YAP mətbuatla əlaqələrə xüsusi diqqət yetirir

YAP mətbuatla əlaqələrə xüsusi diqqət yetirir

Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar jurnalistlərlə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistləri bu münasibətlə təbrik edərək Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yoldan danışıb. Bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonrakı dövrdə mətbuatda kifayət qədər peşəkar kadrlar yetişib. Qısa müddətdə çoxşaxəli, çoxistiqamətli mətbuat orqanları yaranıb. Bu gün cəmiyyətin inkişafında, söz azadlığının təmin olunmasında, insanlarda vətənpərvərlik ruhunun yüksəldilməsində media böyük rol oynayır.

Görüşdə Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində jurnalistlərin yaxın dostu ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri xatırlanıb. Qeyd olunub ki, Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı, onun problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. YAP-ın mətbuatla əlaqələrə xüsusi diqqət yetirdiyini bildirən M.Qurbanlı bu münasibətlərin mütəmadi olaraq inkişaf etdiyini vurğulayıb.

Sonra milli mətbuatın yaranmasının 142 illiyi münasibətilə jurnalistlərə mükafatlar təqdim edilib. Mükafata layiq görülənlər arasında "Səs" qəzetinin və SİA-nın əməkdaşları da var.

Bütün xəbərlər Facebook səhifəmizdə