“Qış tətili müddətində tələbələrin digər ali məktəblərə tam olaraq köçürülməsi bərpa olunacaq”-MÜSAHİBƏ
Təhsil Nazirliyinin özəl universitetlər üzrə kuratoru İlyar Vahabovun SİA-ya müsahibəsi:
- Bildiyimiz kimi, ötən il ölkədə 2 ali məktəbin bağlanması nəticəsində yaranan problemlərin çox hissəsi öz həllini tapıb. Ancaq müəyyən problemlər hələ də qalmaqdadır və bunların səbəbləri nədir?
- Bəli, ötən il iki özəl ali məktəbin bağlanması nəticəsində yaranan problemlərin 80-85 faizi öz həllini tapıb. Həll olunmayan 15-20 faizi müəyyən məsələlərlə bağlıdır. Hazırda formasından asılı olaraq həmin ali məktəblərə qanuni qəbul olunub müəyyən səbəblərdən imtahanda iştirak etməyən və yaxud iştirak etsə də qeyri-kafi qiymət alan tələbələrin ərizələri, şəxsi işləri araşdırılır. Onların sənədləri araşdırıldıqdan sonra qış tətili müddətində tələbələrin digər ali məktəblərə köçürülməsi bərpa olunacaq.
Bundan əlavə, tələbələrin bir hissəsi əvvəlki tədris ilində qurtarıblar və onlar nazirin icazəsi olmadan dövlət imtahanına buraxılıblar. Onların heç bir hüquqi əsası yoxdur. Həmin tələbələr imtahan versə də bu qanunauyğun olmadığından biz yenidən, təkrar olaraq ərizə alıb bunları araşdırdıq. Əgər tələbələrin sənədləri qanuni səviyyədə qəbul olunubsa və sənədləri qaydasındadırsa, onların digər ali məktəblərə köçürülməsini bərpa edəcəyik.
Universitet rəhbərliyi həmin tələbələrə şəxsi işlərini təqdim etməlidirlər. Onların da təhsil haqları ilə bağlı problemləri olduğundan bu proseslər bir az gecikir. Ancaq biz çalışırıq ki, bütün bu problemləri qısa müddətdə həll edək.
- Özəl ali məktəblərin bağlanması nəticəsində nə qədər tələbənin digər ali məktəblərə köçürülməsi ilə bağlı statistik rəqəmlər varmı?
- Statistik rəqəmlər müxtəlif olur. Moskva Dövlət Açıq Universitetinin Bakı filialından 1400-ə yaxın, Bakı Beynəlxalq Universitetindən isə 1600-a yaxın tələbə digər ali məktəblərə köçürülüb. Ancaq Moskva Dövlət Açıq Universitetinin Bakı filialında təhsil alan tələbələrin müəyyən problemləri qalıb. Belə ki, Moskva Dövlət Açıq Universiteti istəyir ki, Bakı filialında tələbələr təhsillərini Moskvada davam etdirsinlər. Lakin bir qayda olaraq azərbaycanlıların oraya getmək, təhsillərini davam etdirmək imkanları olmadığından biz istəyirik ki, uşaqlar burada təhsillərini başa vursunlar. Ancaq universitetin də öz marağı var ki, tələbələr təhsillərini orada davam etdirsinlər. Ancaq biz də həmin tələbələrin azərbaycanlığını, tələbə olduqlarını, imkanlarını, gedib-gələ bilmədiklərini nəzərə alıb həmin tələbələri digər ali məktəblərə yerləşdirmişik. Ancaq onların şəxsi işlərinin alınması ilə bağlı problemlər var. İnanıram ki, bu da qısa müddətində öz həllini tapacaq.
- Bir vaxtlar tələbələrin köçürülməsi zamanı təhsil haqqları ilə bağlı müəyyən problemlər yaşanmışdı. Hazırda bu məsələlər nə yerdədir və öz həllini tapdımı?
- Tələbələrin digər ali məktəblərə köçürülməsi zamanı təhsil haqqının yüksək olması real məsələdir. Məsələn, Azərbaycan Beynəlxalq Universitetində "Tarix" ixtisasında təhsil haqqı 480 manat idi. Ancaq reallıqda 480 manatla "Tarix" ixtisasına kadr hazırlamaq mümkün deyil. Qafqaz Universitetinin "Maliyyə kredit" ixtisası 3800 manatdır. Qərb, Xəzər və digər özəl ali məktəblərdə minimum 2500 manatdır. Bəzi tələbələrdən hansı qrupda oxuduğunu soruşduqda qrupunu tanımırdı. Buradan da görünür ki, tələbələrin universitetdən xəbəri yoxdur. Yalnız adlarını yazırlar və bununla iş bitir. Bununla bağlı da problemlərimiz olur. Bu da təbiidir. Uşaqlar gec də olsa gedib universitet, ali məktəb, müəllim-tələbə münasibəti görməli, təhsilin müəyyən mərhələsini keçməlidirlər. Onlar bizim ölkənin, gələcəyimizin mütəxəssisləridir. Onları bugünki təhsillərində böyük perspektiv gözləyir. İndi hər yerdə işə qəbul prosesi testlə aparılır. Bunları gedib verə bilməyəndən sonra ondan nə tələbə olacaq. Bütün bu və ya digər məsələlər müəyyən çətinlik yaradır. Tələbə universitetə gedib auditoriya, müəllim-tələbə münasibəti görəndən, auditoriyada dərs keçəndən sonra bunları anlayır və başa düşür ki, çətin də olsa bu yolu keçməlidir.
- Problemlər nə zaman tam olaraq öz həllini tapacaq?
- Qeyd edim ki, problem tam həll olunmayana qədər problemdir. İnanıram ki, qış tətili müddətində digər tələbələrin də problemi öz həllini tapacaq.
- Ötən il ali məktəblər bağlandıqdan sonra ABU-da "qara transplantasiya" və digər bu kimi problemlər aşkarlandı. Hazırda digər özəl ali məktəblərdə bu və ya digər problemlər mövcuddurmu və universitetlərdə nə kimi yoxlamalar aparılır?
- Hələlik digər ali məktəblərdə ciddi qanun pozuntuları ilə rastlaşmamışıq. Amma mütəmadi olaraq monitorinqlər aparılır. Ali məktəblərə nəzarət var, tələbələrin, müəllimlərin, valideynlərin müraciəti daxil olur. Özümüzün də yerlərdə apardığımız monitorinqlər əsasında deyə bilərik ki, hələlik digər ali məktəblərdə elə bir ciddi problem yoxdur. Amma təhsil, insan olduqca problem həmişə var, o problem ortaya çıxdıqca biz bunun öhdəsindən gələcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə