Akif Aşırlı: “Tədbirlərdə mühüm qərarların qəbulunun şahidi olacağıq”
"Bu gün Azərbaycan bütün sahələrdə özünün inkişaf mərhələsini yaşayır ki, bura media da aiddir. Bu inkişafın nəticəsidir ki, Azərbaycan noyabrın 16-18-də nüfuzlu beynəlxalq media qurumlarının toplantısına ev sahibliyi edəcək". Bunu SİA-ya açıqlamasında "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib.
O bildirib ki, Heydər Əliyev Fondu və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə keçiriləcək tədbirlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkə jurnalistikasının beynəlxalq standartlara uyğunlaşdırılması prosesində ən yaxşı nəticələrin əldə olunmasına xidmət edəcək.
Onun sözlərinə görə, toplantıların gedişatına əsasən, beynəlxalq media qurumları ilə yerli media qurumları arasında müxtəlif sənədlər də imzalana bilər: "Hesab edirəm ki, sözügedən tədbirlərdə mühüm qərarların qəbulunun şahidi olacağıq. Ölkəmizin ev sahibliyi etdiyi bütün təşkilatlar kimi bu tədbirlər də yüksək səviyyədə baş tutacaq. Artıq Azərbaycan dünyanı düşündürən bir çox məsələlərin, həlledici qərarların mərkəzinə çevrilib".
Qeyd edək ki, Azərbaycan noyabrın 16-18-də nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın Baş Assambleyasının birgə açılış mərasimi noyabrın 16-da Heydər Əliyev Mərkəzində olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB