Hava şəraiti ilə əlaqədar 1000 nəfərdən çox işçi təxliyyə edilmişdir

Martın 30 və 31-də açıq dənizdə proqnozlaşdırılan hava şəraitinin kəskinləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə dənizdə fəaliyyət göstərən bütün struktur bölmələri məlumatlandırılmışdır. SOCAR-ın idarə aparatı və sahələrdə növbətçilik təşkil olunmuşdur. Hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumi 1000 nəfərdən çox işçilərin sahilə çıxarılması üçün tədbirlər görülmüş və yerinə yetirilmişdir. Dəniz neft-qazçıxarma obyektlərində yalnız istehsalat zərurətinin tələb etdiyi qədər işçilər saxlanılmışdır.

Bununla yanaşı rəhbərlik tərəfindən bütün sahələrdə maarifləndirmə işləri aparılmış, açıq hava şəraitində bütün işlərin maksimum dərəcədə məhdudlaşdırılması, nəqliyyat və işçilərin estakada və ya dəniz özüllərinin istehsalat sahələrində hərəkət etməsinə məhdudiyyətin qoyulması, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə göstərişlər verilmişdir.

Bundan əlavə mümkün fövqəladə vəziyyətə cavab olaraq digər təşkilat və qurumlarla birgə əlaqəli tədbirlərin həyata keçirilməsi və mövcud vəziyyətin daimi nəzarətdə saxlanılması davam etməkdədir. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri növbətçilik həyata keçirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə