"Günəş şüalarından yayılan ultrabənövşəyi (UV) şüalar xüsusilə göz üçün zərərlidir".Bu sözləri SİA-ya açıqlamasında Cərrah oftalmoloq Humay Əlizadə deyib.
Onun sözlərinə görə, bu zərəri minimuma endirmək məqsədilə günəş eynəklərinin içərisində xüsusi filtrlər yerləşdirilir. Həmin filtrlər UV filtr adlanır və onların əsas funksiyası 350-400 nanometr dalğa uzunluğuna malik ultrabənövşəyi şüaları süzməkdir. Bu dalğa uzunluğu məhz insan gözünə zərər vura biləcək UV şüaların spektrinə uyğundur. Beləliklə, keyfiyyətli günəş eynəkləri yalnız günəşin parıltısını deyil, həm də təhlükəli şüaları bloklayaraq göz sağlamlığını qoruyur.
Xüsusilə yüksək dağlıq ərazilərdə yaşayan insanlar, yəni günəşin birbaşa və güclü təsirinə məruz qalan şəxslər üçün əlavə qoruyucu funksiyaya malik eynəklər tövsiyə olunur. Belə eynəklərdə güzgü effekti olan, yəni antiblik xüsusiyyətə malik şüşələrdən istifadə edilir. Bu tip eynəklər adətən alpinistlər üçün nəzərdə tutulur, çünki yüksək dağlara qalxarkən güclü günəş şüalarının əks olunması gözlərdə ciddi narahatlıqlar yarada bilər. Güzgü effekti bu əks şüaları minimuma endirir və daha rahat görmə imkanı yaradır.
Bundan əlavə, xüsusi şüşələrdən olan poliarizəedici eynəklər də mövcuddur. Bu şüşələr parlaq səthlərdən, məsələn, su, qar və ya asfalt üzərindən əks olunan parıltını aradan qaldırmaq üçün nəzərdə tutulub. Poliarizə filtrlər parıltını azaldaraq göz yorğunluğunu minimuma endirir və daha aydın, rahat görmə təmin edir. Bu cür filtrlər eynəyin şüşəsinin daxilində yerləşdirilir və günəş eynəyinin həm qoruyucu, həm də funksional keyfiyyətini artırır.
Bütün xəbərlər Facebook səhifəmizdə