İşəgötürənlərin yaş diskriminasiyası, yoxsa bəhanələr? ARAŞDIRMA

Ölkəmizdə əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində mühüm addımlar atılır, bu istiqamətdə layihə və proqramlar həyata keçirilməkdədir. Görülən işlər nəticəsində son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yerləri açılıb, işsizliyin səviyyəsi 5 faizə endirilib. Görülən işlərə baxmayaraq, orta yaşlı insanların işlə təmini məsələsində müəyyən narazılıqlar qalmaqdadır. Belə ki, hər gün rastlaşdığımız müxtəlif iş elanlarında yaş həddinin 25-35 yaş arasında olması dolayısı ilə 40-55 yaşlı iş axtaranların kənarda qalmasına xidmət edir. Bir çox hallarda şirkətlər, xidməti sektorlar, özəl müəssisələr orta yaşlı insanları işə götürmək istəmir. Bunun nəticəsində də əmək bazarında yaranan ayrı-seçkilik müəyyən yaş kateqoriyasına malik insanlarda böyük problemlər yaradır.

İşəgötürənlər düşünür ki, 45 yaşdan sonra işçilərə nəyisə öyrətmək çətin olduğundan ən asan yol cavanları işə cəlb etməkdir. Biznes sahibləri də bir çox hallarda öz müəssisələrində əmək bazarının tələblərinə cavab verən gəncləri görmək istəyir. Hətta bəzən 45-55 yaşlı insanların işə yararlı olmadığı stereotipinin yarandığını da müşahidə edirik. Təbii ki, bunu çoxluğa şamil etmək düzgün olmaz. Təqaüd yaşına çatandan sonra öz iş yerlərində qalıb işləyənlərin də sayı kifayət qədərdir. Amma 1 iyul 2018 – 30 iyun 2019-cu il tarixində kişilərin pensiya yaşının 64, qadınların isə 61 olduğunu nəzərə alsaq, 45-55 yaşlı şəxslərin bu müddətə qədər harada çalışacağı sual doğurur.

Azərbaycan qanunvericiliyi nə deyir?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, Azərbaycan qanunvericiliyində yaş diskriminasiyası yoxdur. Əksinə qanunvericilik müəyyən qrup insanları daha da stimullaşdıraraq, rahat işə qəbulunu təmin edir. Həm Əmək Məcəlləsi, həm də “Məşğulluq haqqında” qanunda əmək bazarına təzə atılan və eləcə də pensiya yaşına az qalan insanlara müəyyən güzəşt və imtiyazlar verilir, onların ilk növbədə işlə təmin olunması qanunla müəyyən edilir.

Azərbaycan qanunvericiliyinə əsasən, 100-dən çox işçisi olan hər bir təşkilat və ya qurum mütləq şəkildə əlil işə götürməlidir. Burada 3 faizlik kvota da müəyyənləşib.

Bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən “İşsizin Dostu” proqramı çərçivəsində insanlar ictimai işlərə cəlb olunur. Burada da daha çox gənc və orta yaşa malik pensiya yaşına çatmamış şəxslərin, rayon yerlərində yaşayan qadın və əlillərin işlə təmin olunmasına üstünlük verilir. Bu il 30 min nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Bundan başqa ölkəmizdə özünə məşğulluq proqramları həyata keçirilir ki, bu proqramlar çərçivəsində bu insanlar işlərini qura bilərlər. İş qurmaq istəyən şəxslər 2-4 ay müddətində kurs və ya treninqlərdə iştirak edir. İmtahan verdikdən sonra dövlət tərəfindən 5 min manata yaxın mal, avadanlıq və müxtəlif materiallar əldə etməklə işlərini qurmaq imkanı qazanırlar. Növbəti ildə özünə məşğulluqla bağlı kiçik müəssisələr yaradılacaq ki, 8 min işçinin də bura cəlb olunması nəzərdə tutulur.

Özəl sektora gəlincə, burada kiminsə işə götürülüb götürülməməsi ilə bağlı tapşırıq verilə bilməz. Bu sektor xüsusi hazırlığı, bilik və bacarığı onu qane edən, testlər və daxili imtahanları qazanan şəxsləri işə götürür. Çünki hər kəs öz işini qabiliyyətli və bacarıqlı, məhsuldar kadrlarla qurmaq istəyir. Adətən özəl sektorlar cavan yaşlı insanları götürərək onların kadr kimi yetişməsi üçün xərc qoyur. 45-50 yaşlı insanı öyrətmək onlar üçün çətin olur. 20-25 yaşlı cavanın informasiya texnologiyalarını mənimsəməsi imkanları 45-50 yaşlı insanla eyni ola bilməz. Bu baxımdan biz özəl sektoru qınaya da bilmərik. Amma bu da bütün sahələr üçün keçərli deyil, müəyyən spesifik sahələr var ki, orada yaş məhdudiyyəti qoyula bilir. Özəl sektor tələbata uyğun olaraq yaş diskriminasiyası qoya bilər, amma cinsə görə diskriminasiya qoya bilməz. Düzdür elə işlər var ki, ona yalnız xanımlar və ya əksinə yalnız kişilər üçün uyğundur. Misal olaraq xalça toxuma ilə bağlı işə xanımların cəlb olunması təbiidir. Amma belə olan halda da işə götürən işin xarakterini göstərməlidir. Lakin ümumilikdə heç bir qurum işə yalnız qadın və ya kişiləri götürə bilməz.

Peşəkar insan istənilən yaşda iş tapa bilər. Əgər müəllim ixtisara düşürsə, o başqa məktəbdə də gedib işləyə bilir. Lakin ümumilikdə orta yaşlı insanlar daha rahat və sərbəst iş tapmağa üstünlük verirlərsə, o zaman “İşsizin Dostu” və ya özünə məşğulluq proqramlarına müraciət edə bilərlər.

ƏƏSMN tərəfindən bu istiqamətdə hansı addımlar atılır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib ki, ölkə qanunvericiliyinin imkan verdiyi yaş həddində işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi aktual məsələdir: “İstər Məşğulluq Mərkəzləri, tərəfindən təqdim edilən vakansiyalar, istərsə də özünə məşğulluğa cəlb olunanlarda işlə təminat hər yaşın öz xüsusiyyətinə, vətəndaşın potensialı və seçiminə uyğun olaraq həyata keçirilir”.

Qurum sözçüsü söyləyib ki, işəgötürənlər tərəfindən təqdim olunan vakansiya iş axtaran vətəndaşlara təklif olunaraq, göndərişlər məhz həmin vakansiyalar hesabına həyata keçirilir: “Lakin bu sistemin təkmilləşdirilməsi, daha da müasir tələblər səviyyəsində qurulması ilə bağlı nazirlik tərəfindən işlər həyata keçirilməkdədir. Bu yaxınlarda "Məşğulluq" portalı, yəni məşğulluq elektron sistemi istifadəyə veriləcək ki, orada ölkədə mövcud olan bütün vakansiyalarla işə götürənlərin ehtiyacları iş axtaranların bazasına uzlaşdırılacaq. Portalda həm iş axtaranların siyahısı, həm də işəgötürənlərin vakansiyaları, onların ştat cədvəllərində bol qalan yerlər haqqında məlumatlar yerləşdiriləcək. Bir növ işəgötürənlə iş axtaran arasında elektron müstəvidə ünsiyyət yaranacaq. Bu proses yaxın iki ay müddətində icra olunduqdan sonra məşğulluqla bağlı sistemdə köklü şəkildə dəyişiklik hiss olunacaq. Sistemin əsas mahiyyəti məmur-vətəndaş münasibətlərini minimuma endirmək, şəffaflığı, operativliyi təmin etməklə yanaşı işsizlərin aktiv məşğulluq tədbirlərinə daha çevik cəlb olunmasına nail olmaqdır”.

“İşsizin Dostu” proqramı çərçivəsində də müxtəlif yaş kateqoriyasına aid insanların ödənişli ictimai işlərə cəlb olunduğunu deyən F.Talıblı qeyd edib ki, burada yaş limiti nəzərdə tutulmayıb: “İşsizin Dostu” proqramı çərçivəsində iş axtaran şəxslər Məşğulluq mərkəzlərinə müraciət etməklə “DOST İş Mərkəzi” nə işlə təmin olunması üçün müraciətlə bağlı göndəriş alır və yerli icra hakimiyyəti orqanlarının, digər müvafiq strukturların sifarişi əsasında, onların ehtiyacları səviyyəsində həmin işçilər ezam olunaraq çalışırlar. Prezident İlham Əliyevin təşəbbüsü ilə “İşsizin Dostu” proqramı çərçivəsində bu il ərzində 30 minədək iş axtaranın ictimai işlərə cəlb olunmasını təmin etmək nəzərdə tutulub. Artıq 23 min işsiz vətəndaş məhz həmin proqrama qoşularaq “DOST İş Mərkəzi” tərəfindən işə cəlb olunub, əmək müqavilələri bağlanıb. Burada işçi ilə müəssisə arasında əmək müqaviləsi bağlanır və vətəndaş hər ay rəsmi olaraq maaş alır. Beləliklə vətəndaşlarımız həm aktiv məşğulluğunu təmin edir, həmçinin öz gələcəkdə pensiya hüquqlarının reallaşmasına töhfəsini verir”.

Qurum sözçüsü qeyd edib ki, indiyədək nazirliyə orta yaşlı insanların yaş həddinə görə işə qəbulunda problemlərin olması ilə bağlı rəsmi müraciət daxil olmayıb: “Əgər belə bir şikayət daxil olarsa, o zaman ƏƏSMN işəgötürənlə işçi arasında körpü rolunu oynamağa hazırdır”.

Çətinlikləri necə aradan qaldıraq?

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, bu gün əmək bazarında iki istiqamətdə yaşla bağlı problemlər mövcuddur: “Xidmət sektorundan daha çox orta yaşlı insanların işlə təmin olunmasında çətinliklər müşahidə olunur. Xidmət sektorunda işlə təmin olunmaq üçün müraciət etdikdə orta yaşlı insanlara yaşlarının çox olduğu bildirilir. Burada söhbət 45 yaşdan yuxarı olanlardan gedir. Bundan başqa bir sıra hallarda, ixtisaslaşmış kadrlar tələb olunan yerlərdə gənc işçilərin işlə təmin olunmasında çətinliklər yaşanır. Çox təəssüf ki, özəl sektorların çoxu işçi götürərkən müəyyən təcrübə tələb edir, gənc kadrların da təcrübəsi olmadığı üçün onların ilə təmin olunmasında çətinliklər yaşanır. Bu çətinliklərin aradan qaldırılması üçün birmənalı şəkildə inzibati deyil, tətbiq edici eyni zamanda tövsiyə xarakterli meyarların hazırlanmasına və xüsusilə də özəl sektora təqdim olunmasına ehtiyac var. Bu nəticə etibarı ilə yaş diskriminasiyasının aradan qaldırılmasına gətirib çıxara bilər. Eyni zamanda gənclərin də işlə təmin olunması üçün özəl sektorla daha yaxından iş aparılmalı, təlimlər keçirilməlidir. Bu gənclərin təcrübə toplaması üçün çox vacibdir”.

Ekspert düşünür ki, işlə təmin olunmaq baxımından çətinliklərin aradan qaldırılması istiqamətində tövsiyə xarakterli fəaliyyətin gücləndirilməsinə ehtiyac var: “Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək bazarında seqmentlər üzrə yaşla təminata imkan verən meyarlar hazırlamalıdır ki, həm gənclər, həm də orta yaşlı insanlar bu meyardan faydalanaraq işlə təmin oluna bilsinlər”.

“İş axtaranlar yaş ayrı-seçkiliyinə görə məhkəməyə müraciət edə bilərlər”

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, Azərbaycanda əhalinin 70 faizi əmək qabiliyyətlidir.

Əmək bazarında əsasən ya gənc, ya da yaşı 50-dən yuxarı olan şəxslərə münasibətdə yaş həddi ilə bağlı bəhanələrin ortaya sürüldüyünü deyən Liqa sədri söyləyib ki, əslində isə insanın əmək qabiliyyətli olmasını yoxlamaq mümkündür: “Sağlamlıqla bağlı zərurətlər varsa, tibbi yoxlamalardan keçirməklə bunu etmək mümkündür. Əgər iş yerlərində yaş məhdudiyyəti, ora müraciət edən şəxsin sağlamlığında problem yoxdursa, o zaman hər kəs çalışa bilər. Azərbaycan qanunvericiliyində bu münasibət məsuliyyət yaradır. Yaş məhdudiyyəti ilə bağlı ortaya atılan bəhanələrin qarşısının alınmasının hüquqi yolları var. İstənilən şəxs işlə təmin olunmaq üçün müraciət etdiyi zaman ona göstərilən ayrı-seçkiliyə görə məhkəməyə müraciət edə bilər. Amma bir çox hallarda işəgötürənlər müraciət edən şəxsi işlə təmin etmək istəməyəndə ona yaşını deyil, digər bəhanələr gətirə də bilirlər. Rusiyada pensiya yaşı ərəfəsində işçinin əmək müqaviləsinə xitam verilməsi və işlə təmin olunmamaqla bağlı ciddi məsuliyyət müəyyənləşdirilsə də, onun işləmə mexanizmini həyata keçirmək çox çətindir. Bu zaman işə götürənlər yaşı deyil, vakansiya yoxdur və ya yerlərin dolması ilə bağlı digər bəhanələr gətirə bilirlər. Bu baxımdan ümumiyyətlə bu problemi qanunvericilik müstəvisində tənzimləmək çox çətindir”.

“Dövlət qulluğunda yaş həddi ilə bağlı heç bir məhdudiyyət qoyulmur”

S.Məmmədov qeyd edib ki, elə iş yerləri var ki, orada yaş məhdudiyyəti qoyulub: “Büdcə təşkilatlarında, dövlət təşkilatlarında çalışan şəxslərlə bağlı 65 yaş müəyyənləşdirilib. Amma yaş həddinin olması diskriminasiya sayılmır. Yaş həddi müəyyən olunmayan iş yerlərində yaşa görə işə götürülməyən də o zaman buna ayrı-seçkilik deyilə bilər. Azərbaycanda dövlət qulluğunda yaş həddi ilə bağlı heç bir məhdudiyyət qoyulmur. İstənilən yaş kateqoriyasına malik insanlar bu imtahanlardan keçməklə işlə təmin oluna bilirlər. Vəkilliyə qəbulla bağlı da yaş ayrı-seçkiliyi qoyulmur. Son keçirilən imtahanların birində 80 yaşlı şəxsin imtahandan uğurla keçdiyinin şahidi olduq. Ümumilikdə götürəndə yaşla bağlı ayrı-seçkilik bütün dünyada mövcuddur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə