Zəlzələyə hazırlıq necə olmalıdır?

Zəlzələyə hazırlıq necə olmalıdır?

Hər bir insan zəlzələ zamanı özünü necə aparmaq qaydalarını, eləcə də etməli olduğu hərəkətləri bilməlidir.

Zəlzələyə hazırlıq mərhələsində bütün ailə üzvlərinin iştirakı ilə yığıncaq keçirilməlidir. Zəlzələdən əvvəl aparılacaq hazırlıqlar, zəlzələ vaxtı və ondan sonra görüləcək işlər müzakirə olunmalıdır. Bu zaman mənzilin otaqlarında zəlzələ zamanı hansı əşyaların uçaraq, aşaraq və ya sürüşüb düşərək təhlükə yarada biləcəyi müəyyən edilməlidir. Ailə üzvlərinin otaqları nəzərdən keçirilməli, görülməli işlər siyahıya alınmalı və yarana biləcək təhlükə əvvəlcədən tam aradan qaldırılmalıdır.

Yadda saxlamaq lazımdır ki, mənzildə insanların başı üzərində, rəfdə, ev mebelinin üstündə yerləşdirilmiş ağır əşyalar ən qısa boylu ailə üzvünün boyundan aşağı bir yerə endirilməlidir. Mebel divara kip bərkidilməli, zəlzələ zamanı mebel və mətbəx şkafının qapılarının açılmaması üçün onlar qıfıllanmalı və ya kilidlənməlidir. Ağır əşyalar, qaz balonları və suqızdırıcılar möhkəm bərkidilməlidir. Pəncərənin qarşısında yerləşən yataq mebellərinin yerləri dəyişdirilməlidir. İşıqlandırma avadanlıqları tavana möhkəm bərkidilməlidir. Təhlükəli, zəhərli, yanan və partlayan maddələrə nəzarət edilməli və etibarlı yerdə saxlanılmalıdır.

Zəlzələ zamanı vacib sənədləri götürməyə də diqqət yetirmək lazımdır. Fəlakətdən sonra evinizə bir müddət girə bilməyəcəyinizi nəzərə alaraq vacib sənədlərin, o cümlədən doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, diplom, pasport, kredit kartı və digər lazım bildiyiniz sənədlərin itməməsi üçün onların surətləri əvvəlcədən çıxardılmalıdır. Həmin sənədlərin sürətlərini yaşadığınız yerdən kənarda, digər regionda yaşayan qohumlarınızda və ya münasib bildiyiniz sukeçirməyən torbada, çantada, həmçinin avtomobilin baqajında saxlaya bilərsiniz.

Zəlzələ zamanı su boruları sıradan çıxa bilər. Bu da insanların susuz qalması ilə nəticələnər. Bunun qarşısını almaq üçün su ehtiyatı yığmaq lazımdır. Yığılan su ehtiyatının qabı şüşədən olmalı, ağzı kip bağlanmalı və günəş şüalarının birbaşa düşdüyü yerdən kənarda saxlanılmalıdır. Ərzaq məhsulları da insanların gündəlik tələbatını ödəmək üçün vacib hesab olunan şərtlərdən biridir. Bir insan üçün üç günlük ərzaq tədarükü olmalıdır. Ərzaq tədarük etdikdə əsasən onun kalorisinə və daha uzun müddət saxlanılmasına diqqət yetirmək lazımdır. Ərzaq quru və qaranlıq yerdə saxlanılmalıdır.

Zəlzələ zamanı lazımi avadanlıq götürülməlidir. Zəlzələdən sonra çıxış yolunu tapmağa çalışarkən əllərinizi və ayaqlarınızı qorumalısınız. Bunun üçün çarpayınızın yanında plastik torbada fənər, əlcək, ayaqqabı saxlamalısınız.

Bütün xəbərlər Facebook səhifəmizdə