Annalena Berbok BMT Baş Assambleyasının sədri vəzifəsinə namizəd kimi ilk çıxışını edib
Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sədri vəzifəsinə namizədliyini irəli sürərək ilk çıxışını edib. SİA “Bild” qəzetinə istinadla xəbər verir ki, A.Berbok çıxışında bu vəzifəyə seçiləcəyi təqdirdə BMT-yə üzv olan bütün ölkələrə səmimi vasitəçi və birləşdirici şəxs kimi xidmət etməyə hazır olduğunu bəyan edib. Berbokun gündəliyində davamlı inkişaf məqsədlərinin irəlilədilməsi, gender bərabərliyinin təşviqi və iqlim dəyişikliyi ilə mübarizə prioritet istiqamətlər kimi təqdim olunub.
Qeyd edək ki, BMT Baş Assambleyasının sədri daha çox rəmzi xarakter daşısa da, müəyyən siyasi və diplomatik təsir imkanları təqdim edir. Assambleyanın sədri iclaslara rəhbərlik edir və gündəliyin müəyyən edilməsində mühüm rol oynayır.
İyunun 2-də keçirilməsi nəzərdə tutulan seçkilər əslində formal xarakter daşıyır, çünki A.Berbokun namizədliyinə qarşı alternativ yoxdur.
Xatırladaq ki, A.Berbok 2021-ci ildən 2025-ci il mayın 6-dək Almaniyanın xarici işlər naziri vəzifəsində çalışıb. Diplomatik fəaliyyətini BMT çərçivəsində davam etdirmək istəyən sabiq nazir seçiləcəyi təqdirdə yeni vəzifəsinin icrasına sentyabrın 9-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə