YAP Nizami rayon təşkilatının fəalları Heydər Əliyev Mərkəzində olublar

Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının fəalları və rayon məktəblərinin şagirdləri Heydər Əliyev Mərkəzində olublar. SİA-nın məlumatına görə, ziyarətçilərə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, mərkəz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin, Heydər Əliyev Mərkəzi Azərbaycanın tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.

Qeyd olunub ki, mərkəz dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilib. Nadir memarlıq nümunələrindən biri olan və çoxfunksiyalılığı ilə seçilən Heydər Əliyev Mərkəzi artıq dünya memarlığı siyahısına daxil edilib. Burada rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, muzey Ümummilli Liderin 90 illik yubileyi ərəfəsində istifadəyə verilib. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət muzeydə Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolu Ulu Öndər barədə maraqlı faktlar, foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Burada materiallar iki paralel kontekstdə verilir. Ziyarətçilərə Ümummilli Lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılır. Muzeyin "Şəkillərə həkk olunan ömür", "Azərbaycanın ictimai-siyasi həyatı", "Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz" bölmələrində Ulu Öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual təqdim edilir. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir.

Qonaqlar muzeydə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıblar.

Qeyd edilib ki, muzeyin ən maraqlı bölmələrindən biri də Ulu Öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda Ulu Öndər Heydər Əliyevin dövlət başçıları ilə görüşlərinin və Ümummilli Liderə təqdim edilən hədiyyələrin fotoları əks olunur. Bundan əlavə, zalda Ulu Öndərin hərbi və mülki geyimləri, o cümlədən onun iş masası da sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır.

Mərkəzlə tanışlıq qonaqlarda zəngin təəssürat doğurub.

Bütün xəbərlər Facebook səhifəmizdə