Azərbaycan yəhudiləri tarixdən bu günə

Azərbaycan tarix boyu müxtəlif xalqlara ev sahibliyi edib. Bu xalqlardan biri də yəhudilərdir. Azərbaycan Yəhudiləri Cuhuro (Dağ yəhudiləri), Aşkenaz, Gürcü kimi qruplara bölünür. Azərbaycan bir müddət Krımçaklar ( Karayim yəhudiləri), Kürt Yəhudiləri, Buxara Yəhudilərinə və İbrani köklü olmayan Subbotnik və Ger Yəhudilərinə də ev sahibliyi etmişdir. Hazırda Azərbaycandakı yəhudilərin sayı 12 min nəfərə yaxındır. Bunların böyük əksəriyyətini dağ yəhudiləri təşkil edir.

Yəhudilər hazırda Bakı, Sumqayıt, Quba və Oğuz rayonunda yaşayırlar. Qırmızı qəsəbə, dünyada Dağ Yəhudilərinin sayına görə ən sıx məskunlaşdığı ərazidir. 1920-ci ildən bəri isə Şamaxı rayonunda demək olar ki Yəhudi ailəsi yoxdur. Yəhudilərin yaşadığı yerlərdən biri də Göyçaydır. Yəhudilərin, Azərbaycana köç etdiyi dövrlərdən bəri Göyçayda yerləşsələr də hazırda Göyçayda çox az yəhudi ailəsi qalmaqdadır. Yəhudilərin say baxımdan çoxluq olaraq yaşadıqları yerlərdən biri də Oğuz rayonudur. Hətta Oğuzda cuhudlar məhəlləsi deyilən bir qəsəbə var. Həmin ərazidə yəhudilərin 2 böyük sinaqoqları var. Əvvəllər İsmayıllının Mücühəftəran bölgəsində yəhudilər yaşayıb, hətta bu gün orda bir yəhudi qəbiristanlığı mövcuddur. Bundan başqa yəhudilər Yevlax, Bərdə və Şirvan bölgəsində də məskunlaşmışlar, amma müəyyən müddət sonra müxtəlif səbəblərdən artıq o bölgələrdə yəhudilər qalmamışdır.

Tarixə baxış

Bizim coğrafiyada, Azərbaycan türkləri ilə Yəhudilərin bir yerdə yaşamaq tarixi yüzilliklər öncə mövcud olmuş Alban dövlətinə qədər uzanır. Azərbaycanlı tədqiqatçı Məhəmmədhəsən Vəlili (Baharlı) hələ 1921-ci ildə Bakıda nəşr olunmuş “Azərbaycan. Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat” adlı kitabında bu suala belə cavab vermişdir: “Azərbaycan yəhudiləri, Assuri padşahları tərəfindən əsir edilmiş, əvvəl Assuriyada və sonra Midiyada yaşayan qədim yəhudilərin övladlarındandırlar. Buradan yəhudilər Assuri hökmranlığının süqutundan sonra, Salmanasar şahın zamanında indiki Azərbaycana, Gürcüstana və Dağıstana köçmüşdülər”. Azərbaycanda yəhudi diasporunun təşəkkülünün Əhəmənilər dövrü ilə əlaqələndirilməsi barədə də fikirlər vardır. Hər bir halda, Azərbaycanda yaranmış yəhudi diasporunun dünya üzrə meydana gəlmiş ilk diasporlardan olması aydın olur. Arxeoloji qazıntılar zamanı Bakı ətrafında yeddinci yüzilliyə aid bir yəhudi yaşayış məntəqəsinə və Qubanın 25 km cənub şərqində köhnə Sinaqoqa rast gəlinmişdir. Bakıdakı ilk dini bina 1862-ci ildə qurulmuşdur. Bu bina 1896-cı ildə Sinaqoqa çevrildi. 19-cu əsrin sonlarında daha bir neçə Sinaqoq inşa edildi. İlk qurulu Sinaqoq, 1910-cu ildə Bakıda istifadəyə verildi. 19-cu əsrin sonlarında, Rus işğalı altındakı Bakı Sionizm hərəkatının mərkəzlərindən biri oldu. “Hovevei Zion” 1891-ci ildə quruldu və bundan sonra 1899-cu ildəki ilk Sionist təşkilat quruldu. 1919-cu ildə Yəhudi Xalq Universiteti açıldı. Müəyyən aralıqlarla Yidiş, İbranicə, Cuhuricə məktəblər, lokallar xeyriyyə qurumları və mədəniyyət mərkəzləri fəaliyyət göstərdi. Sovetlərin qurulma prosesində azərbaycanlılarla yanaşı yəhudilərə də təzyiqlər olunmağa başladı. Bütün sionist fəaliyyətlər və ibranicə qaynaqlar qadağan edildi. 1920-ci illərin əvvəllərində bir neçə yüz dağ yəhudi ailəsi Azərbaycan və Dağıstandan ayrılıb, İsrailə öz tarixi ata-baba yurdlarına yerləşdilər. 1970-ci ildə isə köç yasağının qaldırılması ilə xeyli sayda yəhudi İsrailə köç etdi. Azərbaycan yəhudilərinin ən sıx olduğu 1970-ci ildə, ölkədə 41 min 288 yəhudi var idi. Bunların üç mini 1971 və 1978-ci illər İsrailə köçərək, Tel-Əviv və Hayfaya yerləşdi.

Dağ Yəhudiləri

Dağ yəhudilərinin mənşəyi və Qafqazda yerləşmələri ilə bağlı çoxlu ehtimallar mövcuddur. Onlardan biri, dağ yəhudilərinin çox uzun zamanlardan Qafqazda yaşamağıdır. Tarixi qaynaqlara görə, miladdan əvvəl 722-ci ildə assuriyalıllar tərəfindən sürgünə göndərilən itmiş 10 qəbilə bir müddət sonra Əhəmənilər və Sasanilər tərəfindən sıxışdırılaraq Cənub-Qərbi İrandan Dağıstana köç etmişdilər. Digər ehtimallardan biri isə dağ yəhudilərinin Erkən Orta əsrlərinin əvvəllərindən İrandan, ya da ərəb işğalları səbəbi ilə Bizans İmperiyasından gəlməsidir. Kür çayının sol hissəsindən Albaniyaya yerləşən yəhudilər Şimal qonşuluqlarındakı Qıpçak-Xəzər Xaqanlığı ilə təmasa keçməsidir.

Yəhudilərlə Qafqaz türklərinin sıx əlaqəsi nəticəsində Xəzər imperiyası yəhudiliyi qəbul edərək 790-cı ildə iudaizmi dövlət dini elan ediblər. O zamanlar zülm içində yaşayan yəhudilər yeni qurulan türk yəhudi dövləti olan Xəzər xaqanlığına yerləşiblər. Orta əsrlərin sonlarında Gilan yəhudiləri bölgədəki yəhudilərlə iqtisadi və mədəni əlaqə qurdular. Sovetlər zamanına kimi, ipəkçilik və qumaş ticarəti ilə məşğul idilər. 1730-cu ildə Səfəvi dövlətindən ayrılan Quba xanı Hüseyn Əli xanın çıxardığı qərarla yəhudilər mülk sahibi oldular. 1926-cı ildə Sovet əhali sayımına görə ümumilikdə yəhudi əhalisinin 10 mindən artıq hissəsi dağ yəhudisi idi. Sovetlər birliyinin son çağlarında dağ yəhudilərinin sayı məlum deyildi. Çünki, Sovet İmperiyasının antisemit siyasətinin qurbanına çevrilməmək üçün özlərini tat olaraq tanıtdılar. Araşdrımaçılar Tat tayfasıyla dağ yəhudilərinin eyni kökdən olduğu ehtimallarına şiddətlə qarşı çıxırlar. Dağ yəhudiləri bu gün Azərbaycandakı Yəhudi diasporunun əsasını təşkil etməkdədir. Tat dilinin bəlli bir ləhcəsi olan və Cuhuri deyilən bir dildə danışmaqdadırlar. Bu dilə yəhudi tatcası da deyilir.

Aşkenaz Yəhudiləri

Askenaz yəhudiləri (Polşa, Rusiya, Belarus, Ukrayna, Almaniya və Macarıstan) orta və qərbi Avropa yəhudilərinə deyilir. Aşkenaz yəhudiləri Bakıya ilk dəfə olaraq 1800-ci illərin əvvəlində gəlmişdilər. Davamlı köçlər sayəsində 1910-cu ildə Aşkenaz yəhudilərinin sayı dağ yəhudilərinin sayını keçmişdir. Daha çox neft zəngini olan Bakıya yerləşdilər. Rus imperiyasının öndə gələn neft şirkəti “Xəzər- Qara Dəniz” şirkəti alman yəhudisi Rotşild ailəsi tərəfindən quruldu. Aşkenazlar 1940-cı illərin sonlarına qədər Azərbaycana köç etməyə davam etdilər. Bunların çoxunu II Dünya müharibəsi zamanı evlərindən çıxarılan Rus, Ukrayna və belaruslu mühacir yəhudilər təşkil etdilər. Aşkenaz yəhudiləri Azərbaycan siyasətində aktiv rol aldılar. Kiyev mənşəli Dr.Yevsei Gindes Azərbaycan Demokratik Respublikasının Səhiyyə naziri vəzifəsinə gətirildi. O dövr tibb aləmində Gindesin danılmaz xidmətləri olmuşdur. Hətta Aşkenaz yəhudiləri Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında iştirak etməyə nail oldular. Onlar yerli xalqın tərəfini tutaraq yadelli işğalçılara qarşı azadlıq mübarizəsi aparırdılar. Dövlətimizin parçalanmasını istəyən və xalqımızın daim zülm altında qalmasında maraqlı olan bəzi qonşular kimi hadisələrə biganə qalmırdılar. 1912-ci ildə qeyddə olan vəkil və həkimlərin üçdə biri yəhudi idi. Çar və Sovet dövründə Azərbaycanda əksəriyyət köçəri kimi Aşkenazların dilləri də ruslaşdı. Aşkenazların çoxu rus dilini bilməklə bərabər, Azərbaycancan türkcəsində də sərbəst danışmaqda xüsusi səy göstərirdilər. Yidiş dilini bilənlərin sayı məlum deyil. Hazırda Aşkenaz yəhudiləri Azərbaycanda dağ yəhudilərindən sonra ikinci ən böyük yəhudi icmasıdır. Aşkenaz yəhudilərinə ait Bakıda bir sinaqoq fəaliyyət göstərir.

Gürcü yəhudiləri

Çarlıq dövründən əvvəl yerli yəhudi icmalarının gürcü yəhudiləri ilə əlaqəsi olub olmadığı bilinmir. Lakin 1910-cu illərdə gürcü yəhudilərinin Bakıdakı varlığı və onlara aid bir tədris mərkəzi olduğu məlumdur. Bu gün bir neçə yüz gürcü yəhudisi Azərbaycanda yaşamaqdadır. Bakıda Gürcü yəhudilərinə xidmət edən bir sinaqoq fəaliyyət göstərir.

Kürt yəhudiləri

1827-ci ildə yəhudi aramicəsi ilə danışan kürd yəhudilərindən bəziləri Güney Azərbaycan və İrandan Azərbaycana yerləşdi. 1919-1939-cu illər ərzində Bakıda bir kürd sinaqoqu mövcud olmuşdur. Sovetlər qurulduqdan sonra Stalin hökumətində xoş qarşılanmayan kürd yəhudiləri 1951-ci ildə Qafqazdan və Azərbaycandan sürgün edildilər.

Karayim yəhudiləri

Xəzər türklərinin nəslindən olan Kırımcaklar (karayim yəhudiləri) dünyada yalnız 5 min nəfər təşkil edir. 1989-cu ildə 41 karayim yəhudisi Azərbaycanda yaşayırdı. Buraxara yəhudilərinin sayı isə 88 idi. Bu gün bu yəhudi qrupları Azərbaycanda artıq yaşamırlar.

Gerlər və Subbotniklər

Gerlər və Subbotniklər Rusiyanın müxtəlif yerlərindən 1820-ci illərdə yəhudiliyi qəbul etmiş etnik qruplardır. 1839-1841-ci illərdə Çar hökuməti bu şəxsləri Cənubi Qafqaza, əsasən də Azərbaycana sürgün etdi. Buraya çatdıqlarında köhnə adı Həştərxan-Bazarı olan Cəlilabadın ən böyük məskunlaşma məntəqələrindən biri olan Privolnoyeyə yerləşdilər. Bura sonralar Rusiyanın ən böyük Yəhudi-Rus məskunlaşma məntəqələrindən biri oldu. Sovet dövrünün sonlarına doğru ger və subbotniklər Azərbaycandakı sayı 5 min nəfər idi. 1997-ci ildə isə yalnız 200 nəfəri qalmışdı. Bunların da əksəriyyəti,Rusiyaya köç etmələri səbəbindən Azərbaycanda artıq gerlər və subbotniklər yaşamırlar.

Müasir dövrdə Azərbaycan yəhudiləri

Sovetlər zamanında Azərbaycan xalqı kimi, yəhudi xalqı da öz dinləri və mədəniyyətlərini yaşaya bilmirdilər. Lakin, Sovet İttifaqı dağılandan sonra müstəqil Azərbaycan dövlətinin qurulması ilə birlikdə yəhudi xalqı da dini və mədəni həyatlarında azadlıq əldə etdilər. Müstəqil Azərbaycan dövləti Azərbaycanda yaşayan digər azsaylı xalqlarla birlikdə yəhudi xalqına da öz dinlərini və mədəniyyətlərini yaşaması üçün hər cür şərait yaratdı. Yüz illərdir Azərbaycanda yaşayan yəhudi xalqı da Azərbaycanı özlərinə vətən bilirlər. Məhz bunun bariz nümunəsi Azərbaycanın ilk milli qəhrəmanlarından biri olan Qarabağ savaşında şəhid olan Albert Aqarunovdur. Azərbaycan xalqının bir parçası olan Azərbaycan yəhudiləri dünyanın heç bir yerində olmayan əmin-amanlıq və sülh şəraitində yaşayırlar. Bu gün Azərbaycanda üç yəhudi icması fəaliyyət göstərir. Bakıda aşkenazlara, dağ yəhudiləri və gürcü yəhudilərinə xidmət edən üç Sinaqoq var. Bakıdakı dağ yəhudilərinin sinaqoqu Qafqazın ən böyük sinaqoqudur. Qubanın yaxınlığında Qırmızı Qəsəbədə iki, Oğuzda iki sinaqoq var. Privolnoyedəki gerlərə aid sinaqoq 1990-cı illərdən əhalinin azalması səbəbi ilə bağlıdır Bunlardan biri olan dağ yəhudilərinin sinaqoqu cənab prezident İlham Əliyevin şəxsi göstərişi ilə tikilmişdir. Həmçinin, Bakıda iki yəhudi məktəbi vardır ki, bunlardan biri dövlət nəzdindədir. Bu, dünyada əsil tolerantlıq və multikultiralizm nümunəsidir. Həmçinin Azərbaycanda bir neçə universitetdə yəhudi dili və mədəniyyəti tədris olunur. Həmçinin Azərbaycan Milli Məclisində yəhudi xalqını təmsil edən bir millət vəkili var. Bundan başqa Azərbaycanın iqtisadi, siyasi və sosial həyatında yəhudi xalqının nümayəndələri aktiv iştirak edirlər. Ölkədən kənarda yaşayan Azərbaycan yəhudiləri doğulub, boya-başa çatdıqları torpağı unutmurlar. Bu gün dünyada Azərbaycan həqiqətlərinin təbliğində yəhudi diasporu aktiv iştirak edir. Yəhudi dövləti İsrail ilə Azərbaycan arasında siyasi, hərbi və iqtisadi əməkdaşlıq mövcuddur. İsrail dövləti 20 faizdən çox torpaqları işğal olunmuş Azərbaycan dövlətinin və xalqının yanındadır. Azərbaycan yəhudiləri İsrail-Azərbaycan münasibətlərinin inkişafında və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında aparıcı qüvvədir.

Murad Salmanov

Bütün xəbərlər Facebook səhifəmizdə