Azərbaycanda vəkilliyə namizədlər icbari təlimə cəlb olunacaq

Azərbaycanda vəkilliyə namizədlərin şəffaf prosedurlar əsasında seçimi davam edir. Vəkillər Kollegiyasından Trend-ə verilən məlumata görə, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş 607 nəfər vəkilliyə namizədin peşə yararlılığının yoxlanılması məqsədilə imtahanın şifahi müsahibə mərhələsi keçirilməkdədir və onlardan 100 nəfər vəkilliyə namizəd şifahi müsahibə mərhələsində iştirak etmişdir. Qeyd olunmalıdır ki, şifahi müsahibələrin nəticələri hər 100 nəfərdən bir açıqlanacaqdır.

İmtahanın nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 87 nəfər vəkilliyə namizəd aprel ayının 2-də Ədliyyə Akademiyasında başlayacaq icbari təlimə buraxılmışdır.

1 ayadək davam edəcək icbari təlimdə namizədlərin vəkil peşəsinə hazırlanmaları təmin ediləcək, onlara vəkillik fəaliyyətinin səmərəli təşkili, vəkil etikası, insan haqları və digər aktual məsələlərə dair mövzular peşəkar ekspertlərin iştirakı ilə tədris olunacaqdır. Həmçinin, namizədlər müxtəlif aidiyyəti qurumlarda təcrübə də keçəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə