tədbirlərin həyata keçirilməsi insanların ətraf mühitə daha qayğı ilə yanaşmasına imkan yaradacaqdır.
Ceyhun Rasimoğlu
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür
Bütün xəbərlər Facebook səhifəmizdə