Rusiya Dövlət Duması ev və mənzillərdə saxlanılması qadağan olunan heyvanların siyahısını yeniləyib. Siyahıya zəhərli hörümçəklər, kobralar, pitonlar, tısbağalar, pələnglər, şirlər, çaqqallar və müxtəlif növ primatlar (meymunlar) daxildir. SİA Rusiya mediasına istinadla xəbər verir ki, siyahının yenidən nəzərdən keçirilməsinə səbəb son vaxtlar ekzotik heyvanların insanlara hücum etməsi hallarının artması olub.
Dövlət Dumasının Ekologiya, təbii ehtiyatlar və ətraf mühitin mühafizəsi komitəsinin sədrinin müavini Vladimir Burmatov “Qovorit Moskva” radiostansiyasına verdiyi açıqlamada bildirib ki, bu qadağa yalnız yeni qayda qüvvəyə mindikdən sonra alınan heyvanlara şamil ediləcək. Qanun qəbul olunmazdan əvvəl alınan və ya hədiyyə edilən heyvanlar müsadirə olunmayacaq.
“Bizim qanunvericilikdə belə müəyyən olunub ki, əgər sən heyvanı qanun qüvvəyə minməmişdən əvvəl alıbsansa və ya sənə hədiyyə edilibsə və yaxud sən bu heyvanın qanuni şəkildə səndə olduğunu təsdiq edən sənədə sahibsənsə, heç kim səni cərimələyə və ya cəzalandıra bilməz. Lakin heyvanın sənin səhlənkarlığın üzündən kiməsə hücum etməsi, xəsarət yetirməsi, dişləməsi və ya ölümə səbəb olması kimi hallar istisnadır. Təəssüf ki, belə hallar az deyil”, – deyə deputat vurğulayıb.
Bununla belə, o əlavə edib ki, qadağa siyahısına düşən bu heyvanların reabilitasiya mərkəzlərinə təhvil verilməsi daha məqsədəuyğun və təhlükəsiz olardı.
“İnsanlar ilanları və digər ekzotik heyvanları alırlar, lakin sonradan onlarla nə edəcəklərini bilmirlər. Onların nə qədər təhlükəli ola biləcəyini də dərk etmirlər. Qismətinə belə heyvan düşübsə, yaxşısı budur ki, onu müvafiq mərkəzlərə təhvil verəsən. Sabah nə baş verəcəyini heç kim bilmir. Özünüzü və başqalarını təhlükəyə atmayın”, – deyə Vladimir Burmatov xəbərdarlıq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə