Elmi işçilər “Yaşıl çay” fermer təsərrüfatında olublar FOTOLAR

Elmi işçilər “Yaşıl çay” fermer təsərrüfatında olublar FOTOLAR

May ayının 23-də AR Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun baş elmi işçisi, biologiya elmləri üzrə fəlsəfə doktoru Mehdi Mehdiyev və Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin əməkdaşları "Yaşıl çay" FT MMC-də olublar. SİA-nın məlumatına görə, müəssisənin rəhbəri Araz Yağubov qonaqları salamlayaraq təsərrüfat barədə ətraflı məlumat verib.

Baş tutan söhbət zamanı biologiya üzrə fəlsəfə doktoru Mehdi Mehdiyev "Torpaqlardan səmərəli istifadə yollarının təsərüfatlarda tətbiqi" ilə əlaqədar rayona gəldiklərini diqqətə çatdırıb. Bildirib ki, "Yaşıl çay" fermer təsərrüfatının iş təcrübəsi, burada əldə edilən nailiyyətlər bizimçün xüsusi maraq doğurur. Bu səbəbdən qərara aldıq ki, görülən işlərlə yerindəcə tanış olaq. Araz Yağubov indiyədək gördükləri işlər barədə məlumat verib. Qeyd edib ki, sovetlər dönəmində İstisu qəsəbəsində böyük çay təsərrüfatı mövcud olub. Lakin durğunluq illərində həmin plantasiyalar sıradan çıxıb. Hazırda ölkə rəhbərliyinin böyük diqqət ayırdığı aqrar sahə, o cümlədən çayçılıq yenidən inkişaf dövrünü yaşayır. 2006-cı ildə yaradılan "Yaşıl çay" fermer təsərrüfatının 150 hektara yaxın torpaq sahəsi vardır. 2011-ci ildən başlayaraq burada yüksək məhsuldarlığı ilə seçilən "Kolxida" sortlundan ibarət çay plantasiyaları salınıb. Hazırda 61 hektarda çay plantasiyası mövcuddur. Təsərrrüfatda 2015-ci ildən başlayaraq seçmə üsulu ilə çay yarpağı yığımına başlanıb. Keçən il 42 ha məhsul verən sahələrdən 90 ton yaşıl çay yarpağı yığılıb.

Təsərrüfat başçısı "Kolxida" sortunun "Hind-Çin" sortundan həm məhsuldarlığı, həm də yarpaqlarında kimyəvi birləşmələrin, xüsusən də tanin maddəsinin çox olması ilə fərqləndiyini diqqətə çatdırıb. O, plantasiyalara qulluq zamanı kimyəvi vasitələdən istifadə edilmədiyini, mineral gübrələr əvəzinə üzvi gübrələrdən daha çox istifadə edildiyini, bu səbəbdən də burada yetişdirilən çay yarpağının ekoloji cəhətdən təmiz olduğunu, hazırda təsərrüfatın emal sexində "Buket", "Narın", "Gül çayı", "Feyxoa çayı" və daha yüksək keyfiyyətli "Premium" və "Ekstra" növ çayların emal edildiyini, həmçinin müəssisədə Azərbaycanda ilk dəfə olaraq "Zəncəfil", "Tibet" və "Xan" çayının istehsal edilməsinin nəzərdə tutulduğunu bildirib.

A.Yağubov əlavə edib ki, təsərrüfatımız çoxprofillidir. Əsas istiqamətimiz çayçılıq və heyvandarlıq olsa da, əhalinin tələbatına uyğun olaraq digər kənd təsərrüfatı məhsulları da istehsal edirik. Fermamızda mal-qaranın sayını 21 başdan 300 başa çatdırmışıq. Həmçinin ötən ilin payızında 40 hektarda taxıl əkilib, 1,2 hektarda 10150 tut tingi olan bağ salınıb, qalan sahələrdə bostan bitkiləri becərilir. Bütün digər sahələr çayçılığı inkişafına hesablanıb.

"Cari ildə daha 50 hektar torpaq sahəsinin əkin dövriyyəsinə qaytarmaq üçün tədbirlər görürük. Bu məqsədlə meliorasiya işçiləri bizə yaxından köməklik göstərirlər.Başlıca məqsədimiz çay sahələrimizi 100 hektara çatdırmaq, əsas çay fabrikimizi tikib istifadəyə verməkdir",-deyə Araz Yağubov məlumat verib.

Sonra qonaqlar təsərüfatın çay plantasiyalarına və tut sahəsinə baş çəkib, görülən işlərlə əyani surətdə tanış olublar. Mehdi Mehdiyev təsərrüfatda həyata keçirilən tədbirləri yüksək qiymətləndirib, çay kollarının, həmçinin tut bağlarının inkişafından məmnun qaldığını və bu barədə elmi araşdırmalarında xüsusi qeyd edəcəyini söyləyib.

Qonaqlarla plantasiya önündə xatirə şəkili çəkdirilib.

Axırda qonaqlara "Yaşıl çay" FT MMC-nin istehsalı olan çay məhsulları və "Yaşıl çay" jurnalı təqdim olunub.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə