Musa Quliyev: “Bəzi bölgələrdə nigah yaşının azaldılması və nigaha girənlərin tibbi müayinəyə cəlb olunması ilə bağlı çox ciddi narazılıqlar mövcuddur” -MÜSAHİBƏ

Musa Quliyev: “Bəzi bölgələrdə nigah yaşının azaldılması və nigaha girənlərin tibbi müayinəyə cəlb olunması ilə bağlı çox ciddi narazılıqlar mövcuddur” -MÜSAHİBƏ

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyevin SİA-ya müsahibəsi

 

- Bildiyiniz kimi, 7 noyabr ölkədə parlament seçkiləri keçiriləcək. Sizin fikrinizcə, bu seçkilər ötən ilki seçkilərdən nə ilə fərqlənəcək?

- Ölkənin həyatında parlament seçkiləri çox mühüm ictiami-siyasi hadisədir. Azərbaycan müstəqillik əldə edəndən sonra hər bir seçki texnologiyasının təkmilləşməsi, seçkinin demokratik ab-havasının daha da gernişlənməsi, möhkəmlənməsi, xalqın bütün təbəqələrinə nüfuz etməsi, o cümlədən seçki fəallığı ilə seçilir. Bu ilki seçki də sıradan olmayacaq. Saydığım amillər də bu seçkidə özünün qabarıq şəkildə göstərəcək. İlk növbədə builki seçkiyə çox təkmil bir Seçki Məcəlləsi ilə gedirik. Seçki Məcəlləsi ötən seçkilər ərəfəsində qəbul olundu və bundan sonra daha da təkminləşdi. ATƏT, BMT, Avropa Şurasının tövsiyələri nəzərə alınaraq məcəllə daha da demokratik seçki keçirməyə uyğunlaşdırılıb.

İkinci məsələ isə seçkinin daha demokratik, sabitlik şəraitində keçirən Azərbaycan dövlətinin gücünün, qüdrətinin artması, dövlətçiliyinin inkişaf etməsidir. Dövlətçiliyin inkişaf etməsi bu və ya digər şəkildə seçici şüuruna təsir edən faktorlardan biridir. Seçici tam olaraq hiss edir ki, onun hüquqları dövlət tərəfindən qorunur və burada heç bir hüquq pozuntusu olmayacaq. Əgər hər hansı bir pozuntu olacaqsa da bunun qarşısı dövlətin müvafiq strukturları tərəfindən alınacaq. Bu çox vacib şərtdir ki, seçici seçkiyə arxayın getsin.

Digər tərəfdən ölkənin sosial-iqtisadi inkişafı da seçicilərimizin Azərbaycan dövlətinə inamını artırır və onların hər biri dövlətin quruculuğu, inkişafı işində iştirak etmək istəyirlər. Bu da cari ildəki seçkini ötən ilki seçkilərdən fərqləndirən cəhətlərdən biridir. Əsas fərqləndirici cəhətlərdən biri isə bu seçkilərdə heç bir namizəd tərəfindən ciddi qanun pozuntusuna yol veriləcək addımların atılmamasıdır. Namizədlər bir-birinə qarşı etik normalar çərçivəsində davranacaqlar. Biz görürük ki, seçkidən seçkiyə həm Azərbaycan seçicisi, həm də seçilən insanlar yüksək seçki mədəniyyətinə yiyələnirlər.

- Deputatlığa namizədliyini irəli sürmüş şəxslərin sonradan yerdəyişmələri nə dərəcədə düzgündür və sizin buna münasibətiniz necədir?

- Bu tamamilə doğru, düzgün addımdır. Burada heç bir qanun pozuntusu yoxdur. İlk növbədə bu namizədlərin hüququdur. İkinci tərəfdən namizədliyini irəliyə sürən şəxs həmin seçici dairəsində qeydiyyatdan keçmək üçün ərizələrini yığıb təhvil verməyibsə, namizəd vəsiqəsini almayıbsa, o, öz fikrini dəqiqləşdirə, qərarını dəyişdirə bilər. Bu normal bir şeydir. Həmin məsələ həm dünya ölkələrinin praktikasında, həm də Azərbaycanın ötən seçki praktikasında var. Bu seçkidə olub, gələn seçkidə də olacaq. Həm iqtidar, həm müsavat, həım də müstəqil namizədlər tərəfindən edilən bu addımlar tam nomal qarşılanmalıdır. Burada Seçki Məcəlləsinin heç bir maddəsi pozulmur.

 

- Hazırda Ailə Məcəlləsinə əlavə və dəyişiklər edilməsi ilə bağlı hansı işlər görülür?

- Qanunvericilik texnologiyası baxımından bu dəyişiklərin edilməsində heç bir problem yoxdu. Bu dəyişiklərə həm Milli Məclisin Sosial siyəsət komitəsində baxılıb, həm də Sosial qanunvericilik şöbəsində ekspertlər tərəfindən ekspertizadan keçirilib. Müvafiq icra hakimiyyəti orqanlarında müəyyən rəy alınıb. Amma hər bir qanunun qəbul edilməsindən öncə ictimai rəyin buna münasibəti və onun nə qədər sosial sifarişə uyğun olub-olmadığı öyrənilməlidir ki, bu qəbul olunduqdan sonra işləyən bir qanun olsun. Ailə Məcəlləsində nəzərdə tutulan dəyişikliklər çox ciddi dəyişiklərdir. Burada nigah yaşının azaldılması, nigaha girən şəxslərin icbari qaydada müayinədən keçməsi və bir-birinə öz sağlamlığı barədə məlumat verməsi , həmçinin nigaha girən şəxslərin icrabi qaydada əmlak müqaviləsinin imzalanması nəzərdə tutulur.

İndi bütün bunlar ictimai rəyin öyrənilməsi mərhələsindədir. Bəzi bölgələrdə buna tam müsbət münasibət var. Bəzi bölgələrdə nigah yaşının azaldılması və nigaha girən şəxslərin tibbi müayinəyə cəlb olunması ilə bağlı çox ciddi narazılıqlar mövcudur. Bu faktdır və bunu demək lazımdır. Əgər biz bu narazılıqları, ciddi etirazları, ictimai rəyi, ölkə ahalisinin buna nə dərəcədə hazır olmasını nəzərə almasaq, qanun qəbul olunandan sonra ciddi problemlərlə üzləşə bilərik. Hazırda evlənənlərin 20-30%-i rəsmi nigaha girmədən evlənən şəxslərdir. Ölkə əhalisinin rəyi, ayrı-ayrı bölgələrin xüsusiyyəti öyrənilmədən addımlar atılarsa, gələcəkdə qeyri-rəsmi nigahların sayı da artar, bu isə sonradan boşanma və digər problemləri ortaya çıxa bilər. Buna görə də kifayət qədər ictimai rəy formalaşmalı, müxtəlif təbəqələrin bu məsələyə münasibəti müəyyənləşməli, müəyyən təbliğat işi aparılmalıdır. Bu işlər görüləndən sonra yəqinki qərar qəbul olunacaq.

- İctimai rəyi hazırlamaq üçün hansısa təbliğat və ya maarifləndirici işlər aparılırmı?

- KİV-in bu məsələni işıqlandırması böyük bir təbliğat vasitəsidir. Düşünürəm ki, bu işləri ardıcıl etmək lazımdır. Ancaq təəsüf edirəm ki, bəzi özəl televeziya kanalları çox ucuz şou göstərir. Həmin şou proqramlar əvəzinə maarifləndirici proqramlar hazırlamaq lazımdır. Sizi inandırım ki, bu proqramlara baxanların sayı şou verilişlərinə baxanlardan qat-qat çox olacaq.
Bundan əlavə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də məqsədyönlü təbliğat xarakterli fəaliyyət göstərir. QHT-lər, Heydər Əliyev Fondu ciddi şəkildə bu işlə məşğuldur. Ədliyyə Nazirliyi orqanları, xüsusilə də VVAQ-lar bu məsələdə təbliğat işinin gücləndirilməsi, əhaliyə çatdrılması işində daha da səmərəli xidmətlərin göstərə bilərlər. Ən səmərəli iş isə təhsil müəssisələrində, orta məktəblərin yuxarı siniflərində və ali məktəblərdə aparılmalıdır. O cümlədən orduda xidmət edənlər arasında da bu işlər görülməlidir.

- Musa müəllim, bildiyimiz qədər "Ailə həkimi haqqında" və "Reproduktiv sağlamlıq haqqında" qanun layihələri Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılmayıb. Bunun səbəbləri nədir?

- Ötən gün Milli Məclisin plenar iclasında sədr Oqtay Əsədov da çıxışında dedi ki, payız sessiyası qısa bir sessiyadır. Burada əsas güc dövlət büdcəsinin qəbul olunmasına və ötən ildən qalmış bir neçə qanunların qəbuluna veriləcək. Həm də payız sessiyası seçkilər dövrünə təsadüf etdiyindən ola bilsin ki, 1 ay-1 ay yarım fəaliyyət göstərməsin. Çünki deputatların əksəriyyəti seçkilərə qatılıblar. Təzə deputatlar seçiləndən sonra isə ən azı 20 gün onların təsdiqi prosesləri gedəcək. Düşünürəm ki, bizi narahat edən bütün məsələlər yaz sessiyasında öz həllini tapacaq.

- Bu gün cəmiyyət yeni qanun layihələrinin qəbuluna tam olaraq hazırdırmı?

- Cəmiyyət bunların hər birini qəbul edir. Ancaq müəyyən zaman lazımdır ki, cəmiyyətin konservativ olan hissələri də bunu qəbul etsin. Amma "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində Ailə Məcəlləsindən fərqli olan bir məsələ var. Bu ancaq reproduktiv problemi olan ailələrə şamil edilir. Digər tərəfdən bu məsələ ailədə iki şəxsin qərarı əsasında həll olunan bir məsələdir. Bunun bütövlükdə cəmiyyətə aidiyyatı və ya təhlükəsi yoxdur. Amma təəssüf ki, biz deputat həmkarlarımızı buna inandıra bilmədik.

Bütün xəbərlər Facebook səhifəmizdə